13 dekabr 2017 22:17
2196

SOCAR-ın daxili təqaüd proqramının qalibləri müəyyənləşdi

Dekabrın 13-də SOCAR TOWER-də şirkətin əsas sosial məsuliyyət layihələrindən olan Daxili Təqaüd proqramı çərçivəsində 2016-2017-ci tədris ilinin nəticələrinə əsasən təqaüd qazanmış tələbələrə təqaüd kartlarının təqdim olunma mərasimi keçirildi.Mərasimdə həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə SOCAR arasında mövcud sazişə uyğun olaraq, şirkətin struktur bölmələrində təcrübə keçmiş 24 nəfər ASAN könüllüsünə sertfikatlar da təqdim olundu. Tədbirdə SOCAR rəhbərliyinin nümayəndələri, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təmsilçiləri, ölkədə fəaliyyət göstərən ali təhsil ocaqlarının rəhbərləri iştirak etmişdir. 

Son illərdə ölkəmizdə uğurla davam etdirilən neft kapitalının insan kapitalına transformasiyası kursunun aparıcı qüvvələrindən biri də SOCAR-dır. Müasir tələblərə cavab verən, yüksək ixtisaslı, səriştəli kadrların hazırlanması şirkətin prioritetlərindəndir. Çoxsaylı sosial məsuliyyət layihələri çərçivəsində təhsilə və gənc mütəxəssislər nəslinin yetişməsinə sərmayə qoymaqla Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafına töhfə vermək məqsədi daşıyan SOCAR 2005-ci ildən təsis etdiyi Daxili Təqaüd proqramı üzrə artıq 19 müsabiqə keçirmiş, bu müsabiqələrə 21 mindən çox tələbə cəlb olunmuş, onlardan 2 minə yaxın tələbə şirkətin təqaüdünə layiq görülmüşdür. Bu illər ərzində Daxili Təqaüd Proqramının məzunu olan 209 nəfər SOCAR-ın struktur bölmələrində müsabiqədən kənar işə qəbul edilmişdir. Onlardan 93 nəfəri güzəştli şərtlər əsasında mənzillə təmin edilib. 

SOCAR-la ASAN xidmət arasındakı tərəfdaşlıq çərçivəsində 24 nəfər ASAN könüllüsü şirkətin struktur bölmələrində təcrübə keçmək şansından yararlanmış, Geofizika və Geologiya İdarəsidə, Neft Kəmərləri İdarəsində, Neftqaztikinti trestində, Qaz ixrac idarəsində, Kompleks Qazma İşləri Trestində, Əmək şəraiti normalarının işlənməsi İdarəsində, Azneft İB-də, İnformasiya Texnologiyaları və Rabitə İdarəsində və Baş ofisin İnsan Resursları Departamentində istehsalat təcrübəsi keçmişlər 

Təqdimatla çıxış edən İnsan Resursları Departamentinin nümayəndəsi Roman Süleymanov qeyd etmişdir ki, SOCAR-ın Daxili Təqaüd proqramı perspektivli gənclərə daha effektli təhsil almaq üçün səmərəli şərait yaradır. Digər tərəfdən hər il bu müsabiqənin keçirilməsi özü-özlüyündə bütün tələbələri daha çox çalışmağa, öz potensiallarını reallaşdırmağa təşviq edir. 

SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə bildirib: “Azərbaycanın müstəqilliyinin və Ulu öndər Heydər Əliyevin enerji strategiyasının təntənəsidir ki, bu gün ölkə gəncləri iqtisadi nailiyyətlərdən bəhrələnir və artıq dünyada tanınmış şirkətlərdən olan SOCAR-ın təqaüdünə layiq görülürlər. Azərbaycan, SOCAR-ın timsalında, son illərdə əldə etdiyi imkanlardan yararlanaraq, bu gün cəmiyyətimizin dayanıqlı inkişafına, bir sözlə, gələcəyimizə sərmayə qoyur. Siz gələcəyin qurucuları kimi bu gün qazandığınız nəzəri bilikləri təcrübədə tətbiq etməlisiniz. Sizin hər birinizə təhsildə və gələcək fəaliyyətinizdə uğurlar arzulayıram”. 

Tədbirdə çıxış edən SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov deyib: “Gələcəyimizə qoyulan ən dayanıqlı sərmayə Azərbaycan insanına qoyulan sərmayədir. Ölkə Prezidenti İlham Əliyev cənablarının “neft kapitalını insan kapitalına çevirək” tövsiyəsini əldə rəhbər tutaraq, gələcəyimiz olan gənclərə sərmayə qoymaqdan qürur duyuruq. Bu gün ölkəmizin ali məktəblərində təhsil alan bütün tələbələrə SOCAR-ın layihələrində iştirak etmək və çoxminli neftçi ailəsinin üzvünə çevrilmək imkanı yaradılmışdır. Bunun üçün nəzəri biliklərə yüksək səviyyədə sahib olmaq, müasir texnologiyardan istifadə etmək bacarığına yiyələnmək lazımdır. Azərbaycan iqtisadiyyatının flaqmanı SOCAR indiyə qədər olduğu kimi, bundan sonra da bu strateji istiqamətdə sərmayə yatırmaqda davam edəcəkdir”. 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev əməkdaşlığa görə SOCAR rəhbərliyinə minnətdarlığını bildirmişdir. 

Qeyd edək ki, SOCAR tərəfindən həyata keçirilən sosial məsuliyyət layihələri, gənclərin müasir elmi və təcrübi biliklərə həvəsləndirilməsi məqsədi daşıyan Təqaüd Proqramları gənclər arasında böyük rəğbət qazanıb. Daxili Təqaüd proqramı ilə yanaşı SOCAR 2006-cı ildən etibarən Xarici Təqaüd Proqramını, 2010-cu ildən isə məqsədi tələbələrin neft-qaz sənayesi üzrə təcrübi biliklərinin artırılması, şirkətin müəssisələrində real iş şəraiti ilə yaxından tanış olmaları, nəzəri biliklərinin təcrübədə tətbiqindən ibarət olan “Ödənişli Yay Təcrübəsi” Proqramını təşkil edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə SOCAR-ın strukturunda yaradılmış Bakı Ali Neft Məktəbi beynəlxalq tədris proqramı əsasında, Azərbaycanda və xaricdə həyata keçirilən beynəlxalq layihələrdə işləyə biləcək müasir biliklərə yiyələnmiş, yüksək ixtisaslı ingilisdilli mütəxəssislər hazırlayır. Qısa müddət ərzində texniki ixtisaslar üzrə ali təhsil müəssisələrinin liderinə çevrilmiş Məktəbin ilk 102 məzunu bu il müstəqil həyata vəsiqə qazanıb. Şirkətin Heydər Əliyev Fondu ilə birlikdə həyata keçirdiyi layihəsi çərçivəsində uşaq evlərində tərbiyə almış 120-dək gənc SOCAR-ın təlim mərkəzlərində müxtəlif peşələrə yiyələnərək, şirkətin strukturlarında çalışmaq imkanını qazanmış, mənzillərlə təmin olunmuşdur. 

Müasir iqtisadiyyatda gənc kadrların hazırlığı işində sosial stimullara mühüm yer verilir. Bu məqsədlə SOCAR tərəfindən sosial güzəştlər sistemi işlənib hazırlanmışdır: həm xarici, həm daxili Təqaüd Proqramlarının iştirakçıları, həm də xarici ölkələrin nüfuzlu universitetlərinin digər gənc məzunları, həmçinin uşaq evlərində böyümüş gənclər işə qəbul olunduqdan sonra onların güzəştli şərtlərlə, ipoteka kreditləri hesabına mənzillə təmin edilməsi üçün imkan yaradılır.