24 iyun 2024 17:58
216

Milli Məclisdə görüş - FOTO

Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev və Milli Məclisin Braziliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Müşfiq Məmmədli iyunun 24-də Braziliya İşçi Partiyasının Beynəlxalq əlaqələr üzrə katibi Romenio Pereyra ilə görüşüblər.

 

“İki sahil” xəbər verir ki, qonağı salamlayan vitse-spiker Adil Əliyev ölkələrimiz arasındakı əlaqələrin tarixindən söz açıb, Azərbaycan-Braziliya münasibətlərinin bugünkü əməkdaşlıq səviyyəsinə yüksəlməsində hər iki dövlətin ali rəhbərlərinin rolunu vurğulayıb.

Azərbaycanın beynəlxalq humanitar təşəbbüslərindən bəhs edən Adil Əliyev ölkəmizin Qoşulmama Hərəkatına uğurla rəhbərlik etməsindən, hərəkatın Parlament Şəbəkəsinin yaradılmasından danışıb. Bu il ölkəmizdə COP-29 kimi əlamətdar tədbirin keçiriləcəyini diqqətə çatdıran vitse-spiker məhz belə möhtəşəm tədbirə evsahibliyinin Azərbaycana həvalə edilməsini ölkəmizin beynəlxalq nüfuzunun göstəricisi kimi dəyərləndirib.

Vitse-spiker Azərbaycan parlamentinin fəaliyyəti, rəhbərlik etdiyi komitənin gördüyü işlər barədə məlumat verib, Azərbaycan və Braziliya arasında parlamentlərarası əlaqələrin inkişaf perspektivləri,  beynəlxalq platformalar, o cümlədən COP-29 çərçivəsində səmərəli əməkdaşlığın qurulması və digər məsələlər barədə fikirlərini bölüşüb.

Braziliya İşçi Partiyasının Beynəlxalq əlaqələr üzrə katibi Romenio Pereyra Braziliya siyasi sistemi barədə məlumat verib, partiyasının siyasi mövqeyindən, nüfuzundan söz açıb, ölkələrimiz arasında əlaqələrin müxtəlif müstəvilərdə inkişaf etdirilməsindən danışıb.  Qonaq qarşılıqlı səfərlərin münasibətlərin inkişafındakı xüsusi rolunu vurğulayıb.

Görüşdə Azərbaycan və Braziliya arasında ikitərəfli münasibətlərin dərinləşdirilməsi, o cümlədən parlamentlərarası əlaqələrin inkişaf potensialı və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.