25 dekabr 2017 22:30
902

Gəncə Avtomobil Zavodunun Türkiyədə filialı açılacaq

“Gəncə Avtomobil Zavodu” (GAZ) İstehsalat Birliyi ilə Çexiyanın “Tatra” şirkəti arasında əməkdaşlıq memorandumu bağlanıb. Yaxın günlərdə isə “Aqrolizinq” ASC ilə zavod arasında 1000 traktor və 700 traktor qoşqusunun yığımı ilə bağlı müqavilə imzalanacaq.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyində ilin yekunlarına həsr edilmiş yığıncaqda çıxış edən istehsal müəssisəsinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Xanlar Fətiyev məlumat verib.

Yığıncaqda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbiri açan “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev istehsal müəssisəsinin fəaliyyət imkanları və qarşıda duran vəzifələr haqqında məlumat verərək bildirib ki, gələn il Türkiyədə GAZ-ın filialının açılışı nəzərdə tutulur.

Hazırda Türkiyə və Gürcüstanda nümayəndəliklərinin fəaliyyət göstərdiyini deyən Xanlar Fətiyev gələn il Gəncə traktorlarının Türkiyədə yığılmasını və müəssisənin texnikalarının üçüncü ölkələrdə satışını təşkil etməyi planlaşdırdıqlarını diqqətə çatdırıb.

İstehsalat Birliyində yaradılan şəraiti və görülən işləri yüksək qiymətləndirən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev zavodun fəaliyyətini və şəhərin iqtisadi inkişafına verdiyi töhfələri təqdir edib, bunu gərgin və yorulmaz əməyin nəticəsi adlandırıb.

Prezident İlham Əliyevin bu ilin noyabrın 10-da Nizami yurduna səfərindən danışan Elmar Vəliyev bildirib ki, daim inkişaf edən Gəncədə 2018-ci ildə uşaq bağçaları, “Gəncəçay” park-bulvar kompleksinin sağ sahili, “Süni Mərmər və Qranit İstehsalı” müəssisəsi, kərpic zavodu və başqa obyektlər tikilib, istifadəyə veriləcək.

Gəncə Avtomobil Zavodu ilə əməkdaşlığın ilbəil gücləndiyini deyən Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç müəssisədə yığılan avtomobillərin, traktorların və digər kənd təsərrüfatı texnikalarının hər iki ölkənin maşınqayırma sənayesinin və iqtisadiyyatının inkişafına töhfə olacağını deyib.

Sonra səfir Gennadi Axramoviçə Gəncə ilə Qomel şəhərləri arasında qardaşlıq münasibətlərinin inkişaf etdirilməsinə və Gəncə Avtomobil Zavodunun fəaliyyətinin genişləndirilməsinə verdiyi töhfələrə görə şəhər icra hakimiyyəti başçısının sertifikatı təqdim olunub.

Yığıncağın sonunda zavod işçiləri Gəncə şəhərinin ictimai həyatında və sosial-iqtisadi inkişafında səmərəli fəaliyyətlərinə görə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının fəxri fərmanları ilə təltif ediliblər.