Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı 6 dekabr 2016-cı il tarixli fərmanla təsdiq edilən “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsi”ndə kənd təsərrüfatı məhsullarının istehsalı və emalının təmini üçün 9 strateji hədəf və 36 prioritet istiqamət müəyyən olunub. Məqsəd həyata keçirilən iqtisadi islahatlar sayəsində istehsal edilən məhsulun keyfiyyətinin və həcminin artırılmasıdır.
Bildiyimiz kimi, ölkədə son dövrlər kənd təsərrüfatında ənənəvi sahələrin canlandırılması ilə bağlı böyük əhəmiyyətə malik tədbirlər həyata keçirilib və davam etdirilməkdədir. Bunun nəticəsində pambıqçılıq, baramaçılıq, tütünçülük, fındıqçılıq, üzümçülük, çəltikçilik, sitrus meyvəçiliyi, çayçılıq və digər sahələr yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu sahələrdə məhsul istehsalının yüksəldilməsi emal sənayesinin inkişafına yeni təkan verəcək. Məsələn, baramaçılığın perspektivdə nəzərdə tutulan istehsal həcmi “Şəki- İpək” Açıq Səhmdar Cəmiyyətinin mövcud potensialından daha yüksəkdir. Prezident İlham Əliyev bu barədə deyib: “Şəki- İpək”in fəaliyyəti bərpa edildi, tam bərpa edilməlidir, genişləndirilməlidir və 3 min ton yaş barama emal olunmalıdır. Bununla bərabər, biz gərək yeni ipək kombinatının yaradılması haqqında nəinki düşünək, artıq konkret addımlar ataq. Üç min ton emal gücündə olan yeni kombinatın yaradılması zəruridir. Müvafiq dövlət qurumları, Prezident Administrasiyası, nazirliklər, yerli icra orqanları baxsınlar, təklif versinlər. Mən hesab edirəm ki, dövlət bu sahədə öz dəstəyini göstərməlidir. Əlbəttə, çox yaxşı olar ki, özəl investorlar da bu işə qoşulsunlar. Xarici, yerli investorların marağı olarsa, dövlət də onlara dəstək verməyə hazırdır. Yəni, heç bir problem olmayacaq, ondan sonra hazır məhsul istehsal etmək lazımdır”.
Pambıqçılığın inkişafı da bu sahədə məhsul istehsal edən müəssisələrin yaradılmasını tələb edir. Bu baxımdan Mingəçevir Texnologiyalar Parkında işə salınacaq müəssisələrin fəaliyyəti nəticəsində kənd təsərrüfatı məhsullarını son məhsula çevirmək mümkün olacaq. Orada trikoraj, kostyum, corab, gön-dəri məmulatları və s. mallar istehsal olunacaq.
Məlum olduğu kimi, dünya bazarında xam məhsul aşağı qiymətlərlə satılır. Ona görə də xammal daha ucuz qiymətə xaricə satılmayacaq. Çünki pambıqdan və ya baramadan son məhsulun istehsalı həm daha çox gəlir gətirir, həm valyuta axını yaradır, həm də daxili tələbat yerli istehsal hesabına təmin olunur. Digər tərəfdən, belə müəssisələr yeni iş yerlərinin açılmasına və əhalinin məşğulluğunun təmin edilməsinə yeni imkanlar açır. Təkcə Mingəçevir Texnologiyalar Parkında minlərlə adam işləyəcək.
Bildiyimiz kimi, kənd təsərrüfatı məhsulları yetişdirilməsi mövsümi xarakter daşıyır. Ancaq Mingəçevir və ətraf rayonların minlərlə sakini bundan sonra mövsümi işlə məşğul olanlar yalnız mövsüm ərzində deyil, bütün ilboyu fasiləsiz işləmək imkanı qazanacaqlar. Başqa sözlə, bir çox kənd təsərrüfatı məhsulları mövsüm ərzində daxili tələbatdan çox istehsal ediləcək onun emalına və ixracına ehtiyac yaranacaq. Bütün bunlar ümumilikdə ölkədə qeyri-neft sektorunun inkişafına təkan verən amillərdir. Hazırda regionlarda yaradılmaqda olan sənaye parkları da bu məqdədə xidmət edir. Artıq ölkəmizdə çox çeşiddə və növdə ixrac məhsulları dünya bazarlarına çıxarılmaqdadır. İndi qarşıya belə məqsəd qoyulur ki, bütün məhsullar yüksək keyfiyyətlə istehsal olunsun və dünya bazarlarında Azərbaycan brendi rəqabət tanımasın. Artıq ölkəmiz bir neçə brend məhsulu ilə dünya bazarında yer tutub. Həmin bazarlarda Azərbaycan məhsulları alıcılar tərəfindən həvəslə alınır. Bu gün sahibkarlarımızın və iş adamlarımızın qarşısında duran əsas məsələ həmin yeri daha da genişləndirməkdir.
Vəli İlyasov, “İki sahil”