Saatlıda pambıq yığımı uğurla davam edir. Ötən il respublikanın pambıqçılıq rayonları arasında ən çox - 12 min ton “ağ qızıl” toplayan saatlılı pambıqçılar cari ildə də qələbə əzmi ilə çalışırlar. Respublikada məhsul toplanışına birinci başlayan pambıqçılar mövsümün əvvəlindən bu günə kimi yenə də öndə gedir, qabaqcıllığı saxlayırlar. Məhsul istehsalçıları bu günədək sahələrdən 25 min 621 tondan çox pambıq toplayaraq, qəbul məntəqələrinə göndəriblər. Tədarük olunan məhsulun 13 min 287 tonu maşınlarla yığılıb.
Rayon Kənd Təsərrüfatı İdarəsindən bölgə müxbirinə bildiriblər ki, bu il Saatlıda 17 min 220 hektar sahədə pambıq əkilib. Ötən il isə bu rəqəm 8 min 28 hektar olub. Rayonda pambıq əkini üçün əlverişli şərait olduğundan və torpaq mülkiyyətçiləri tərəfindən bitkiyə nümunəvi qulluq göstərildiyindən bu il tarlalarda bol məhsul yetişib.
Təcrübəli pambıq ustası, fermer Famil Əzimov bildirib ki, dövlətimizin başçısının qeyri-neft sektorunun inkişafına verdiyi dəstək və pambığın alış qiymətinin artırılması rayonda pambıq əkini ilə məşğul olan fermerlərin bu sahəyə marağını xeyli artırıb. Pambıqçılığın inkişafı ilə bağlı torpaq mülkiyyətçilərinə dövlət tərəfindən edilən güzəştlər, verilən əlavə subsidiyalar öz bəhrəsini verib. Bu il sahələrdən ötən ildəkindən 2,2 dəfə çox məhsul toplanılıb və hər hektarın məhsuldarlığı orta hesabla 30-35 sentnerə çatır.
Qeyd edək ki, bu il saatlılı pambıqçıları sahələrdən 27 min ton məhsul toplamağı qarşıya məqsəd qoyublar.