24 iyun 2024 15:51
257

Silahlı Qüvvələrimiz müstəqilliyimizin əbədi olmasının qarantıdır

Yaşadığımız tarix sübut etdi ki, dövlət və ordu güclü olanda ədalət bərpa olunur. Azərbaycan dövləti gücləndiyinə görə 1990-cı illərin əvvəllərində yaşadığı çətin dövrləri uğurla addımlaya bildi. Təbii ki, bu uğurların təməlində Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs dayanır. Dahi Lider Sovetlər dönəmində Azərbaycana rəhbərlik edəndə ölkəmizin yenidən müstəqilliyə qovuşacağına inanırdı. Ona görə də milli-hərbi kadrların yetişdirilməsini hər zaman diqqətdə saxlayırdı. Təəssüf ki, 1990-cı illərin əvvəllərində nizami ordunun olmaması və hərbi birləşmələrin pərakəndəliyi torpaqlarımızın itirilməsi kimi bir faciə ilə bizi qarşılaşdırdı. Amma 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev pərakəndə hərbi birləşmələri vahid komandanlıq altında birləşdirərək nizami ordunun əsaslarını yaratdı. Orduya diqqət və qayğı artırıldı.

Bu sözləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirib ki, Azərbaycan Ordusunun qarşısında mühüm vəzifələr dayanırdı. Çünki torpaqlarımız erməni işğalı altında qala bilməzdi. Prezident İlham Əliyevin Silahlı Qüvvələrimizin inkişafına xüsusi diqqət və qayğısı sayəsində Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında daxil oldu. Belə ki, 2016-cı ildə baş verən aprel döyüşləri, 2018-ci ildə keçirilmiş Günnüt əməliyyatı ordumuzun gücünün qismən nümayişi və düşmənlərimizə çox ciddi mesaj idi. Biz ordumuzun nəyə qadir olduğunu göstərməklə düşmənə ərazilərimizi tərk etməyin zamanı gəldiyini bildirdik. Amma düşmən bir nəticə çıxarmadı və 44 günlük Vətən müharibəsi başladı. Düşmənin 30 ilədək işğal altında saxlayaraq müdafiə xəttlərini qurub möhkəmləndirdiyi əraziləri ordumuz cəmi 44 günə azad etdi. Ordumuz öz gücünü döyüş meydanında sübut etdi. Bu, tarixin yeni qəhrəmanlıq səhifəsidir. Azərbaycan Ordusu milli həmrəylik və birlik simvoludur. Çünki 44 günlük Vətən müharibəsində orduda xidmət edən hər bir xalqın nümayəndəsi Şuşada üçrəngli dövlət bayrağını dalğalandırmağı özünə şərəf və qürur hesab edirdi. Düşmənlərimiz ölkədəki milli həmrəyliyi və birliyi pozmağa çalışırdı. Amma hər bir vətəndaşımızda olan Vətən sevgisini heç bir xarici qüvvə sarsıda bilmədi və “Dəmir yumruq” düşmənin başına vuruldu.

Azər Badamov bildirib ki, müharibənin başa çatmasından ötən 3 ildən artıq bir müddətdə ordumuz daha da mükəmməlləşib. Dövlət başçımızın tapşırığı ilə yaradılmış yeni komando qoşun növləri və Türkiyə Ordusu ilə mütəmadi keçirilən hərbi təlimlər Silahlı Qüvvələrimizi daha da güclü etmişdir. Azərbaycanın yerləşdiyi coğrafiyanın strateji əhəmiyyəti və təbii sərvətlərin zənginliyi düşmənlərimizin tarixən ölkəmizdə maraqlarının əsas mənbəyi olmuşdur. Bu gün Silahlı Qüvvələrimiz Azərbaycanın müstəqilliyinin əbədi olmasının qarantıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə yaradılmış milli birlik və həmrəylik, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi və hər birimizin Vətənə bağlılığı Azərbaycanı daha da gücləndirir. 26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibətilə xalqımızı təbrik edir, rəşadətli Ordumuza Vətən keçiyində apardığı şərəfli və məsuliyyətli xidmətində uğurlar arzulayıram. 

Cavid Əkbər, “İki sahil”