28 iyun 2024 07:56
143

Üç yaşında çıxdığı Laçına üç yaşılı oğlu ilə qayıdır

"Mənim Laçından çıxarkən üç yaşım vardı. İşğal mənim Laçınlı həyatımı dondurdu. Üç yaşından məcburi köçkün həyatı yaşadım. Abşeron rayonu Pirəkəşkül kəndində, hərbi şəhərcikdə çətin həyat yaşamışıq”.

“İki sahil” xəbər verir ki, bunu Laçın şəhərinə köç edən keçmiş məcburi köçkün Möhübbət Valeh oğlu Süleymanov deyib.

Üç yaşı olanda çıxdığı Laçına üç yaşında oğlu ilə qayıtdığını deyən Möhübbət Süleymanov qeyd edib ki, ailəsi hər zaman ona Laçın barədə danışıb: “Bu gün doğma yurduma qayıdıram. Yaşım az olduğu üçün xatırlamıram, amma ailəm mənə Laçınla bağlı o qədər danışıb ki, sanki illərlə orada yaşamışam. Hər qarışı mənə doğmadır. İtirdiyimiz 32 ili bundan sonra bərpa edəcəyik, qurub-yaradacağıq. Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!".

Xatırladaq ki, bu gün Laçın şəhərinə növbəti köç karvanı yola salınıb.