08 dekabr 2017 16:27
740

İnsan resurslarının idarə edilməsi müzakirə olunur

Dekabrın 8-də “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) baş sponsorluğu ilə insan resurslarının idarə edilməsinə həsr olunan “İnsan Resursları Sammiti - Bakı 2017” adlı tədbir keçirilir.

“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, 300 nəfərin iştirakı ilə keçirilən bu sammitdə 5 müxtəlif ölkəni təmsil edən 9 peşəkar spiker insan resursları idarəçiliyinin son nailiyyətləri və beynəlxalq təcrübə haqqında müzakirə edəcək. Sammitin əsas mövzusu “Marka dəyərinin yaradılmasında insan resursları idarəçiliyinin rolu”dur.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib ki, Prezident İlham Əliyev tərəfindən 2011-ci il 29 noyabrda imzalanan Sərəncamla qüvvəyə minmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında kadr hazırlığı məsələlərinə ciddi əhəmiyyət verilməkdədir. Ümumiyyətlə təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasətin əsas tərkib hissələrindən biri də məhz insan kapitalının inkişafı, gənc kadrların hazırlanması, intellektual sərmayənin tərəqqisidir.

“Biz də, “Azərbaycan Dəmir Yolları” olaraq bu siyasətin, bu konsepsiyanın tələblərinin icrasından irəli gələrək insan resurslarının və onun idarəedilməsinin inkişafına öz töhfəmizi vermək niyyətindəyik. Bu baxımdan dövlət, xalq və onun gələcək müqəddəratı qarşısındakı ictimai məsuliyyətimizi bilərək belə bir tədbirin ərsəyə gəlməsi üçün öz dəstəyimizi əsirgəməmişik. Çünki insan resursları idarəçiliyinin funksional, iqtisadi və fərdi olduğu kimi, ictimai məqsədləri də vardır. Bu sahə, həm də milli kadrların inkişafına, hazırlanmasına imkan yaradır”, - deyə C.Qurbanov əlavə edib.

Tədbirin əsas dinləyici hədəfi insan resurslarının idarə edilməsi sahəsi üzrə peşəkarlar və insan resursları idarəçiliyi funksiyalarının tətbiqi ilə təmasda olan, həmçinin bu sahə üzrə qərar verən rəhbər şəxslərdir. Sammitin məruzəçiləri yerli və xarici olmaqla yüksək imicə və statusa malik qurumların, əsasən, insan resursları strukturları üzrə rəhbərləri, həmçinin insan resursları sahəsini kurasiya edən yüksək vəzifəli şəxslər, habelə qurum rəhbərləridir.