13 iyun 2024 19:43
203

BTQ: Kanak xalqının və müstəqillik tərəfdarlarının indiki bütün nümayişləri qanuni hesab edilir

Kolonializmdən qurtulmaq fundamental hüquqdur və biz, öz xalqı üçün daha yaxşı və layiqli gələcək arzu edən xalqlara dəstəyimizi ifadə edirik və Bakı Təşəbbüs Qrupu olaraq bildiririk ki, Kanak xalqının müstəqilliyi uğrunda ədalətli mübarizəsini dəstəkləməyə davam edəcəyik.

“İki sahil” xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov “Dekolonizasiya, beynəlxalq diplomatiya və müasir dünyada kommunikasiyanın rolu” mövzusunda dəyirmi masa müzakirələri və mətbuat konfransında deyib.

"Biz Kanak xalqı ilə tam həmrəy olduğumuzu bəyan edərək, onların seçki qanunvericiliyinin Kanak xalqının iradəsinə zidd dəyişdirilməsinə qarşı ədalətli mübarizəsini dəstəkləməklə bərabər, Fransa hakimiyyəti tərəfindən təklif olunan düzəlişlərin ləğv olunmasını tələb edirik", - BTQ rəsmisi bildirib.

O qeyd edib ki, kanak xalqının Müstəqillik əldə edənə qədər dəstəklənməsi beynəlxalq hüquqa, beynəlxalq təşkilatların qəbul etdiyi müvafiq sənədlərinə, xüsusilə 1960-cı il dekabrın 14-də yenicə suverenlik əldə etmiş ölkələrin təşəbbüsü ilə BMT Baş Assambleyasnın “Müstəmləkə ölkələrinə və xalqlarına müstəqilliyin verilməsi haqqında Bəyannamə” adlı 1514 (XV) saylı qətnaməsinə müvafiq olaraq bir öhdəlikdir. Bu baxımdan Kanak xalqının və müstəqillik tərəfdarlarının indiki bütün nümayişləri qanuni hesab edilir.

"Biz Fransanı kolonial siyasətini dayandırmağa və Kanak xalqının öz müqəddəratını təyin etmək hüququnun təmin olunmasına çağırırıq!

Biz bütün müvafiq beynəlxalq və qeyri-hökumət təşkilatlarını, media resurslarını Yeni Kaledoniyadakı real vəziyyəti, insan hüquqları pozuntularını dünya ictimaiyyətinə çatdırılmasını davam etdirməyə çağırırıq", - A.Abbasov vurğulayıb.