25 iyun 2024 16:23
289

“İTi Zəka-2” hakatonu üzrə seçimlər başa çatıb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində keçirdiyi “İTi Zəka-2” hakatonu üzrə seçimlər başa çatıb.

“İki sahil” xəbər verir ki,  iyunun 10-dək davam edən qeydiyyat mərhələsindən 14-17 yaşlı uşaqlardan ibarət 130 komanda keçib.

Sonra keçirilən onlayn görüş zamanı münsiflər heyəti tərəfindən aparılan qiymətləndirmə ilə ən yüksək bal toplayan 23 komanda finala vəsiqə qazanıb.

Hakatonun iyunun 24-də baş tutan növbəti - təlim mərhələsində isə finala vəsiqə qazanmış 23 komanda "Uşaq hüquqları", "Süni intellekt və uşaqlar", "İntellektual inkişaf", "İnformasiya təhlükəsizliyi", “Sağlam həyat tərzi”, "Ekologiya və uşaqlar", "Təqdimetmə bacarıqları" mövzularında hazırlıq təlimlərinə cəlb olunublar.

Qeyd edək ki, bu mərhələnin digər - ikinci hissəsi iyulun 2-də baş tutacaq.

İyulun 4-də keçiriləcək son mərhələ isə layihələrin təqdim edilməsi, qiymətləndirmə və mükafatlandırma hissələrindən ibarət olacaq.