07 dekabr 2017 22:15
716

Dövlət büdcəsi ölkənin gələcək inkişafına hesablanıb

Bir neçə gün öncə Milli Məclis “Azərbaycan Respubliksının 2018-ci il dövlət büdcəsi haqqında” Qanun layihəsini təsdiq etdi. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, büdcə məsələlərində sosialyönümlülük yüksək dərəcədədir: “Hər il büdcənin 30-33 faizi sosialyönümlü xərclərə sərf edilirdi.  2018-ci ildə bu göstərici 33 faizdən yüksək həcmdə nəzərdə tutuldu. Bu da büdcə hesabına maliyyələşən təşkilatların digər qurumların əməkhaqlarının ödənişində müsbət bir haldır. Son illərdə ölkə büdcəsinin proqnozlaşdırılmış həm gəlir, həm də xərc hissələri çox uğurla həyata keçirilir. Təkcə bu ildə 210 milyon təhsil xərcləri artımı nəzərdə tutulub. Bu da təhsil sahəsində çalışan insanların sosial problemlərinin həlli deməkdir. Eyni zamanda bu sahədə həyata keçirilən proqramların həlli yollarıdır. Təbii resursların insan kapitalına çevrilməsi istiqamətində ölkəmizin başçısı cənab İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasətin bir təzahür formasıdır”.

Deputat həmçinin nəzərə çatdırdı ki, 2018-ci ilin dövlət büdcəsi ölkəmizin mövcud iqtisadi reallıqları nəzərə alınaraq ölkənin gələcək inkişafına hesablanıb. Onun sözlərinə görə, 2018-ci ilin dövlət büdcəsində müəyyən sahələrdə qənaət tədbirləri nəzərə alınsa da, sosial proqramların icrasının davam etdirilməsi nəzərdə tutulur: “2018-ci ilin dövlət büdcəsinin gəlirlər və xərclərin strukturunda köklü dəyişiklik aparılıb. Amma ümumilikdə, 2018-ci ilin dövlət büdcəsini müsbət qiymətləndirmək olar. Çünki büdcədə hər il olduğu kimi, yenə də bütün sahələr tam şəkildə əhatə olunub. Eyni zamanda 2018-ci ilin büdcəsi özündə bir çox ilkləri əhatə etməklə yadda qalacaq. Çünki 2018-ci ilin büdcəsində bir çox innovatik yeniliklər var ki,  bunlar əvvəlki illərdə olmayıb”.

Mənsumə Babayeva, “İki sahil”