Məlum olduğu kimi, bu gün də kolonializmdən əziyyət çəkən ölkələr (Qəmər adaları, Mayot adası və s.) vardır. Azərbaycan hər vəchlə belə ölkələrin azadlıq uğrunda mübarizəsinə kömək etməyə çalışır ki, onlar keçmişin iyrənc qalığından xilas ola bilsinlər. Amma Ermənistanın əli ilə Cənubi Qafqazda möhkəmlənmək istəyən, bölgəni özünün biabırçı neokolonial təcrübələr meydanına çevirməyə çalışan, bu niyyətlə təcavüzkar ölkəni silahlandırmaqda israrlı olan, belə üsullarla Azərbaycana təzyiq göstərə biləcəyinə ümid bəsləyən, ermənipərəst mövqeyi ilə seçilən Makron Fransası buna görə də ölkəmizi qınaq obyektinə çevirib. Hətta utanıb-qızarmadan iddia edir ki, guya Azərbaycan rəsmi Parisin daxili işlərinə qarışır. Halbuki, bu, heç də belə deyil. Bir sözlə, Fransa Azərbaycana qarşı soyuq müharibə aparmaqda davam edir. Yeri gəlmişkən qeyd edək ki, erməni mətbuatı da utanıb-qızarmadan “fransuzski” çıxışlar etməkdədir. Hətta “Azərbaycan niyə Fransanın ucqar bölgələrində yaşayan xalqların öz müqəddəratını təyin etməsindən və azadlığından bu qədər narahat olub sualı da verib. Və buna elə öz xislətlərinə uyğun cavab veriblər.
Bu məsələyə Prezident İlham Əliyev Azərbaycan milli mətbuatının 149 illiyi münasibətilə keçirilən “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında bir daha toxunaraq qeyd edib ki, biz bunu ona görə edirik və əminik ki, Fransanın etdikləri iyrəncdir, qəbuledilməzdir və buna son qoyulmalıdır: Bildirib ki, onların həmin insanların taleyinə bu dərəcədə təsir etməyə ixtiyarları yoxdur. O ölkələr Fransadan minlərlə kilometr uzaqda yerləşir, onları assimilyasiya etməyə çalışırlar, onları təhqir edirlər. Sonuncu hadisələrdə Yeni Kaledoniyada yeddi insan həlak olub. Bu, Fransanın və onun prezidentinin əməli nəticəsində baş verib. Bu isə o deməkdir ki, Emmanuel Makron onun müstəmləkəçilik siyasətinə qarşı etiraz edənlərə divan tutmaqdan belə çəkinmir. Bəli, Fransa XXI əsrdə “separatçılarla mübarizə” bəhanəsi ilə müstəmləkədə saxladığı kiçik dövlətlərə, xalqlara qarşı, az qala, inkvizisiya cəzası tətbiq etməkdən çəkinmir.
Bu danılmaz faktdır ki, bu gün kolonializmdən əziyyət çəkən xalqların səsini heç kəs eşitmir. Bu da səbəbsiz deyil. Belə ki, əksər ölkələr Fransanı əməllərinə görə ittiham etməkdən çəkinir. Dövlət başçımızın qeyd etdiyi kimi, bir çox ölkələr buna göz yummağa çalışırlar, başqa tərəfə baxmağa çalışırlar: “Özlərinə başağrısı axtarmırlar. Onlar qorxurlar ki, “Fiqaro” və ya “Le Monde” qəzetlərində demonizasiyaya məruz qalarlar. Həmin qəzetlər bu gün Fransa prezidentinin rejiminin təsiri altındadır. Mən sizə tam əminliklə deyə bilərəm, biz çox gözəl bilirik ki, həmin o media şirkətlərinə Yelisey sarayından hansı mesajlar ötürülür. Biz buna məhəl qoymuruq”. Hətta Prezident İlham Əliyev müstəmləkə zülmündən əziyyət çəkən ölkələrə xitabən deyib ki, biz sizi hər zaman dəstəkləyəcəyik, əlimizdən gələni edəcəyik ki, siz və sizin kimi milyonlarla insan öz torpağında azad yaşaya bilsin: “Siz öz gələcəyinizi planlaşdırmalısınız. Siz öz irsinizi və ləyaqətinizi, dilinizi qorumalısınız, hansı ki, bu gün sizi ondan məhrum etməyə çalışırlar. Biz sizin yanınızda olacağıq”.
Bəli, 50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyinin, 3 beynəlxalq təşkilatın və 82 media qurumunun qatıldığı 2-ci Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyev Azərbaycanın müstəmləkəçilikdən əziyyət çəkən ölkələrə mənəvi dayaq göstərməkdə davam edəcəyini, onları dəstəkləyəcəyini bir daha vurğulayaraq qeyd edib ki, bu istiqamətdə Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 2023-cü il iyulun 6-da Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” mövzusunda konfransın iştirakçıları tərəfindən yaradılmış Bakı Təşəbbüs Qrupunun fəaliyyəti təqdirəlayiqdir.
Dünyanın bir sıra ölkələrinin nüfuzlu nəşrləri Prezident İlham Əliyevin “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumundakı çıxışında Fransanın müstəmləkə altında saxladığı ərazilərlə bağlı fikirlərinə geniş yer verib. Nəşr olunan xəbərlərdə qeyd edilir ki, Prezident İlham Əliyev kolonializmdən əziyyət çəkən bütün xalqları dəstəkləməyə davam edəcəyini, Qəmər adaları, Mayot adası kimi ərazilərin hələ də kolonial idarəçilik altında olduğunu deyib. Yazılarda dövlətimizin başçısının "Azərbaycan bu ölkələrə kömək etmək istəyir ki, onlar keçmişin bu iyrənc qalığından özlərini azad edə bilsinlər" fikri də oxuculara çatdırılıb. ABŞ mediasının “Voice of America”, “Gazette”, “US News”, “Denver Gazette” kimi nəşrlərində dərc olunmuş yazılarda Prezident İlham Əliyevin Fransanın Azərbaycanın daxili işlərinə, Ermənistanla münasibətlərinə müdaxilə etməkdə ittiham etməsi də vurğulanıb. Bütün bunlar isə o deməkdir ki, artıq dünya da Azərbaycanın, onun Liderinin sayəsində “demokratiya”dan dəm vuran Fransanın iç üzünə bələd olmağa başlayıb.
Yeri gəlmişkən qeyd edək ki, sözügedən tədbirdə dövlətimizin başçısı, həmçinin Minsk qrupunun ləğvinin vacibliyindən də söz açıb. Bildirib ki, bu qurumun fəaliyyətdə olması üçün heç bir səbəb yoxdur. Çünki həmsədrlər de-fakto bir-biri ilə müharibədədir, yəni onların ikisi digərinə qarşı bir yerdədirlər. Fransa burada bütün imkanlardan məhrum edilib: “Onlar nəinki vasitəçi, heç bu regionda ola bilməzlər. Onlar Cənubi Qafqaz regionunda bizim razılığımız olmadan mövcud ola bilməzlər. Bizsiz onu etmək istəyirlərsə, onlar uğursuzluğa düçar olacaqlar və bu, bir daha onlar üçün çox acınacaqlı və ağrılı bir məsələ olacaq”.
Bir daha xatırladaq ki, Fransa Cənubi Qafqazda sülhlə bağlı bütün təşəbbüslərə veto qoymaqda davam edir. Bu mənada küçədə üzünə tüpürülən, başına yumurta çaxılan, Afrikadan qovulan, parlament seçkilərini uduzan, Cənubi Qafqaz siyasətini korrektə etmək istəməyən Makronu dünyanın sivil dəyərlərinə, beynəlxalq hüquqa əhəmiyyət verməyən qərəzli “siyasətçi” adlandırmaq daha doğru olardı.
Qvami Məhəbbətoğlu, “İki sahil”