21 iyun 2024 17:55
232

Moskvada MDB İqtisadi Şurasının iclası olub

Moskvada keçirilən MDB İqtisadi Şurasının iclasında MDB-nin iştirakçı dövlətləri arasında iqtisadi əməkdaşlığın geniş spektri məsələləri nəzərdən keçirilib.

“İki sahil” xəbər verir ki, iclasda ölkəmizi MDB İqtisadi Şurasının üzvü, Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov təmsil edib.

Nümayəndə heyətlərinin rəhbərləri MDB məkanında iqtisadi qarşılıqlı fəaliyyətin aktual məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçukun sədrliyi ilə keçirilən tədbirdə MDB İqtisadi Şurasının üzvü, Belarus Baş nazirinin müavini İqor Petrişenko, MDB İqtisadi Şurasının həmsədri, Tacikistan Baş nazirinin birinci müavini Hokim Xolikzoda və başqaları iştirak ediblər.

İclas iştirakçıları MDB ölkələrinin 2023-cü il üçün iqtisadi inkişafının əsas məqsədyönlü makroiqtisadi göstəriciləri haqqında məlumatı dinləyib və MDB Hökumət Başçıları Şurasının 20 noyabr 2013-cü il tarixli Qərarı ilə təsdiq edilmiş elmi-texniki informasiya sahəsində kadrların hazırlanması, onların peşə hazırlığı və ixtisasının artırılmasının dövlətlərarası sisteminin formalaşdırılması və inkişafı Konsepsiyasına dəyişiklik edilməsi barədə qərar qəbul ediblər.

MDB İqtisadi Şurasının növbəti iclasının 2024-cü il sentyabrın 20-də Moskva şəhərində keçirilməsi planlaşdırılıb.