14 iyun 2024 00:21
280

XİLASKAR

«Əmin ola bilərsiniz ki, Azərbaycanın sükanı etibarlı əllərdədir… ölkəmizin müstəqilliyini göz bəbəyimiz kimi qoruyacağıq, Azərbaycanın müstəqilliyini daimi edəcəyik» sözlərini həyatda qanı, canı bahasına gerçəkləşdirən Ümummilli Lider Heydər Əliyev müasir Azərbaycanın xilaskarı, Ümummilli Lider adını tərcümeyi –halında qızıl hərflərlə əbədiləşdirdi. Müdrikliyin əlamətlərini onların qabiliyyət dərəcəsi baxımından fərqləndirənlərin dəyərlər sisteminə görə liderlik üçün təşəbbüs vərdişi, fərqli düşüncə əsasdır. Dahilik insanın intellektual keyfiyyətidir. Atributları isə ağıl, zəka, təfəkkür, hikmət və fikirdir. Dahilər ona görə «tarixiləşirlər» ki, Tanrının onlara verdiyi bu «sərvətləri» ehtiyatla, düşünülmüş, dövrün tələbinə uyğun, eyni zamanda milyonlara xeyir verəcək səviyyədə «xərcləyirlər.» Bu keyfiyyətləri siyasi və şəxsi həyatında yaşadan, təkmilləşdirən Ulu Öndər Heydər Əliyev xalqı arxasınca apara bilmək qabiliyyətini çoxillik dövlətçilik təcrübəsi ilə möhürləmişdi. Ulu Öndərin liderlik formulunun dünyada özünü doğrultduğunu təsdiqləyən amil isə tanınmış ictimai-siyasi xadimlərin Heydər Əliyev haqqında söylədikləri sözlər, siyasətinə verdikləri dəyərdir.

SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini işlədiyi müddətdə belə ağlı, zəkası, dövlətçilik təcrübəsi ilə başqa millətlərdən olan həmkarlarını heyrətləndirən Heydər Əliyev haqqında tanınmış telejurnalist Andrey Karaulov 1995-ci ildə yazırdı: «Əliyevin çox güclü fantastik yaddaşı var. Bunu tam ciddi deyirəm: o, öz yetmişillik həyatının hər bir gününü ən xırda detallarına qədər xatırlayır, hər şey onun yadındadır.» Bacarıqlı natiq, bütün nitqləri proqram xarakteri daşıyan və dövrünün ən istedadlı ictimai-siyasi xadimi kimi dəyərləndirilən Heydər Əliyevi müasirləri beynəlxalq miqyaslı siyasətçi adlandırırdılar. SSRİ-nin sabiq xarici işlər naziri Andrey Qromıko Baş nazirin müavini kimi ən məhsuldar kadr olaraq maraq doğuran Heydər Əliyevin bacarığını bu sözlərlə qiymətləndirirdi: «O, MK üzvlərinin əksəriyyətinə xas olan tərbiyəsizlik, həyasızlıq yüngül xasiyyətlilik kimi keyfiyyətlərdən uzaq idi… Öz-özümə düşündüm: «Sovet İttifaqını idarə etmək üçün məhz belə cavan və enerjili rəhbər gərəkdir. Bu keyfiyyətlər Heydər Əliyevdə var.» «Mən görkəmli dövlət xadimi Heydər Əliyevin müdrik zəkasına inanıram və bilirəm ki, onun rəhbərliyi altında Azərbaycan öz müstəqilliyini daha da möhkəmləndirəcək və əbədi edəcəkdir. Heydər Əliyevin uzaqgörən siyasəti xalqı və ölkəni firavanlığa, sürətli inkişafa gətirib çıxaracaqdır» söyləyən tanınmış amerikalı siyasətçi Henri Kissincerin sözləri həyatda təsdiqini tapan gerçəkliklərin bir nümunəsidir.

«Həyatın mənası insanın çox və yaxud az yaşamasından ibarət deyil. Onun əsas mənası bu həyatda öz yerini tutmaq, mövqeyini müəyyən etmək, ləyaqət göstərmək və başqaları üçün nümunə olmaqdır» söyləyən Ulu Öndər canından artıq sevdiyi Azərbaycanı təhlükələrdən qorumaqla, tərəqqi yoluna çıxarmaqla xalqımızın qəlbində əbədi yaşarlıq haqqını qazandı. Buna görə də insanlar bu inamdadırlar ki, adı Azərbaycanla qoşa çəkilən Ulu Öndər xalqımız üçün əbədiyyət simvolu, xilaskar, milyonların taleyini düşünən qətiyyətli sərkərdə olduğunu siyasi iradəsi ilə təsdiqləyib.

Hadisələri irəlicədən görmək qabiliyyətinə malik oduğunu həyatının müxtəlif dönəmlərində uzaqgörən siyasəti ilə « sınaqdan çıxaran», 20 Yanvar hadisələri zamanı fərdi pensiyaçı kimi Azərbaycanın Moskvadakı Nümayəndəliyinə gələrək Bakıya yeridilən qoşunları respublikamızın suverenliyinə təcavüz adlandıran, SSRİ rəhbərliyində əyləşən günahkarların cəzalandırılmasını tələb edən Ulu Öndərin cəsarətindən ehtiyatlanan SSRİ-nin ilk və sonuncu prezidenti M. Qorbaçov siyasi xadim Heydər Əliyevin qətiyyətini ikinci dəfə sovetlərin saxlanılması naminə keçirilən İttifaq müqaviləsi ilə bağlı keçirilən referenduma etiraz zamanı hiss etdi.

«Qurtuluşun siyasi, iqtisadi, mənəvi məntiqi qüdrətli Azərbaycandır» söyləyən Ulu Öndər daim yüksək qiymətləndirilən bacarığını, siyasi iradəsini, qətiyyətini 1990-cü ildə doğma Vətəninə, Azərbaycana qayıdışı ilə də təsdiqlədi. Sovetlər dövründə respublikaya rəhbərliyinin ilk mərhələsində Azərbaycanı keçmiş İttifaqın inkişaf etmiş, Qırmızı Bayraqlar ölkəsinə çevirən müdrik şəxsiyyət Heydər Əliyev varlığımız üçün təhlükə yaradan 1993-cü il hadisələrinin qarşısını almaqla müstəqilliyimizi əbədiləşdirdi.

1993-cü ildə baş verən hadisələrin əsas səbəbkarı olan AXC-Müsavat cütlüyü Azərbaycanı dağılmaq, parçalanmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Təcrübəli kapitanı olmayan, tufanda yolunu itirən gəmi kimi çalxalanan Azərbaycanı məhvə aparan, rəhbərlik iqtidarında olmayanların hakimiyyəti zəbt etməsi, yalnız öz mənafelərini qoruması ölkədə hakimiyyətsizlik, özbaşınalıq mühiti yaratmışdı. Bu vəziyyətdən istifadə edən «polkovnik» Surət Hüseynovla iqtidarın «aparıcı simaları» olan Əli Kərimli, İsa Qəmbər, Pənah Hüseynov və başqaları arasında yaranan qarşıdurmadan əziyyət çəkən insanlar təlaş içərisində idilər. Ölkə iqtisadiyyatı iflic olduğundan əhalinin sosial vəziyyəti, həyat tərzi dözülməz idi. Daxili qarşıdurmalar, separatçılıq hərəkatının başlanması, müstəqilliyimizi istəməyənlərin ölkəmizdə sabitliyin pozulması üçün etdikləri müdaxilələr nəticəsində Azərbaycanın gələcək taleyi sual altında idi. Hadisələrin əsl mahiyyətini öyrənmək üçün Naxçıvana üz tutan, o zaman muxtar respublika Ali Məclisinin Sədri Heydər Əliyevdən nicat gözləyənlərin sayı artırdı. Bacarıqsız, dövlətçilik işində naşı olduqlarını hər addımları ilə bildirən AXC-Müsavat iqtidarının səriştəsiz rəhbərlərini də qıcıqlandıran insanların Ulu Öndərə böyük ümid bəsləmələri, sonsuz inamları idi. Heydər Əliyev kimi güclü, qətiyyətli, zəngin dövlətçilik təcrübəsinə malik böyük şəxsiyyətlə müqayisədə gücsüzlüklərini etiraf etməyə cəsarətləri çatmasa da təxribatlarla, təhdidlərlə, fiziki təsirlərlə xalqın ümid yeri olan Heydər Əliyevi devirmək üçün yollar axtaranlar özlərinin yaratdıqları bohranların burulğanında çabalayırdılar. AXC-Müsavat cütlüyünün xəyanət planlarında Ulu Öndərin həyatına sui-qəsd etmək niyyətləri də var idi. Amma xalqın Liderinə sonsuz inamı, etimadı səriştəsizlərin mənfur niyyətlərindən daha qüdrətli, qarşısıalınmaz güc idi. Beləcə xalq Liderini qorudu.

…Cəncə hadisələrindən xoflanaraq «vəzifələrini donduranlar», Surət Hüseynov kimi bir adamın qarşısında «ağ bayraq» qaldıranlar torpaqlarımızı işğal edən Ermənistanın silahlıları qarşısında acizliklərini etiraf etməyə məcbur qaldılar. Çıxış yolu isə təcrübəli dövlət xadimi Heydər Əliyevdən kömək istəmək idi. İyunun 8-də sabiq Prezident Əbülfəz Elçibəy Naxçıvan MR Ali Məclisinin Sədri Heydər Əliyevə zəng vuraraq bildirmişdi ki, təhlükə qarşısında olan Vətəni xilas etmək üçün siz Bakıya gəlməlisiniz. Lakin Ulu Öndər onsuz da təhlükədə olan Naxçıvanı tərk etmək istəmirdi. Buna görə də AXC-Müsavat iqtidarının Naxçıvana göndərdiyi təyyarə geri qayıdır.

Prezident İlham Əliyev o dövrdə yaranan təhlükəni bu sözlərlə xarakterizə edib: «Əfsuslar olsun ki, Azərbaycan rəhbərliyində olan qüvvələr 1991-1993-cü illərdə ölkəmizi lazımi səviyyədə idarə edə bilməmişlər. Onların üzərinə düşən yüksək məsuliyyəti dərk etməmişlər və gənc müstəqil dövləti demək olar ki, idarəolunmaz vəziyyətə salmışdılar. 1991-1993-cü illərdə Azərbaycanda yaşanan xoşagəlməz hadisələr, hallar ölkəmizin müstəqilliyini sual altına qoymuşdur. Xüsusilə 1992-ci ildə AXC-Müsavat cütlüyünün dövlət çevrilişindən, hakimiyyətin güc yolu ilə zəbt edilməsindən sonra vəziyyət daha da ağırlaşdı. Ölkəmizdə xaos, anarxiya, özbaşınalıq hökm sürürdü. AXC-Müsavat hakimiyyəti talançılıqla məşğul idi. Torpaqlarımız işğal altına düşmüşdür və bununla bağlı çoxsaylı qaçqınlar-köçkünlər yaranmışdır. AXC-Müsavat hakimiyyəti qardaş qanı axıtdı, vətəndaş müharibəsinə start verdi və bu, xalqımızın böyük faciəsi idi.» O dövrü tariximizin qara ləkəsi, rüsvayçılıq illəri adlandıran Prezident İlham Əliyevin vurğuladığı kimi Azərbaycan xalqı antimilli hakimiyyətə yalnız bir il dözə bildi. O günlərdə Azərbaycanın taleyi həqiqi mənada sual altında idi. Ölkə iqtisadiyyatı iflic olduğundan əhalinin sosial vəziyyəti, həyat tərzi dözülməz idi. Daxili qarşıdurmalar, separatçılıq hərəkatının başlanması, müstəqilliyimizi istəməyənlərin sabitliyin pozulması naminə etdikləri müdaxilələr, Ermənistanın silahlı birləşmələrinin torpaqlarımızı işğalı xaos yaratmışdı.

1993-cü ilin 9 iyununda xalqın təkidli tələbinə, tarixə «91-lər» kimi yazılan ölkə ziyallıarının müraciətinə cavab olaraq, Azərbaycanın müstəqilliyini qorumaq üçün Bakıya qayıdan, Gəncədə baş verən qiyamın əsl səbəblərini öyrənmək üçün hadisə yerinə gələn, parlamentin 15 iyun tarixli sessiyasında Ali Sovetin Sədri seçilən, qısa müddətdən sonra, 3 oktyabr 1993-cü ildə keçirilən prezident seçkilərində ümumxalq etimadını qazanaraq respublikaya rəhbərliyə başlayan müdrik şəxsiyyət Heydər Əliyev dövlətçilik təcrübəsinə arxalanaraq xalqın itirilən inamını özünə qaytardı.

Ali Sovetin sessiyasındakı tarixi nitqində söylədiyi «Biz Azərbaycanda demokratik müstəqil respublika quraraq sivilizasiyalı cəmiyyət uğrunda mübarizə aparapaq, ümumi dünyəvi bəşəri dəyərlərin hamısından istifadə etməliyik. Biz çalışmalıyıq ki, Azərbaycan uzun illərdən, əsrlərdən sonra, ilk dəfə müstəqilliyini aldıqdan sonra bütün dünyaya öz tarixi nailiyyətlərini, öz milli ənənələrini nümayiş etdirə bilsin. Güman edirəm ki, Azərbaycan xalqının bu barədə həm tarixi, həm müasir potensialı olduqca böyükdür. Bunların hamısından səmərəli istifadə olunarsa, Azərbaycan həm tam müstəqil demokratik bir dövlət olacaq, həm də bizim cəmiyyətimiz tam demokratik hüquqi, ümumbəşəri dəyərlərin əsasında qurulan demokratik bir cəmiyyət olacaq. Bunun üçün bizim həm elmimiz, həm mədəniyyətimiz, həm tarixi ənənələrimiz, həm dini mənbəyimiz olan İslam dini - hamısı birlikdə çox böyük əsas yaradır. Vəzifəmiz bundan ibarətdir ki, bunlardan səmərəli istifadə edək» sözlərini sonrakı illərdə xalqın gücü ilə reallaşdırdı. Bildirdi ki, Azərbaycan on illərlə, yüz illərlə bu torpaqda yaşayan bütün insanların Vətəni olub, bundan sonra da Vətəni olmalıdır. Ən ümdə vəzifə kimi torpaqlarımızın işğaldan azad edilməsini qarşıya qoyan Ulu Öndər bu sahədə də müdriklik göstərdi, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün var gücü ilə çalışdı. Ordu quruculuğu istiqamətində apardığı islahatları ilə müdafiə qüdrətimizin möhkəm, etibarlı təməlini qoydu. Böyük fəlakətlər qarşısında olan Azərbaycan naminə hamını birliyə səslədi. Bəzi dairələrdə özü haqqında süni sürətdə yaradılan qərəzli sözləri xalqı parçalamaq naminə aparılan təxribat adlandıran Ulu Öndərin «Mən Naxçıvandan bura özüm gəlməmişəm. Məni bura dəvət eləyiblər, məndən dəfələrlə İsa Qəmbər, Pənah Hüseynov və Azərbaycanın prezidenti Əbülfəz Elçibəy xahiş eləyiblər ki, gəlim burda bir vəzifə tutum, bərabər bu məsələlərin həll olunmasında iştirak edim. Neçə gündür ki, mənimlə danışıqlar gedir. Mən bu vəzifələrdən imtina etmişəm. Bu gün də imtina edirəm. Ona görə də mən hiddətlənirəm ki, bəzi adamlar, on gündür ki, Azərbaycan bərbad vəziyyətdədir, barmaq-barmağa vurmayıblar, Azərbaycandan kənarda gəzirlər, kabinetlərdə cürbəcür işlərlə məşğul olurlar, indi də başlayıblar işarə verməyə ki, kimsə kreslo tutmaq istəyir» sözlərində bütün Azərbaycan xalqının rəyi, istəyi ifadə olunurdu.

Ulu Öndərin ətrafında sıx birləşən xalq etibar etdiyi Azərbaycanın müstəqilliyini 1994- 1995-ci illərdə baş verən qiyamların, dövlətçiliyə qəsd cəhdlərinin də qarşısını siyasi iradəsi ilə alan Ulu Öndərin ətrafında daha sıx birləşdi. Azərbaycan inkişaf yoluna qədəm qoydu. 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra müstəqil respublikanın Prezidenti kimi Azərbaycana rəhbərlik edən Heydər Əliyevin əsas tarixi xidməti «Əsrin müqaviləsi» təşəbbüsünü reallaşıdırması oldu. 1994-cü ildə Ermənistanla müharibə şəraitində yaşayan Azərbaycanın «qeyri-sabit, riskli ölkə» kimi tanındığı bir zamanda dünyanın ən iri maliyyə korporasiyalarının, neft şirkətlərinin Azərbaycana sərmayə yatırması neft strategiyasının müəllifi Ulu Öndər Heydər Əliyevin şəxsi nüfuzunun dünyada təsdiqinin ifadəsi idi. Neft gəlirlərindən səmərəli , şəffaf istifadə üçün yaradılan Azərbaycan Respublikası Dövlət Neft Fonduna toplanılan vəsaitin ölkə iqtisadiyyatının inkişafına, sosial sahələrdə aparılan islahatlara yönəltməklə əhalinin güzəranının yaxşılaşdırılması Ulu Öndərin dövlətçilik təcrübəsinin nəticəsi idi. 1993-cü il tariximizdə həm də inkişafa aparan dönüş mərhələsi olmuşdur. «Əslində, bizim müstəqil tariximiz o ildən başlamışdır. Çünki 1991-1993-cü illərdə müstəqillik formal, şərti xarakter daşıyırdı. Azərbaycan demək olar ki, xaricdən idarə olunurdu. Biz hamımız bunu yaxşı bilirik. Ona görə Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyevi Azərbaycanın dövlət müstəqilliyinin banisi, Azərbaycan dövlətinin qurucusu kimi tanıyır və bu, tarixi həqiqətdir» söyləyən cənab İlham Əliyevin vurğuladığı kimi, o çətin günlərdə ölkəni ağır vəziyyətdən çıxaran Ulu Öndərin müəyyənləşdirdiyi inkişaf konsepsiyası, strategiyası nəticəsində Azərbaycan düzgün seçim etdi. Azərbaycan xalqı sözün əsl mənasında öz taleyinin sahibi olduğun hiss etdi. Ulu Öndərin yorulmaz fəaliyyəti, tükənməz səyi nəticəsində dövlətçiliyin əsasları qoyuldu, Konstitusiyası qəbul edildi, milli ideologiyamız , azərbaycançılıq məfkurəsi, təfəkkürü formalaşdı. Biri-birini tamamlayan siyasi, iqtisadi islahatlar aparıldı, demokratik inkişafla bağlı önəmli qərarlar, qanunlar qəbul edildi. İqtisadi sahədə liberallaşma prosesi həyata keçirildi. «Biz demokratik , dünyəvi, sivilizasiyalı dövlət quraraq, bütün bəşəri dəyərlərdən istifadə edərək, ümumbəşəri dəyərlərin xalqımız üçün və milli mentalitetimiz üçün, mənəviyyatımız üçün uyğun cəhətləri götürüb tətbiq edərək heç vaxt dinimizən, adət –ənənələrimizdən ayrıla bilmərik və imtina edə bilmərik» söyləyən Ulu Öndər Heydər Əliyev ölkəmizin bazar iqtisadiyyatı, demokratiya yolu ilə dünya birliyinə inteqrasiyasını əsas inkişaf istiqaməti kimi müəyyənləşdirdi. «Bizim bütün təbii sərvətlərimiz xalqa məxsusdur və bu sərvətlərdən istifadə olunmasında heç kəsin müstəsna haqqı yoxdur…1994-cü ildən Azərbaycan dövləti özünün yeni strategiyasını həyata keçirir və bu strategiyanın da əsas mənası, əsas prinipləri Azərbaycanın zəngin təbii sərvətlərindən Azərbaycan xalqının rifahı naminə daha da səmərəli istifadə etməkdən ibarətdir» sözünü «Əsrin müqaviləsi»nin imzalanması ilə təsdiqlədi. Yuxarıda qeyd olunduğu kimi, irimiqyaslı enerji, nəqliyyat layihələri ilə qitələri birləşdirən Azərbaycan Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi neft strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində zəngin karbohidrogen ehtiyatlarına malik ölkə statusunu genişləndirdi. Cənub Qaz Dəhlizi, TANAP, TAP Ulu Öndərin şəxsi nüfuzu sayəsində reallaşdırılan neft strategiyasının, «Üç dəniz əfsanəsi»nin davamçılarıdır. Bu günlərdə Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – «Caspian Oil&Gas»” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – «Caspian Power» sərgilərinin təşkili Ulu Öndərin neft strategiyasının şaxələnməsi, Avropa ölkələrinin təbii qaza ehtiyatının daha təhlükəsiz ödənilməsi üçün inşa olunan interkonnektorlar bu siyasətin genişlənən coğrafiyasının hüdudsuzluğunun göstəricisidir. «Avropalılar guman etməsinlər ki, dünyəvilik ancaq onlara məxsusdur, başqalarında ola bilməz» söyləyən Ulu Öndərin «Azərbaycan dünyaya Günəş kimi doğacaq» istəyi artıq həqiqətə çevrilib. Azərbaycan ən möhtəşəm beynəlxalq təşkilatlarda təmsil olunur, dünya siyasətinə təsir imkanları artır. BMT-nin, Avropa Şurasının, ATƏT-in, Qoşulmama Hərəkatının üzvü, Cənubi Qafqazın lider ölkəsi kimi tanınan Azərbaycan dünyada söz sahiblərindən biri kimi böyük nüfuz qazanıb. Tək-tək ölkə başçılarının söyləyə biləcəyi, aforizmə çevrilən «Sözümüz imzamız qədər dəyərlidir!» ifadəsinin qətiyyətini siyasi iradəsi və əzmi ilə təsdiqləyən Prezident İlham Əliyevin həmkarları arasında belə böyük nüfuz qazanması Azərbaycanın siyasi, iqtisadi, diplomatik uğurlarının beynəlxalq səviyyədə dəstəklənməsidir. Dünya Azərbaycanlılarının I Qurultayını keçirməklə türk birliyinin, İslam həmrəyliyinin təməlini qoyan Heydər Əliyevin öndərliyinin nəticəsidir ki, bu gün ölkəmiz Türk Dövlətləri Təşkilatının aparıcı siması kimi səyini əsirgəmir. Ərəb ölkələri ilə əməkdaşlığını genişləndirən Azərbaycanın cari ildə COP29-a sədrliyinin beynəlxalq aləmdə yekdilliklə dəstəklənməsi ölkəmizin enerji diplomatiyasının uğuru, Orta Dəhliz layihəsindəki əsas iştirakçılardan olması nəqliyyat infrastruturunda artan imkanlarının, rolunun ifadəsidir.

Azərbaycanı demokratiya yolu ilə inkişafını dövlət siyasətinin əsas istiqamətləri kimi müəyyənləşdirən Ulu Öndər üçün ən ümdə məsələlərdən biri də Ermənistanın işğal etdiyi torpaqlarımızın azad edilməsi idi. O dövrdə keçmiş Sovetlər məkanında Gürcüstanda, Moldovada ərazi ilə bağlı münaqişələr olsa da Qarabağ probleminin ilk olaraq beynəlxalq səviyyəyə çıxarılması sərkərdə Heydər Əliyev qətiyyətinin, siyasətinin, iradəsinin böyük uğuru idi. 1994-cü ildə ATƏT-in Lissabon sammitində 53 ölkənin dövlət başçısı (Ermənistandan başqa) Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı təklifə səs verdi. Onun siyasəti, dünyada artan nüfuzu sayəsində dünya ictimaiyyəti Ermənistanın Azərbaycana qarşı işğalçılıq faktını tanıdı. Azərbaycanın müstəqilliyinin əbədiliyi naminə canından keçməyə hazır olduğunu bildirən Ulu Öndər Heydər Əliyev üçün torpaqlarımızın bütövlüyünün qorunması ən müqəddəs borc idi. Dünya siyasətçiləri arasında sayılıb-seçilən bu dahinin beynəlxalaq aləmdə nüfuzu möhkəmləndikcə Azərbaycana maraq da artırdı.

… 1992-ci ilin oktyabrında ABŞ Konqresinin qəbul etdiyi «Azadlığa dəstək aktı»nın 907-ci maddəsinə düzəliş Ulu Öndəri narahat edirdi. Prezident kimi 1997-ci ildə Vaşinqtona səfər edən Heydər Əliyev amerikalı həmkarı Bill Klintonla ədalətsiz qərarın ləğvi ilə bağlı müzakirələr aparıb bəyanat imzalansa da sənədin həyata keçirilməsi baş tutmadı. Səbəb qəbuledilməz təklif idi. ABŞ 907-nin ləğvi üçün Azərbaycan- Ermənistan sərhədinin hansısa ərazisində işğalçılara ticarət üçün imkan yaradılmasını təklif edirdi. Ulu Öndərin bu təklifə cavabı belə oldu: «Azərbaycan indiyədək 907-ci maddə ilə yaşamışdır, bundan sonra da yaşayacaq.» Eyni qətiyyət 1998-ci ildə Rusiya tərəfindən irəli sürülmüş «ümumi dövlət» təklifinə qarşı da göstərildi. ABŞ-ın və Fransanın da dəstəklədiyi bu təklifə rədd cavabı verildi. Qüdrətli dövlətlərlə müqayisədə kiçik bir ərazidə yerləşsə də məğrurluğunu, müstəqilliyini saxlayan Azərbaycan heç bir dövlət qarşısında əyilməzliyini Ümummilli Liderin simasında beynəlxalq ictimaiyyətə bəyan etdi. Bildirildi ki, Azərbaycanın daxili işlərinə müdaxiləyə heç zaman yol verilməyəcək. Eyni siyasətin davam etdirildiyini « Azərbaycan tamamilə müstəqil daxili və xarici siyasət yürüdür, daxili işlərinə bütün müdaxilə cəhdlərini effektiv şəkildə neytrallaşdırır» ifadəsi ilə bildirən Prezident İlham Əliyevin Sərəncamı ilə respublikamızda 2023-cü ilin «Heydər Əliyev İli» elan olunması Ulu Öndərə vəfa borcu, varislik nümunəsi idi. İkinci Qarabağ müharibəsində qazandımız Zəfər, Şuşada, Xankəndidə, Xocalıda… işğaldan azad edilmiş bütün ərazilərimizdə dalğalanan Dövlət Bayraqlarımız Ulu Öndərin vəsiyyətinin gerçəkləşməsi, xalqımızın müstəqilliyimizin əbədi qarantı Ümummilli Lider Heydər Əliyevin xidmətlərinə verilən dəyərdir. «2020-ci il 8 noyabr tarixdə əbədi qalacaq. O gün mənə, bax, bu meydandan Şuşanın azadlığı ilə bağlı hərbi raport veriləndən sonra, bu binanın üstünə Bayrağımız qaldırılandan sonra atamın məzarını ziyarət etdim və ürəyimdə dedim ki, «Tapşırıq yerinə yetirildi. Məruzə edir Ali Baş Komandan İlham Əliyev!» söyləyən Prezident İlham Əliyev bir daha təsdiqlədi ki, estafet etibarlı əllərdədir. Azərbaycanın müstəqilliyi əbədi, sarsılmaz və dönməzdir!

Azərbaycanı özü qədər inandığı davamçısı cənab İlham Əliyevə etibar etməklə daha bir tarixi missiyasını yerinə yetirən Ulu Öndər qurucusu olduğu ölkəmizin gələcəyinin parlaq olacağına əmin idi. Heydər Əliyev siyasi məktəbini davam etdirən Prezident İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycanın dinamik inkişaf istiqamətləri zamanın tələbinə uyğun, yeni keyfiyyət və kəmiyyət baxımından təkmilləşdirildi. Dünya siyasətinə uyğunlaşdırıldı. Çox keçmədi ki, Azərbaycanın adı güclü, qüdrətli dövlətlərlə eyni sırada çəkildi. «Biz tam müstəqil siyasət aparırıq. Bizim siyasətimiz milli maraqlar üzərində qurulubdur. Azərbaycan xalqının maraqları bizim siyasətimizin mənbəyidir, onun əsasıdır. Kənardan bizim siyasətimizə təsir etmə imkanları sıfıra bərabərdir» söyləyən cənab İlham Əliyevin səyinin, siyasi iradəsinin nəticəsidir ki, Azərbaycan dünyanın iqtisadi sistemində öz mövqelərini gücləndirir, beynəlxalq aləmdə çox böyük nüfuza malik ölkə kimi tanınır. Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı getdikcə artır. Tarixi hadisələr də göstərir ki, Ulu Öndər Heydər Əliyev ideyaları Azərbaycanı qüdrətli dövlət kimi tanıdır. O ideyalar ki, bu gün Onun layiqli varisi, siyasi məktəbinin yetirməsi Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir.

Xuraman İsmayılqızı, «İki sahil»