12 dekabr 2017 19:30
737

“Abşeron” və “Qarabağ” yataqlarının işlənməsi yeni formatda həyata keçiriləcək

“Abşeron” və “Qarabağ” yataqlarının işlənməsinin yeni formatda, beynəlxalq dəyərləndirmələr tətbiq edilməklə həyata keçiriləcək.

“Azneft” İstehsalat Birliyindən (İB) AZƏRTAC-a bildirilib ki, İB-də layihələrin idarə olunması ilə bağlı iclas keçirilib. “Layihələrin ilkin qiymətləndirilməsi və idarə olunması” mövzusunda keçirilən iclasda birliyin rəhbərliyi, şöbə rəisləri və idarələrin müvafiq mütəxəssisləri iştirak edib.

“Azneft” İstehsalat Birliyinin baş direktoru Daşqın İskəndərov bildirib ki, həyata keçirilən layihələrin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində mühüm işlər görülür və bu məqsədlə layihələrin təhlili ilə məşğul olan beynəlxalq “Independent Projects Analysis” (Layihələrin Müstəqil Təhlili) şirkəti ilə əməkdaşlıq uğurla davam etdirilir.

D.İskəndərov layihələrin dünyanın qabaqcıl şirkətləri tərəfindən qəbul olunmuş formada hazırlanmasının, hər bir layihənin mərhələli şəkildə həyata keçirilməsinin vacibliyini qeyd edib, layihələrin planlaşdırılması zamanı qəbul olunmuş beynəlxalq standartlar formasında hazırlanmasının mühüm amil olduğunu bildirib. Baş direktor “Abşeron” və “Qarabağ” yataqlarının işlənməsinin yeni formatda, beynəlxalq dəyərləndirmələr tətbiq edilməklə həyata keçiriləcəyini bəyan edib.

Sonra İB-nin strateji inkişaf və korporativ idarəetmə şöbəsinin rəisi Seymur İlyasov layihələrin hazırlanmasında beynəlxalq standartların tətbiqi barədə məlumat verib, beynəlxalq şirkətlərin təcrübəsindən bəhs edib. O, beynəlxalq standartların yerli idarəetməyə tətbiqi və yerli standartlara inteqrasiya yollarından danışıb. Bir layihənin başlanğıcından sonuna qədər detallı məlumatları özündə əks etdirən təqdimat iclas iştirakçılarının diqqətinə çatdırılıb.

D.İskəndərov bundan sonra layihələrin təqdim olunan formada həyata keçiriləcəyini bəyan edib. O, layihələrin idarə olunmasında tətbiq olunacaq yeniliklər barədə təqdimatın “Azneft” İstehsalat Birliyinin tabeliyində olan müəssisələrdə də icra olunmasına dair göstəriş verib.

Sonda iclas iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.