23 iyun 2024 10:05
358

Blinkenin təklifi və... - ŞƏRH

Hazırda Qərb,  xüsusilə Fransa Cənubi Qafqazda gərginliyi artırmağa çalışır və bunun üçün dəridən-qabıqdan çıxır. Elə bu ölkənin Ermənistanı silahlandırmaqda davam etməsi bunu bir daha təsdiq edir. Ara-sıra populist bəyanatlar səsləndirən Ermənistanın baş naziri Nikol Paşinyan da Azərbaycanın sülh təşəbbüslərini cavablandırmaq əvəzinə Fransanın diktəsi, əmr və çağırışları ilə oturub-durur. Digər tərəfdən hələ də Ermənistan konstitusiyasından sülhə əngəl olan, daha doğrusu,  işğalçılıq siyasətini, torpaq iddiasını rəsmi təsbit edən müddəalar çıxarılmayıb. (Ermənistan konstitusiyası dünyada analoqu olmayan konstitusiyadır ki, orada başqa dövlətlərə qarşı ərazi iddiasını əks etdirən məqamlar əksini tapıb). Şübhəsiz, elə bu məsələyə də biganəlik Qərbdən gəlir. Bütün bunlarla da Ermənistan müxtəlif bəhanlərllə sülh danışıqlarını uzatmaqda davam edir.

Yəqin ki, belə bir vəziyyətdən ABŞ Dövlət katibi Antoni Blinken də halidir. Amma nədənsə o, iyunun 20-də Prezident İlham Əliyevlə telefon danışığı zamanı bu kimi məqamlara toxunmayıb. Sadəcə, Ermənistan və Azərbaycan arasında sülh gündəliyinin irəlilədilməsi baxımından əldə olunmuş nəticələri təqdir edərək ABŞ-ın iki ölkə arasında münasibətlərin normallaşdırılması prosesinə dəstəyini davam etdirməyə əzmli olduğunu vurğulayıb və tərəfləri tezliklə sülh müqaviləsini imzalamağa dəvət edib. Başqa sözlə desək, Ermənistanı bu istiqamətdə zəruri islahatlar aparmağa məcbur etməkdənsə, rəsmi Bakıya potensial işğalçı ilə tələm-tələsik sülh sazişini imzalamaq təklifini verib.

Amma yaxşı olardı ki, bu cənab Ermənistanı silahlandırmaqda davam edən Fransaya öz kəskin etirazını bildirəydi. Yaxşı olardı ki, Ermənistanı Azərbaycan torpaqlarını işğal və ilhaq etməyi nəzərdə tutan konstitusiyasına əl gəzdirməyə təşviq edəydi. Halbuki, son günlər Blinkenin rəhbərlik etdiyi qurumun nümayəndələri Ermənistana mütəmadi səfərlər edir, müəyyən görüşlər keçirirlər. Amma həmin görüşlərin heç birində sülh üçün önəmli olan bu məsələlərdən söz açmırlar. Sadəcə, ümumi şəkildə sülhdən danışmaqla kifayətlənirlər. Yeri gəlmişkən qeyd edək ki, Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevin göndərdiyi təbriki də elə həmin notlar üzərində köklənmişdi.

Görünür, elə bu səbəbdən də Prezident İlham Əliyev ABŞ-ın sülh gündəliyinə töhfə vermək əzmini yüksək qiymətləndirməklə yanaşı, Ermənistanda konstitusiya, müvafiq qanunlar və ölkədaxili normativ-hüquqi aktlar əsasında Azərbaycana qarşı olan ərazi iddialarına son qoyulmasının sülh gündəliyinin irəli aparılması baxımından vacibliyini qeyd edib. Dövlətimizin başçısı, həmçinin artıq keçmişin qalığı olan münaqişə səhifəsinin tamamilə bağlanması üçün qeyri-funksional olan ATƏT-in Minsk qrupu və onunla bağlı olan bütün institutların fəaliyyətinə rəsmən xitam verilməsinin vaxtının çoxdan yetişdiyini də Blinkenə xatırladıb.

Fikrimizcə, bu məqamda Prezident İlham Əliyevin aşağıdakı fikirlərini də xatırlatmaq yerinə düşər: “Ermənistan-Azərbaycan prosesi ilə bağlı onu deyə bilərəm ki, biz hesab edirik, bir neçə açıq olan məsələ hələ də qalmaqdadır. Onlardan biri Ermənistanın konstitusiyasıdır ki, orada Azərbaycana qarşı ərazi iddiaları var. İkincisi, Ermənistanın Azərbaycana və Türkiyəyə qarşı əsassız ərazi iddialarına son qoyulmalıdır. Təbii ki, biz artıq bunu Ermənistan tərəfinə təklif etmişik ki, Azərbaycan və Ermənistan ATƏT-ə birgə müraciət etsin ki, Minsk qrupu ləğv edilsin. Minsk qrupuna heç bir ehtiyac yoxdur, o, indi fəaliyyət göstərmir. Biz onun fəaliyyət göstərməsinə de-fakto imkan verməyəcəyik. Qaldı ki, de-yure - hüquqi cəhətdən bu, ləğv edilsin və bu, Ermənistanın nə qədər səmimi olmasından xəbər verəcək. Əgər Ermənistan Minsk qrupunun saxlanmasına üstünlük versə, deməli, onların bizə qarşı ərazi iddiaları davam edir”.

Qeyd edək ki, telefon danışığı əsnasında ölkələrimiz arasında ali səviyyədə məktub mübadilələri, nümayəndə heyətlərinin qarşılıqlı səfərlərindən məmnunluq ifadə edilib, həmçinin insan hüquqları və demokratiya, ölkələrin daxili qanunlarının aliliyinə hörmət kimi məsələlərə dair fikir mübadiləsi də aparılıb.

Qvami Məhəbbətoğlu, “İki sahil”