Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan ölkələrin neft hasilatının azaldılması ilə bağlı öhdəliyə əməletmə səviyyəsi noyabrda 112 faiz olub.
AZƏRTAC xəbər verir ki, bu barədə OPEC və qeyri-OPEC üzrə Nazirlərin Birgə Monitorinq Komitəsi və OPEC Texniki Komitəsi məlumat yayıb. Bildirilir ki, OPEC və qeyri-OPEC ölkələri öz hasilatlarında apardıqları düzəliş ilə sazişə öhdəlikdə ən yüksək səviyyəyə çatıblar. Noyabrda OPEC-ə üzv və qeyri-OPEC ölkələrinin neft hasilatının azaldılmasına dair öhdəliyə əməletmə səviyyəsi 112 faiz olub.
Xatırladaq ki, bu il noyabrın 30-da Vyanada baş tutan OPEC Nazirlər Şurasının 173-cü və OPEC ölkələrin 3-cü iclasları çərçivəsində neft hasilatının azaldılmasına dair sazişin müddətinin daha 9 ay - 2018-ci ilin sonunadək uzadılması barədə qərar qəbul olunub. OPEC və qeyri-OPEC ölkələrinin bu yeni razılaşmasına Azərbaycan da qoşulub.
Bu il mayın 25-də isə OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEC və qeyri-OPEC dövlətləri arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunmuşdu.
Qeyd edək ki, cari ilin noyabr ayı ərzində Azərbaycan üzrə gündəlik neft hasilatı 790,7 min barrel olub. Bunun 735,8 min barrelini xam neft, 54,9 min barrelini kondensat təşkil edib. Gündəlik 643,4 min barrel xam neft, 54,9 min barrel kondensat, 15 min barrel isə neft məhsulları ixrac edilib. Neft hasilatının azaldılması üzrə sazişə müvafiq olaraq Azərbaycan hasilatı sutkada 35 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi növbəti dəfə də tam yerinə yetirib. Respublika üzrə gündəlik neft hasilatı yanvar ayı ərzində 793,9 min barrel, fevralda 776,4 min barrel, martda 733,3 min barrel, apreldə 781,1 min barrel, mayda 785,3 min barrel, iyunda 793,7 min barrel, iyulda 796,7 min barrel, avqustda 734,8 min barrel , sentyabrda 785,7 min barrel, oktyabrda isə 800,6 min barrel təşkil edib.