Muxtar respublikada payız suvarma mövsümünü mütəşəkkil keçirmək, torpaq mülkiyyətçilərinin suvarma suyuna olan tələbatını yaxşılaşdırmaq, yeni torpaq sahələrini əkin dövriyyəsinə daxil etmək, şoranlaşmanın qarşısını almaq məqsədilə müvafiq tədbirlər görülüb. Noyabr ayında 19 kilometr torpaq və beton kanal, 34 kilometr ara arxları, 3 kilometr kollektor lildən təmizlənib, 2 kilometrə yaxın yeni suvarma xətti çəkilib.
Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yaşayış məntəqələrini və əkin sahələrini sel sularının zərərli təsirindən qorumaq məqsədilə Arpaçay, Naxçıvançay və Cəhriçay vadisində selə qarşı 2 kilometr istiqamətləndirici bənd tikilib.
Naxçıvan Muxtar Respublikası əhalisinin içməli su təminatını yaxşılaşdırmaq üçün yeni içməli su xətlərinin çəkilişi davam etdirilib, kaptaj və içməli su xətlərində təmir-bərpa işləri həyata keçirilib. Noyabr ayında 2 kilometrdən artıq yeni içməli su xətti çəkilib, 7 kilometr içməli su xəttində təmir-bərpa işləri aparılıb.
“Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” layihəsi çərçivəsində Şərur rayonunda 410 metr su xətti çəkilib, 818 ədəd ev birləşməsi aparılaraq sayğac quraşdırılıb. Həmçinin rayonda 1552 metr kanalizasiya şəbəkəsi də çəkilib, 1092 ev kanalizasiya şəbəkəsinə qoşulub.