20 dekabr 2017 19:38
581

Hava gəmilərinə nəzarətin yeni prinsipləri dərc olunub

BMT-nin himayəsi ilə hava gəmilərinə avtomatik nəzarəti təkmilləşdirməyə şərait yaradan yeni prinsiplər qəbul edilib. Bizim dövrümüzdə səmada eyni vaxtda 59 min təyyarə uça bilir.

AZƏRTAC BMT-nin Xəbərlər Mərkəzinə istinadla bildirir ki, ekspertlərin fikrincə, bu təyyarələrin uçuşlarına peyklərin köməyi ilə real vaxt rejimində nəzarət etmək mümkündür.

Avtomatik nəzarətin yeni beynəlxalq standartları Beynəlxalq Elekton Rabitə İttifaqının (BERİ) himayəsi ilə işlənib hazırlanıb. Bu standartlar aviasərnişinlərin və heyət üzvlərinin, həmçinin aviatrasın keçdiyi ərazilərin sakinlərinin təhlükəsizliyini təmin edəcək.

Avtomatik nəzarət pilot tərəfindən əlavə müdaxilə tələb etmir. Operativ sistem zəruri məlumatları avtomatik olaraq müvafiq aviaşirkətlərin və uçuşları idarəetmə mərkəzlərinin operatorlarına ötürür, onlar da öz növbəsində, hava gəmisinin hərəkətini izləyir, uçuşda hər hansı anomaliyaları müəyyənləşdirir və zərurət yarandıqda qəza prosedurlarına başlayırlar.

BERİ-nin başçısı Houlin Çjao deyib: “2014-cü ildə Cənubi Cin dənizi üzərində Malayziya hava yollarının MH370 reysinin itməsi nəticəsində çoxsaylı insan tələfatından sonra müasir informasiya və kommunikasiya texnologiyalarının köməyi ilə uçuşlara nəzarətin möhkəmləndirilməsi sahəsində tədbirlər görülüb”.

Xatırladaq ki, söhbət 2014-cü il martın 8-də Kuala-Lumpurdan uçan Malayziya hava yollarına məxsus təyyarənin yox olmasından gedir. Həmin təyyarənin göyərtəsindəki 239 sərnişinin taleyi barədə indiyədək heç bir xəbər yoxdur.

Bu hava gəmisinin axtarışında əmələ gələn çətinliklər kommersiya aviasiyası gəmilərinin uçuşu zamanı identifikasiya və izləmə işlərinin yaxşılaşdırılmasına təkan verib.

BERİ-nin ekspertləri real vaxt rejimində hava gəmisindən məlumatların yerə ötürülməsi sistemini təkmilləşdirirlər. Bu, təkcə “qara qutu”nun məlumatlarına əsaslanmamaqla vəziyyəti öyrənməyə şərait yaradacaq.

BERİ-nin başçısının fikrincə, peyklərin köməyi ilə izləmənin yeni texniki prinsipləri insan ölümü hallarının qarşısının alınması işinə mühüm töhfə verəcək.