Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən bölgələrdə yeni su təchizatı və kanalizasiya infrastrukturları yaradılır, abonentlərə keyfiyyətli xidmətlər göstərilməsi ilə əlaqədar islahatlar aparılır. Bununla paralel olaraq bu sahələrdə çalışan mütəxəssislərin bilik və bacarıqlarının təkmilləşdirilməsinə də xüsusi önəm verilir.
“Azərsu” ASC-nin həyata keçirdiyi “Regional Təlim və İnkişaf Proqramı-4” layihəsi çərçivəsində Şirvan şəhərində regional təlim təşkil olunub. Təlimdə “Azərsu” ASC “Birləşmiş Sukanal” MMC-nin Şamaxı, Sabirabad, Mingəçevir, Beyləqan, Quba, Zaqatala, Qobustan sukanal idarələrinin 159 əməkdaşı iştirak edib. Təlimə sukanal idarələrinin bioloq, metrologiya üzrə mühəndis, mexanik, qurğu rəisləri, mühəndis-texnoloq, kimyaçı, xlorator qurğusu operatorları, təmizləyici qurğuların operatorları və nasos qurğuları maşinistləri cəlb olunub.
Təlimlər “Azərsu”” ASC-nin müxtəlif fəaliyyət sahələrini əhatə edən peşəkar mütəxəssisləri tərəfindən aparılıb. Nəzəri biliklər əldə etməklə yanaşı, avadanlıq və qurğuların iş prinsipi ilə yerində tanış olmaq üçün təlim iştirakçılarının istehsalat sahələrinə səfərləri təşkil olunub. Təlim müddətində iştirakçıların asudə vaxtlarının səmərəli keçirilməsinə də xüsusi diqqət yetirilib.
Xatırladaq ki, “Azərsu” ASC tərəfindən “Regional Təlim-İnkişaf Proqramı”nın icrasına 2014-cü ildə başlanılıb. İndiyədək keçirilmiş təlimlərdə 4 minədək işçi iştirak edib.
Orxan Vahidoğlu, “İki sahil”