“Şimal axını 2” (“Nord Stream 2”) təbii qaz boru kəməri layihəsi 2019-cu ilin sonunadək başa çatdırılacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiyanın enerji nəhəngi “Gazprom” şirkəti məlumat yayıb. Bildirilir ki, “Şimal axını 2” təbii qaz boru kəməri layihəsi Avropanın aparıcı enerji şirkətlərinin dəstəyi ilə planlaşdırılan vaxtda reallaşacaq: “Layihə nəzərdə tutulan vaxtda tamamlanacaq və boru kəməri 2019-cu ilin sonunadək istifadəyə veriləcək”.
“Gazprom” layihə ilə bağlı icazələrin alındığını və beynəlxalq ətraf mühitə təsirin qiymətləndirilməsi hesabatının Almaniya, Danimarka, Finlandiya və İsveçrənin müvafiq orqanlarına təqdim edildiyini bildirib. Bu ölkələrdə təbii qaz kəmərinin müvafiq hissələrinin tikintisi üçün icazələrin alınmasına dair ərizələr də təqdim olunub.
Qeyd edək ki, 200 kilometr uzunluğundakı “Şimal axını 2” qaz kəməri Baltik dənizindən keçməklə Rusiyadan Almaniyaya ildə 55 milyard kubmetr qaz nəql edəcək gücə malik olacaq. Almaniyanın “Wintershall”, Avstriyanın “OMV”, eləcə də “Dutch Shell” şirkətləri layihənin əsas tərəfdaşlarından bəziləridir.