15 iyun 2024 01:15
281

Biz elə bir güclü ordu yaratmışıq ki...

Etibarlı, güclü, Vətənini, torpağını müdafiə etməyə qadir silahlı qüvvələri olmayan ölkənin müstəqilliyi də etibarlı ola bilməz

Respublikamızda ixtisaslaşmış hərbi təhsilin əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulub. Azərbaycanda birinci dəfə hakimiyyətə gəldiyi zaman Ulu Öndər Heydər Əliyevi düşündürən əsas məsələlərdən biri də azərbaycanlı gənclərin orduya hazırlanması və hərbi məktəblərə cəlb edilməsi idi. Hələ Sovet imperiyasının ən sərt dövründə Heydər Əliyev Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Liseyi yaratdı. Bu gün gənclərin təhsil aldıqları xüsusi təyinatlı təhsil müəsissəsinin əsası 1971-ci ildə Ümummilli Liderimiz Heydər Əliyevin təşəbbüsü və uzaqgörən siyasəti nəticəsində qoyulmuşdur. Məhz Heydər Əliyevin səyləri nəticəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə qəbulu, eləcə də keçmiş SSRİ-nin digər hərbi məktəblərində güzəştli şərtlərlə təhsil almaları mümkün oldu. Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanın siyasi rəhbərliyinə  qayıtması ilə vahid komandanlığa tabe olan ordu quruculuğu istiqamətində zəruri addımlar atıldı. Ümummilli Lider 1998-ci il mayın 22-də Əlahiddə Azərbaycan Korpusunun yarandığı günün – 26 iyun tarixinin Azərbaycanda Silahlı Qüvvələr Günü elan olunması barədə Sərəncam imzaladı. 1999-cu il fevralın 20-də isə Ulu Öndər Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzalamaqla, hərb sahəsində milli kadr ehtiyatının formalaşması prosesini keyfiyyət etibarıilə yeni inkişaf mərhələsinə qaldırdı. Ulu Öndər Heydər Əliyev hər zaman qeyd edirdi ki, etibarlı, güclü, Vətənini, torpağını müdafiə etməyə qadir silahlı qüvvələri olmayan ölkənin müstəqilliyi də etibarlı ola bilməz. Odur ki, dahi şəxsiyyətin siyasi kursunun əsasını məhz Azərbaycan Ordusunu davamlı olaraq gücləndirmək təşkil edirdi.

Ölkəmizdə sonrakı mərhələdə müasir texnika və peşəkar kadrlarla təchiz olunmuş ordu quruculuğu siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Məhz Prezident, Ali Baş Komandan İlham Əliyevin bu ali diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi. Təsadüfi deyil ki, nüfuzlu “Global Fire Power” mərkəzinin 55 göstərici əsasında hazırladığı hesabatda Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada ilk əlli ordu sırasında yer aldı.

Ordumuzun nailiyyətlərinə qısa nəzər salsaq görərik ki, hələ 2016-cı ilin 2  aprel tarixində Ermənistan ordusunun təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Tərtər rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Azərbaycan Ordusu dördgünlük aprel döyüşləri ilə xalqımıza yenidən qələbə sevinci yaşatdı.

Daha bir uğur Aprel döyüşlərindən iki il sonra - 2018-ci ilin mayında Günnüt zəfəri ilə qazanıldı. Bu uğurlu əməliyyat nəticəsində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Beləliklə də, Əlahiddə Ümumqoşun Ordunun müdafiə zolağının ön xəttinin dövlət sərhədi boyu əlverişli mövqelərə irəli çəkilməsi əməliyyatı uğurla nəticələndi, qarşıya qoyulan məqsədə nail olundu.

Nəhayət, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci ilin 27 sentyabr tarixində Ermənistan ordusunun təxribatlarına cavab olaraq  əks-hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində düşmən üzərində Qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Döyüşlərdə bir addım da geri çəkilməyən Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vuraraq, 44 gün ərzində - noyabrın 9-dək 5 şəhəri, 4 qəsəbəni və 300-dək kəndi işğaldan azad etdi. Ötən il sentyabrın 19-da başlayan lokal xarakterli antiterror tədbirləri isə cəmi 23 saat ərzində uğurla tamamlandı. Xüsusi olaraq qeyd etmək lazımdır ki, həm Vətən müharibəsində, həm də antiterror tədbirlərində mülki əhali və infrastruktur ziyan çəkmədi. Bütün bu kimi faktlar ordumuzun yüksək səviyyəsindən, o cümlədən də hərbçilərimizin peşəkarlığından xəbər verir.

Postmüharibə dövründə də ölkəmizdə müasir ordu quruculuğu siyasəti uğurla davam etdirilir. Bu fəaliyyət bir neçə istiqamətdə aparılır. Yüksək səviyyəli peşəkar hərbçi kadrların hazırlanması da bu mənada diqqət mərkəzindədir. Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə 2022-ci ildə Milli Müdafiə Universiteti yaradılıb. Milli Müdafiə Universitetinin başlıca vəzifələrindən biri Azərbaycan Ordusunda ali hərbi təhsilin bütün səviyyələri və əlavə təhsil proqramları üzrə ixtisaslı kadrlar hazırlamaqdır. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 mart tarixli Fərmanı ilə “Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı”nda dəyişikliklər edilib. Silahlı Qüvvələrin Hərbi Akademiyası təhsil müəssisəsi kimi ləğv olunub, onun maddi-texniki bazası əsasında iki müstəqil institut yaradılıb. Bunlar Hərbi Elmi Tədqiqat İnstitutu və Hərbi İdarəetmə İnstitutudur. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi fəaliyyətini Heydər Əliyev adına Hərbi İnstitut kimi davam etdirir. Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi, Cəmşid Naxçıvanski adına Hərbi Lisey və Heydər Əliyev adına Hərbi Lisey də Milli Müdafiə Universitetinin tabeliyinə verilib.

Ordumuzun yüksək hazırlıqlı zabit, gizir-miçman, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları və mülki heyətlə keyfiyyətli komplektləşdirilməsi istiqamətində vacib işlər aparılır. Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində ehtiyat zabit hazırlığı, gizir hazırlığı və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlanması üçün mütəmadi olaraq toplanışlar keçirilir, xarici ölkələrin qabaqcıl təcrübələri öyrənilir, mənimsənilir və ölkəmizin hərbi maraqlarına uyğunlaşdırılaraq Azərbaycan Ordusunda tətbiq olunur.

Prezident İlham Əliyevin “Gənclərin hərbi sahədə təhsil almasının təşviq edilməsi ilə bağlı tədbirlər haqqında” 2023-cü il 14 dekabr tarixli Fərmanı ordumuzun peşəkar kadrlarla təchizatına geniş imkanlar açır. Sənədə əsasən Milli Müdafiə Universitetinin tabeliyində Bakı Hərbi Kolleci, Gəncə Hərbi Kolleci və Naxçıvan Hərbi Kolleci Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən yaradılmışdır. Sənəddə qeyd olunub ki, 2024–2025-ci tədris ilindən başlayaraq təhsil almaq üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki ali təhsil müəssisəsinin bakalavriat səviyyəsinə, o cümlədən bakalavriat səviyyəsinin hazırlıq kursuna və hərbi kolleclərə qəbul olunmuş kursantlar üçün 500 (beş yüz) manat, hərbi liseylərə qəbul olunmuş kursantlar üçün 300 (üç yüz) manat məbləğində birdəfəlik ödəmə təsis edilsin. Fərmana əsasən 2024–2025-ci tədris ilindən başlayaraq bəhs olunan sənədlə nəzərdə tutulan təhsil müəssisələrində təhsil alan kursantlara müvafiq məbləğlərdə aylıq ödəmələr veriləcək. Fərmanda digər güzəştlər də nəzərdə tutulub. Həmçinin Nazirlər Kabinetinə “Gənclərin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almalarına dair 2024–2033-cü illər üçün Tədbirlər Planı”nın layihəsini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb.

Bir sözlə, Azərbaycan Ordusunun inkişafının müasir mərhələsində hərbi elm və təhsil sahəsində aparılan işlər qoşunlarda yüksək döyüş hazırlığının təmin edilməsinə, zabit, gizir, miçman və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının vətəni, xalqı və Prezidentinə hədsiz sədaqətinin və daima peşə hazırlığının inkişaf etdirilməsinə və tapşırılmış işə yüksək məsuliyyət hissi ilə yanaşmasına yönəlmişdir.

Nigar Orucova, “İki sahil”