21 dekabr 2017 14:36
1022

Bakı-Tbilisi-Qars dəmir yolu xətti turizm sektoruna da təkan olacaq

Azərbaycan dünyanın turizm ailəsində özünəməxsus mövqeyə malikdir. Hazırda ölkəmizdə 300-ə yaxın turizm şirkəti və 570-dən çox yerləşdirmə obyektləri fəaliyyət göstərir. Respublikamızda restoranlar şəbəkəsi də yüksək səviyyədə inkişaf edib. 2011-ci ilin ölkədə “Turizm ili” elan edildiyi vaxtdan indiyədək yaradılan infrastruktur eyni vaxtda minlərlə turisti qəbul etməyə imkan verir.

Bu gün fəxrlə demək olar ki, Azərbaycanın turizmdən gəliri ildən-ilə artır. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata əsasən, cari ilin 11 ayı ərzində ölkəmizə gələn xarici vətəndaşların sayı 2 477 908 nəfər olub. Onlardan 790 258-i Rusiya Federasiyası, 488 269-u Gürcüstan, 340 702-si İran, 275 147-si Türkiyə, 87 215-i Birləşmiş Ərəb Əmirlikləri, 58 259-u İraq, 53 583-ü Ukrayna, 32 644-ü Səudiyyə Ərəbistanı, 351 831 nəfəri isə digər ölkələrin vətəndaşları olub. Xarici vətəndaşlar ölkəmizə daha çox iyul ayında gəliblər ki, bu da 313 515 nəfər olub. Bəhs olunan dövr ərzində ölkəmizə gələn xarici vətəndaşların ümumi sayında Rusiya, Gürcüstan, İran, Türkiyə və BƏƏ vətəndaşlarının xüsusi çəkisi daha çox olub və müvafiq olaraq 31,8 faiz, 19.7 faiz, 13.7 faiz, 11.1 faiz və 3.5 faiz təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il əsas artım tempi göstərən ölkələr İran, BƏƏ, Rusiya olmuşdur. Belə ki, bu il İrandan 117 556, BƏƏ-dən 44 558, Rusiyadan 105 020 nəfər daha çox şəxs gəlib. 2016-cı ilin 11 ayında Azərbaycana gələn xarici vətəndaşların sayı 2 064 224 nəfər, noyabr ayında isə 169 427 nəfər olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin 11 ayında Azərbaycana 413 684 (20%) nəfər, yalnız noyabr ayında isə 31 877 (18.8%) nəfər çox xarici vətəndaş gəlib.

“2009-2018-ci illərdə Azərbaycan Respublikasında kurortların inkişafı üzrə Dövlət Proqramı” respublikamızda istifadəsiz qalan turizm-kurort obyektlərinin bərpasına və yenilərinin yaradılmasına təkan verib. Azərbaycanda ölkəyə daha çox turistin cəlb olunması üçün müxtəlif tədbirlər həyata keçirilir. Ölkə başçısının “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 1 sentyabr 2016-cı il tarixli Sərəncamı bu sahənin gələcək inkişafı üçün yeni mərhələ açır.

Şərqlə Qərbi birləşdirən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin istifadəyə verilməsi tarixi bir hadisədir. Bu nəqliyyat marşrutu təkcə Azərbaycan və region dövlətləri üçün deyil, ümumiyyətlə, qlobal əhəmiyyət daşıyır. BTQ regionun ən böyük layihəsidir və Azərbaycan üçün həm siyasi, həm iqtisadi, həm də strateji baxımdan önəmlidir. Layihə qeyri-neft sektorunun inkişafına və iqtisadiyyatın şaxələnməsinə böyük töhfə verəcək. Bakı-Tbilisi-Qars dəmir yolu xətti, həmçinin turizm sektoruna da təkan verəcək.

Təsadüfi deyil ki, BMT-nin Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun açılması Azərbaycana turist axınının artırılması üçün əlavə imkan verəcək”: “Çünki qatarla səyahət macəradır və bundan əlavə, qatar transmilli marşrutları birləşdirən ideal nəqliyyat vasitəsi sayılır. Məsələn, “Eurorail” bir çox səyyahların yalnız imkanlarının açılmasına deyil, həm də onların düşüncəsinin dəyişməsinə səbəb olub. Azərbaycanın mühüm geostrateji mövqeyi ölkədə dəmir yolu turizminin gələcək inkişafına kömək edə bilər.”

Milli Məclisin deputatı Cavid Osmanov qəzetimizə açıqlamasında bildirdi ki, 2017-ci ildə ölkəmiz üçün əlamətdar hadisələrdən biri də inamlı inkişaf yolu tutan, öz inkişafına görə regionun lider dövləti olan Azərbaycanın təşəbbüsü ilə XXI əsrin layihələrindən olan Bakı-Tbilisi-Qars dəmir yolunun təntənəli açılış mərasiminin keçirilməsi oldu: “Bakı-Tbilisi-Qars dəmir yolunun siyasi və iqtisadi önəmi kifayət qədər böyükdür. BTQ dəmir yolu iqtisadiyyatla bərabər, qeyri-neft sektorunun bir qolu olan turizmin də inkişafına müsbət təsir göstərə bilər. Yeni yaranan nəqliyyat xətti həmin nəqliyyat üzərində olan tarixi, turistik yerlərin turizm potensialının canlandırılması baxımından effektə malikdir. Ümumiyyətlə, BTQ dəmir yolu öz xətti üzrə, Qara dəniz bölgəsinə gedən turistlərin hərəkətinin, o cümlədən Azərbaycan ərazisində BTQ istiqamətində olan stansiyalara yaxın ərazilərdə turizminin canlandırılması baxımından bir fürsətdir. Bu işdə turizm şirkətlərinin üzərinə böyük məsuliyyət düşür. BTQ dəmir yolundan turizmin bir çox sahələri üzrə yararlanmaq olar.”

C.Osmanov qeyd etdi ki, BTQ dəmir yolu xətti turizmin inkişafında müəyyən rol oynayacaq: “Bu da nəticədə ölkəmizə gələn və respublikamızdan gedən turistlərin sayında müsbət mənada özünü göstərəcək. Ümumiyyətlə, BTQ dəmir yolu xətti hər üç ölkənin turizm sektorunda əlaqələrin inkişafında mühüm rol oynaya bilər. Eyni zamanda bu marşrutdan digər Asiya ölkələrinin turistləri də Azərbaycana, Gürcüstana, Türkiyəyə gəlmək üçün istifadə edə bilərlər.”

Orxan Vahidoğlu, “İki sahil”