Strateji islahatlar Azərbaycan iqtisadiyyatında yeni mərhələnin əsasını qoydu
İqtisadi ekspert Vüqar Bayramov “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri iqtisadi islahatların konkret və aradıcıl şəkildə həyata keçirilməsinə imkan yaradacaq: “Strateji yol xəritələrinin əvvəllər qəbul edilən Dövlət proqramlarından əsas fərqi ondan ibarətdir ki, bu xəritələrdə fəaliyyətlər qruplaşdırılaraq hər bir fəaliyyətin nəticələrini ölçmək üçün konkret indikatorlar müəyyənləşdirilmişdir. Belə indikatorların müəyyənləşdirilməsi bir tərəfdən bu sahədəki proqramların icrasında səmərəliliyin müəyyənləşdirilməsinə imkan verəcək, digər tərəfdən isə dövlət qurumlarının hesabatlılığını artıracaq. Eyni zamanda, fəaliyyətlərin illər üzrə qruplaşdırılması, məsul dövlət qurumlarının və eləcə də hər bir fəaliyyət üçün tələb edilən maliyyə vəsaitinin həcminin də ayrıca qeyd edilməsi həm bundan sonrakı strateji yol xəritələrinin müasir standardlara uyğun olaraq hazırlanmasına, həm də onların səmərəli şəkildə icra edilməsinə imkan yaradacaq. Qeyd etmək lazımdır ki, dövlət başçısının tapşırığı ilə strateji xəritələrin hazırlanmasına yalnız xarici mütəxəssislər deyil, eyni zamanda yerli ekspertlər də cəlb edilmişdir ki, bu da sənədələrin Azərbaycanın iqtisadiyyatının real xüsusiyyətlərinə uyğun olaraq hazırlanmasına şərait yaratmışdır. Bu baxımdan, mən də yerli ekspert olaraq sənədlərin hazırlanmasına töhfə vermək imkanı əldə etmişdim və birmənalı şəkildə sənədlərdəki hər bir fəaliyyətin bütün keyfiyyət indikatorlarına əsasən hərtərəfli əsaslandırılması həyata keçirilmişdir”.
Strateji sənədlərin təsdiqinin Azərbaycan iqtisadiyyatında yeni mərhələnin əsasını qoyduğunu vurğulayan ekspert bildirdi ki, bu sənədlər məhz iqtisadi inkişafa nail olunması, iqtisadi çətinliklərin təsirlərinin minimumlaşdırılması ilə bağlı strateji xətt formalaşdırır: “Bu baxımdan, sənəd imkan verir ki, Azərbaycanda həyata keçiriləcək iqtisadi islahatları məhz bu strateji xəritəyə uyğun olaraq müddətli şəkildə reallaşdırmaq mümkün olsun. Nəzərə almaq lazımdır ki, islahatların həyata keçirilməsi və bütövlükdə iqtisadi inkişaf ilə bağlı fəaliyyətlər 2020-ci ilədək ayrıca qruplaşdırılır. Bu isə o deməkdir ki, milli iqtisadiyyat perspektivi üzrə Starteji Yol Xəritəsi qısa, orta və uzunmüddətli dövrləri əhatə etməklə, 2016-2020- ci illər üçün iqtisadi inkişaf strategiyası və tədbirlər planı, 2025-ci ilədək uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışından ibarətdir. Hər bir istiqamət qlobal meyilləri və dəyişiklikləri, iqtisadiyyatin 360 dərəcəli diaqnostikası və mövcud vəziyyətin GZİT təhlili, görüləcək tədbirlər, tələb olunan investisiya və əsas indikatorları əhatə edir. Sənədin əhəmiyyətli tərəflərindən biri də ondan ibarətdir ki, müddətlər üzrə nəzərdə tutulan fəaliyyətlər arasında ardıcıllıq və davamlılıq vardır. 2020-ci ilədək həyata keçirilən islahatlar və fəaliyyətlər növbəti 5 ildə reallaşacaq tədbirlər üçün baza rolunu oynayacaq. Eyni zamanda, post 2025 baxışı daha strateji olmaqla yanaşı, iqtisadi islahatların davamlılığını təmin etmək məqsədi daşımaqdadır”.
V.Bayramov, həmçinin onu da nəzərə çatdırdı ki, iqtisadi inkişafa strateji yanaşma nəticəsində milli iqtisadiyyat perspektivi çərçivəsində dörd strateji hədəf seçilmişdir: “Bu hədəflərin və 11 sektor üzrə yol xəritələrinin həyata keçirilməsi nəticəsində real və maliyyə sektorları arasında tarazlığın təmin edilməsi yolu ilə davamlı iqtisadi inkişaf mümkün olacaqdır. Starteji Yol Xəritəsi Azərbaycan üçün, eyni zamanda yeni imkanları müəyyənləşdirərək bu imkanlardan faydalanma yollarını təqdim edir. Bu isə Azərbaycan Prezidentinin iqtisadiyyatın şaxələnməsi, qeyri-neft sektorunun ixrac potensialının artırılması və eləcə də ənənəvi bazarlar ilə yanaşı, yeni bazarlara çıxış imkanlarının artırılması ilə bağlı tapşırıq və tövsiyyələrinə uyğundur. Qeyd edilməlidir ki, 11 sektor üzrə strateji yol xəritələrinin hazırlanması və təsdiq edilməsi məhz Azərbaycan iqtisadiyyatında priortitet inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinə imkan yaratmışdır. Strateji sənəddə fiskal dayanıqlığın gücləndirilməsi və davamlı monetar siyasətin qəbulu, xərc investisiya intizamının təminatı üçün mexanizmin yaradılması, yeni iqtisadi modeldə effektiv pul siyasəti rejiminin tətbiqi, maliyyə bazarının stabilləşdirilməsi, özəlləşdirmə və dövlət mülkiyyətində olan müəssisələrlə bağlı islahatlar, iqtisadiyyatda dövlət sektorunun rolunun səmərəliliyinin artırılmasına dair ümumi yanaşmanın koordinasiyası, insan kapitalının inkişafı, təhsilin bütün pillələrində keyfiyyətin yüksəldilməsi, əmək məhsuldarlığının yüksəldilməsini təmin etmək üçün insan kapitalının fasiləsiz inkişafının stimullaşdırılması, əlverişli biznes mühitinin inkişafı, təşviqedici mühitin yaxşılaşdırılması vasitəsilə biznes davamlılığının möhkəmləndirilməsi kimi hədəflər müəyyənləşdirilmişdir.
Strateji Yol Xəritəsində nəzərdə tutulan fəaliyyətlərin maliyyələşdirilməsi və onların icrasına nəzarətin həyata keçirilməsi, monitorinq üsulları ayrıca qeyd edilmişdir ki, bu da sənədin səmərəli icrası üçün geniş imkanlar yaradır. Bu isə, həmçinin Azərbaycan iqtisadiyyatının mövcud xüsusiyyətlərini nəzərə alan sənədin beynəlxalq keyfiyyət standardlarına əsaslandığını göstərir. Təbii ki, sənədin vacib məqamlarından biri də islahatların sosial səmərəliliyinin nəzərə alınmasıdır. Strateji sənəd bütün fəaliyyətlərin həyata keçirilməsində sosial təminat məsələlərini, əhalinin sosial müdafiəsini önə çəkir. Bu isə ondan xəbər verir ki, Azərbaycan iqtisdiyyatının inkişafı ilə bağlı strateji yanaşma iqtisadi diversifikasiya ilə yanaşı, eyni zamanda sosial təminat məsələlərinin prioritetliyinin qorunub saxlanmasıdır. Uyğun qiymətə mənzil təminatının ayrıca strateji xəritə kimi hazırlanaraq təsdiq edilməsi də məhz bundan xəbər verir. Bütövlükdə, Starteji Yol Xəritəsi Azərbaycan iqtisadiyyatını qısa, orta və uzunmüddətli dövrdə inkişaf istiqamətlərini müəyyənləşdirməyə imkan verməklə, iqtisadi inkişafın yeni konturlarını müəyyənləşdirir”.
Mənsumə Babayeva, “İki sahil”