18 dekabr 2017 18:16
2024

2017-ci il ölkədə iqtisadi islahatlar ili kimi yadda qalacaq

Məlum olduğu kimi, 2017-ci il ölkə iqtisadiyyatının inkişafı baxımından olduqca önəmli hadisələrlə yadda qaldı. “İki sahil” qəzetinin iqtisadiyyatımızın əsasında dayanan amillər, qeyri-neft sektorunun inkişafı, açılan yeni sənaye parklarının Azərbaycan iqtisadiyyatına töhfələri, eləcə də reallaşan qlobal iqtisadi layihələr və onların ölkəyə qazandırdığı dividentlərlə bağlı suallarını Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə cavablandırır.

- Ziyad müəllim, son illər ölkə iqtisadiyyatının sürətli inkişafının əsasında dayan amillərdən danışmağınızı istərdik. Məsələn, geridə qoymağa hazırlaşdığımız 2017-ci ili iqtisadiyyatımızın inkişafı baxımından necə dəyərləndirirsiniz?

- Bu gün Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir. Biz 2017-ci ildə də bunun canlı şahidi olduq. Təsadüfi deyil ki, cari il də Azərbaycanın dünya əhəmiyyətli, irimiqyaslı layihələrdə iştirak etməsi baxımından olduqca əhəmiyyətli bir il oldu. Bu mənada ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycanın iqtisadi inkişaf strategiyası ilə bağlı dediyi fikirlər yadıma düşür. Ümummilli Lider deyirdi ki, Azərbaycan iqtisadiyyatının inkişaf etdirilməsi üçün lazım olan hər şey var. Hər kəsə məlumdur ki, Azərbaycan olduqca əlverişli strateji bir coğrafi məkanda yerləşir. Yeraltı, yerüstü sərvətlərlə zəngin bir əraziyə malik dövlətik. Təbii ki, ixtisaslı kadrlar yetişdirməklə nəinki iqtisadiyyatımızı, eləcə də digər sahələri inkişaf etdirə bilmək iqtidarında olarıq. Ümummilli lider Heydər Əliyev Azərbaycan iqtisadiyyatının inkişaf etdirilməsi üçün gərgin əməyi və fəaliyyəti nəticəsində qarşıya qoyulan məqsədə çatdı. O, Azərbaycan iqtisadiyyatını dirçəltdi və ölkəyə valyuta axınını sürətləndirməklə bağlı istəyinə çatdı. 1994-cü ildə “Əsrin müqaviləsi” kimi qlobal layihənin əsas təşəbbüsçüsü və müəllifi oldu və bununla da göstərdi ki, Azərbaycan güclü, rəqabətədavamlı iqtisadiyyata malik olan dövlətdir. Eyni zamanda, dahi liderin 1998-ci ildə dünyanın 33 ölkəsinin ən nüfuzlu dövlət və hökumət başçılarını Bakıya dəvət etməsi, Bakıda qədim İpək yolunun bərpasına həsr olunmuş böyük Sammit keçirməsini xatırlatmaq istəyirəm. Tarixin yaddaşına qızıl hərflərlə yazılan Bakı Bəyannaməsi də məhz o Sammitdə imzalanmışdı. Yəni ölkə iqtisadiyyatını bu günə gətirib çıxarmaq asan başa gəlməmişdi. Şükürlər olsun ki, bu gün ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu güclü və sürətlə inkişaf edən Azərbaycanın iqtisadiyyatı, dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Qeyri-neft sektorunun davamlı inkişafı, neft sektorundan əldə olunan gəlirlərin insan kapitalına çevrilməsi, eləcə də mühüm sənaye parklarının yaradılması buna bariz nümunədir.

- Ölkədə həyata keçirilən qlobal layihələrdən söz düşmüşkən, ötən günlərdə açılışı reallaşdırılan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti haqqında da fikirləriniz maraqlıdır.

-Bəli, bu yaxınlarda cənab Prezidentin bilavasitə təşəbbüsü ilə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışı oldu. Əlbəttə ki, bu, təkcə Azərbaycan deyil, ümumiyyətlə, layihədə iştirak edən və etməyən bütün dövlətlər üçün lazımlı, vacib, qlobal bir layihədir. Belə bir layihəni reallaşdırmaq təbii ki, asan başa gəlmədi. Amma Azərbaycanın neft sektorundan əldə etdiyi gəlirlər, aparılan müstəqil siyasət, iqtisadiyyatın sürətli inkişafı, eləcə də daxili sabitlik və s. kimi önəmli məqamlar imkan verdi ki, Azərbaycan çətinliklər hesabına olsa da belə bir layihəni reallaşdırsın. Dəfələrlə şahidi olduq ki, beynəlxalq təşkilatlar və Azərbaycanın inkişafını gözü götürməyən bəzi qüvvələr bu layihənin gerçəkləşdirilməsində bizə nə dəstək verdilər, nə də yardım etdilər. Əksinə, biz erməni diasporu başda olmaqla bir çox beynəlxalq ermənipərəst qüvvələrin qərəzi ilə qarşı-qarşıya qaldıq. Amma nəticə ondan ibarətdir ki, Azərbaycan istəyinə nail oldu. BTQ layihəsi Azərbaycanın bu sahədə gördüyü və görmək istədiyi işlərdən sadəcə biridir. Bu gün iqtisadiyyatın inkişaf etdirilməsi üçün ölkədə lazımi maddi-texniki baza möhkəmlənir, yeni bazalar tikilir, yüklərin daşınması ilə əlaqədar olaraq müəyyən tənzimlənmə işləri aparılır, istehlak və tarif qiymətləri məsələlərinə baxılır, yüklərin daşınması üçün logistika mərkəzləri tikilir. Yəni işlər dayanmır. Düşünürəm ki, belə bir layihənin baş tutması digər qlobal layihələrin də reallaşması üçün mənbə rolunu oynayacaq.

- Neft sektorunun ölkə iqtisadiyyatının inkişaf etdirilməsindəki rolundan danışdınız. Ötən günlərdə, həmçinin tarixi bir hadisənin şahidi olduq. Azərbaycan özünün 2 milyardıncı ton neftini çıxarmağa müvəffəq oldu.

- Heç şübhəsiz, 2017-ci ilin iqtisadi inkişaf göstəricilərindən danışarkən ölkənin neft sənayesindən əldə etdiyi uğurları qeyd etməmək olmaz. Təbii ki, mühüm nailiyyətlərdən biri 2 milyardıncı ton neft çıxarılması idi. Ərazisi o qədər də böyük olmayan bir dövlətin yerin təkindən 2 milyard ton neft çıxarması görün nə deməkdir?! Xatırlatmaq yerinə düşər ki, 1 milyard ton neftin çıxarılması hadisəsi 1971-ci ildə qeydə alınmışdı. O zaman biz müstəqil dövlət deyildik. Amma Azərbaycanın qəhrəman neftçiləri fədakarlıq göstərərək bir milyard ton neft çıxarılmasına nail ola bilmişdilər. Mühüm nəticə odur ki, 2 milyard ton neftin 700 milyon tonuna qədəri  ölkənin müstəqillik dövrünə düşür. Təbii ki, bu, müstəqillik dövründə aparılan uğurlu neft siyasətinin məntiqi nəticəsidir. Müstəqilliyimizi qazanandan sonra ölkə neftinin dünya bazarlarına çıxarılması üçün ilk addımı ümummilli lider Heydər Əliyev atdı. 1994-cü ildə “Əsrin müqaviləsi” kimi qlobal əhəmiyyətli bir kontraktın imzalanması Azərbaycan neftinin dünya bazarına çıxarılması üçün atılan ilk mühüm addım oldu. Bu, elə bir dövr idi ki, o zaman Azərbaycanın vəsaiti yox idi. Ölkədə investisiya mühiti aşağı idi. Amma həmin dövrdə ümummilli lider Heydər Əliyev Azərbaycanın gələcəyinə inanırdı. Ümummilli lider Heydər Əliyev təkidlərə baxmayaraq, neft sektorunun özəlləşdirməyə çıxarılmasına imkan vermədi. O bilirdi ki, neft sektorunu özəlləşdirmək ölkənin iqtisadi təhlükəsizliyinə böyük zərbə vurmaq deməkdir. Həmin müdrik qərarın nəticəsidir ki, bu gün Azərbaycanın neft sektoru ölkənin inkişafına, müstəqilliyinə xidmət edir. Sevindirici hal həm də ondan ibarətdir ki, bu gün Azərbaycan iqtisadiyyatı neftdən asılı deyil. Ölkədə qeyri-neft sektorunun inkişafı geniş vüsət alıb və biz bu sahənin ölkə iqtisadiyyatına gətirdiyi imkanları görürük.

- Azərbaycanın inkişafını gözü götürməyən qüvvələrin antiazərbaycan siyasəti ilə tez-tez qarşı-qarşıya qalırıq. Bu təzyiqlərin səbəbini nədə görürsünüz?

-Birmənalı olaraq Azərbaycan kimi gənc, müstəqil, öz yolunu tutmuş bir dövlətin uğurları təbii ki, başqa dövlətlər tərəfindən qısqanclıqla qarşılanır. Biz bu təzyiqlərə baş qoşsaydıq yəqin ki, bu qədər sürətlə inkişaf etməzdik. Azərbaycan öz yolunu tutub və bu yolla yüksək nailiyyətlərə doğru gedir. Bu gün Azərbaycan borc alan ölkədən, borc verən ölkəyə çevrilib. Azərbaycanı gözü götürməyən qüvvələr hələ 1994-cü ildə “Əsrin müqaviləsi” imzalanan zaman deyirdilər ki, bu kontraktların perspektivi yoxdur. Amma qlobal böhranın geniş vüsət aldığı, heç bir ölkənin sabahını dəqiqliklə planlaşdıra bilmədiyi bir dövrdə Azərbaycan iqtisadi inkişafının əsasında duran neft müqaviləsinin müddətini 2050-ci ilə qədər uzatdı. Bu, bir daha göstərir ki, Azərbaycan müstəqil dövlətdir,  ölkədə qanunların aliliyi və ictimai-siyasi sabitlik var.

- Ziyad müəllim, bu yaxınlarda Milli Məclisdə gələn ilin dövlət büdcəsi ətraflı müzakirələrdən sonra qəbul edildi. Sizcə, növbəti ilin büdcəsi yuxarıda adıçəkilən layihələrin inkişafına və yeni layihələrin reallaşmasına şərait yaradacaqmı?

- Bəli, bu günlərdə  Milli Məclisdə dövlət büdcəsini müzakirə etdik. Dövlət büdcəsinin müzakirəsi onu göstərdi ki, Azərbaycan qloballaşan dünyada, risklərin artdığı bir şəraitdə, öz daxili imkanları hesabına heç bir sosial proqramı ixtisar etmədən inkişaf edən bir ölkə olmaqda davam edəcək. Sosial proqramların inkişafının daha da genişləndirilməsi üçün bu gün konkret tədbirlər həyata keçirilir. Əsasən qeyri-neft sektorunun inkişafı prioritetdir. Bunun üçün büdcədə lazımi məsələlər öz yerini alıb. Xatırlayırsınızsa, ölkə başçısı cənab İlham Əliyev çıxışlarının birində qeyd etmişdi ki, neft sektorunda bütün işlər yaxşı gedir. Orada heç bir problem yoxdur. Əsas məsələ qeyri-neft sektorunun inkişafıdır. Hər il olduğu kimi, bu il də əhalinin sosial rifah halının yaxşılaşdırılması diqqətdə saxlanılacaq.

Mənsumə Babayeva, “İki sahil”