Baumqarten terminalındakı partlayışdan sonra Avropa ölkələrinə qaz nəqli bərpa olunub
Dekabrın 12-də Avstriyada Baumqarten qaz terminalında baş vermiş partlayışdan sonra qərb və cənub istiqamətlərində qaz terminallarında “mavi yanacaq” nəqli bərpa olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı “Gas Connect Austria” şirkəti yayıb. Məlumatda bildirilir ki, fövqəladə hallar və kriminal polis bölmələri ilə aparılan yoxlamalardan sonra İtaliya istiqamətində “Trans-Austria”, Macarıstan istiqamətində “Hungaria-Austria” və Almaniya istiqamətində “West-Austria” kəmərlərində qaz nəqli bərpa edilib. Bununla da bir sıra Avropa ölkələrinin qazla təminatında mühüm rol oynayan və Avstriyadan keçən tranzit qaz kəmərləri yenidən fəaliyyətə başlayıb. Avstriyanın ən iri neft-qaz şirkəti “OMV” tərəfindən isə terminalın tam gücü ilə iş rejiminə yenidən başlaması üçün bir neçə gün vaxt tələb olunduğu bildirilib.
Məlumatda, həmçinin qeyd edilib ki, baş vermiş partlayışın səbəbləri intensiv şəkildə araşdırılır və hazırkı vəziyyətdə qəzanın texniki səbəbdən baş verməsi ehtimal olunur.