Gələn həftə Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin Bakıya səfəri gözlənilir.
AZƏRTAC Həştərxan vilayət administrasiyasının rəsmi saytına istinadla bildirir ki, qubernator Bakıda 2018-ci ildə görüləcək işlərlə bağlı bir sıra təkliflər irəli sürəcək.
Aleksandr Jilkin deyib: “2017-ci ildə fəal inkişaf etməkdə olan “Lotos” xüsusi iqtisadi zonasında xarici biznesin ilk nümayəndələri məhz azərbaycanlı sərmayədarlar olublar. Azərbaycanın “ATEF” şirkətlər qrupu həmin zonada elektrotexniki avadanlıq istehsal edən zavod tikintisinə başlayıb. Layihəyə 1,1 milyard rubldan artıq sərmayə qoyulması nəzərdə tutulur”.
Aleksandr Jilkin xarici tərəfdaşlarla aparılan danışıqlar barədə söhbət açaraq, “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin Rusiya ilə yanaşı əsas iştirakçıları olan Hindistan və İran nümayəndələri ilə əlaqələri xüsusi vurğulayıb. Həştərxan qubernatoru qeyd edib ki, bəzi problemlərə baxmayaraq bu nəqliyyat arteriyası ilə yükdaşımaların həcmi artmaqdadır.