24 iyun 2024 18:15
464

Planetimizin yaşıl gələcəyi naminə

Azərbaycan bu ilin noyabr ayında iqlim dəyişikliyi ilə bağlı BMT-nin çox nüfuzlu tədbirinə ev sahibliyi edəcək. COP29-un keçiriləcəyi noyabr ayından sonra da ölkəmiz bu prosesdə iştirakını davam etdirəcək. Bu baxımdan, COP29-a ev sahibliyi edəcək Azərbaycan var gücü ilə hazırlaşır, yaşıl, ədalətli, inklüziv və dayanıqlı dünya naminə birliyi və həmrəyliyi gücləndirmək, planetimizin gələcəyi üçün müsbət nəticələr əldə etmək üçün səylərini əsirgəmir. 

COP29-un Təşkilat Komitəsinin üzvü, “Qadın, İnkişaf, Gələcək” İctimai Birliyinin sədri Gülşən Axundova mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bu mötəbər konfransın ölkəmiz üçün əhəmiyyətindən söhbət açdı : ” Azərbaycanda iqlim dəyişikliyinin nəticələri artıq hiss olunmaqdadır və ölkə bu təsirlərə uyğunlaşmaq üçün müxtəlif tədbirlər həyata keçirir. Bu tədbirlər ətraf mühitin qorunması, su ehtiyatlarının idarə edilməsi, kənd təsərrüfatının davamlı inkişafı və təbii fəlakətlərə hazırlıq sahələrində xüsusi əhəmiyyət kəsb edir. İqlim dəyişikliyinin nəticələrinə temperatur artımı, yağıntıların azalması və quraqlıq, su ehtiyatlarının azalması, daşqınlar və subasma daxildir. Son illərdə Azərbaycanda orta illik temperatur artmış və bu, quraqlıq və istilik dalğalarının tez-tez baş verməsinə səbəb olmuşdur. Ölkənin bəzi regionlarında yağıntıların miqdarı azalmış və bu da quraqlıq riskini artırmışdır. Bu isə xüsusilə kənd təsərrüfatı üçün ciddi problem yaradır. Azalan yağıntılar və artan temperatur su ehtiyatlarının azalmasına səbəb olmuşdur ki, bu da əhalinin içməli su ilə təminatında və kənd təsərrüfatı üçün suvarma suyunda problemlərə yol açır. İqlim dəyişikliyi səbəbindən ekstremal təbiət hadisələri, o cümlədən güclü yağışlar və daşqınlar daha tez-tez baş verir və bu da kənd təsərrüfatına və infrastruktur layihələrinə zərər vurur.”

Təşkilat Komitəsinin üzvü bildirdi ki, Azərbaycan iqlim dəyişikliyinin təsirlərini minimuma endirmək və bu dəyişikliklərə uyğunlaşmaq üçün müxtəlif tədbirlər həyata keçirir. Su resurslarının idarə edilməsi üçün suvarma sistemlərinin modernləşdirilməsi və suvarma texnologiyalarının təkmilləşdirilməsi suyun səmərəli istifadəsini təmin edir. Damcı suvarma və yağış suyu toplama texnologiyaları tətbiq edilir. Yeni su anbarları və su saxlama qurğuları tikilir ki, bu da suyun mövcudluğunu artırır.  Aqrar sektorun davamlı inkişafı üçün davamlı kənd təsərrüfatı texnikalarının tətbiqi, torpaq eroziyasının qarşısının alınması və məhsul dövriyyəsi kimi metodlar tətbiq edilir ki, bu da torpağın məhsuldarlığını artırmağa və quraqlıq dövrlərində məhsul itkilərini azaltmağa kömək edir. Quraqlığa və yüksək temperatura davamlı toxum növlərinin istifadəsi təşviq edilir. Bu toxumlar kənd təsərrüfatında iqlim dəyişikliyinin təsirlərinə daha davamlı məhsul əldə etməyə imkan verir. Meşə və yaşıllıq sahələrinin qorunması üçün meşələrin bərpası və ağacəkmə kampaniyaları həyata keçirilir. Bu tədbirlər torpaq eroziyasının qarşısını alır, karbon qazının udulmasını artırır və iqlim dəyişikliyi ilə mübarizəyə kömək edir. Yeni milli parklar və qoruqlar yaradılır ki, bu da biomüxtəlifliyin qorunmasına və ekosistemlərin davamlılığının təmin edilməsinə imkan verir. Təbii fəlakətlərə hazırlıq üçün ekstremal təbiət hadisələrinə qarşı erkən xəbərdarlıq sistemləri qurulur. Bu sistemlər əhalini və müvafiq qurumları vaxtında məlumatlandıraraq zərər riskini azaltmağa kömək edir. Daşqın və subasma risklərini azaltmaq üçün bəndlər və kanalizasiya sistemləri yenidən qurulur və gücləndirilir. İqlim dəyişikliyi və onun təsirləri haqqında ictimai maarifləndirmə kampaniyaları keçirilir. Bu maarifləndirici təvbirlər insanlara iqlim dəyişikliyinin təsirlərindən necə qorunmaq barədə məlumat verilir. Kənd təsərrüfatı işçiləri və fermerlər üçün iqlim dəyişikliyinə uyğunlaşma tədbirləri ilə bağlı təlim proqramları təşkil edilir.

Gülşən Axundovanın sözlərinə görə, Azərbaycan iqlim dəyişikliyinin təsirlərinə qarşı müxtəlif tədbirlər həyata keçirərək bu dəyişikliklərə uyğunlaşma sahəsində mühüm addımlar atır. Su resurslarının idarə edilməsi, kənd təsərrüfatının davamlı inkişafı, meşə və yaşıl sahələrin qorunması, təbii fəlakətlərə hazırlıq və ictimai maarifləndirmə kimi tədbirlər ölkənin iqlim dəyişikliyi ilə mübarizədə dayanıqlığını artırır və ekosistemlərin qorunmasına kömək edir. Bu tədbirlər Azərbaycanın iqlim dəyişikliyinin təsirlərinə uyğunlaşma qabiliyyətini artırmağa və gələcək nəsillər üçün daha davamlı bir mühit təmin etməyə yönəlib.

Yaqut Ağaşahqızı, “İki sahil”