14 dekabr 2017 14:58
518

Fındıq bağlarının sahəsi daha da genişlənir

Hazırda 10 min hektar ərazidə əkin işləri davam edir

Məlum olduğu kimi, son illər Prezident İlham Əliyevin göstərişinə əsasən, ölkədə fındıqçılığın inkişaf etdirilməsi üzrə intensiv işlər aparılır. Sahibkarlara dövlət tərəfindən dəstək göstərilir, yeni tinglər yetişdirilərək əvvəlcədən müəyyən edilmiş sahələrə əkilir. Hazırda Azərbaycanın fındıq ixracına görə dünyada 3-cü yerdə olması, ölkəyə fındıq satışından hər il 10 milyonlarla dollar məbləğində valyuta daxil olması təbii ki, bu sahədə görülən işlərin, diqqət və qayğının nəticəsidir.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevin qəzetimizə verdiyi məlumata əsasən, hazırda rayonlarda yeni bağların salınması istiqamətində işlər planlaşdırılmış şəkildə davam etdirilir. Mətbuat xidməti rəhbərinin bildirdiyinə görə, ötən müddət ərzində yetişdirilən tinglərlə 18.2 min hektar yeni bağ salınıb ki, bununla fındıq bağlarının ümumi sahəsi 55.1 min hektara çatdırılıb. M.Hacıyev onu da qeyd etdi ki, yaradılan işçi qrupları tərəfindən hazırda 10 min hektar sahədə bağların salınması işləri davam etdirilir. Bu isə o deməkdir ki, görülən işlər başa çatdıqdan sonra bağların sahəsi 65 min hektara bərabər olacaq.

Məlumdur ki, dünyada çox az ölkələrdə yetişdirildiyindən fındığa tələbat olduqca yüksəkdir. Bu isə sözügedən məhsulun qiymətinə kəskin təsir edir. Azərbaycanda da ötən il yığım ərəfəsində qiymətlər normal səviyyədə, 4-5 manat arasında olub. Bu il də yığımın ilk günlərində qiymətlər aşağı olsa da sonradan yüksəlməyə başladı. Elə avqust ayında Qax rayonunda barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində Prezident İlham Əliyev də qiymət artımının mümkünlüyünü bildirmişdi: “Keçən il fındıq satışından ölkəyə 105 milyon dollar valyuta daxil olub. Ancaq satış qiyməti aşağı olub. Məndə olan arayışda göstərilir ki, keçən il bir kiloqramının qiyməti 4,8 manat olub, 2017-ci ilin aprel ayında 6,2 manata satılıbdır. Dünya üzrə qiyməti isə hazırda bizim pulla 10 manatdır. Ona görə hesab edirəm ki, fındığın satış qiyməti ilə bağlı artım üçün imkanlar var”.

Sonda qeyd edək ki, ötən il qəbul məntəqələrində 34.3 min tona yaxın fındıq yığılıb. Bu il isə bu rəqəmin artırılaraq 40 min tona çatdırılması gözlənilir.

Taleh Bağırov, “İki sahil”