07 dekabr 2017 22:14
955

2017-ci il kənd təsərrüfatının yüksəliş dövrüdür

Bu il ilk dəfə ölkəmizin quş əti və yumurta tələbatı 100 faiz yerli istehsal hesabına ödənilib, pambıq və üzüm istehsalı 2, 3 dəfə artıb

Azərbaycanın kənd təsərrüfatı müstəqillik dövründə ilk dəfə belə sürətli inkişaf tempi əldə edib. Artıq  bu inkişaf o həddə çatıbdır ki, ölkəmiz kənd təsərrüfatı məhsullarının idxalçısından, kənd təsərrüfatı məhsullarının ixracatçısına çevrilib. Məhz rəsmi statitsikiya görə, 2017-ci ildə kənd təsərrüfatı məhsullarının ixrac potensialı 40 faizədək yüksəlib. Təbii ki, bu ixracın növbəti illərdə 65-70 faizə yüksələcəyi proqnozlaşdırılır.

Önəmli faktlardan biri də odur ki, son bir neçə ildə ölkənin kənd təsərrüfatına yatırılan investisiyaların da həcmi artırılıb.  Xüsusən 2017-ci ilin 7 ayında ölkə iqtisadiyyatına 8,7 milyard manat investisiya yatırılıb ki, bunun təqribən 40 faizini kənd təsərrüfatı yönümlü investisiyalar təşkil edib.

Qeyd edək ki, bu gün Azərbaycan əhalinin sayına nisbətən quş əti istehsalına görə, MDB-də ilk yerlərdədir. Xüsusi ilə ölkə əhalisinin quş əti və yumurta ilə təminatı 100 faiz yerli istehsal hesabına ödənilir.  Bu il ölkənin 40-dan çox quşçuluq fabrikində 90 min ton quş əti, 1,4 milyard ədəd yumurta istehsal edilib.

2017-ci ildə kənd təsərrüfatında heyvandarlıq məhsullarının istehsalında da artım müşahidə olunub. Məhz bunun nəticəsidir ki, ət və ət məhsullarının idxalında da azalma qeydə alınıb.

Ölkənin kənd təsərrüfatında pambıqçılıq mühüm yer tutmaqdadır. 2017- ci ildə pambıq tarlalarının ərazisi 18 dəfə artırılaraq 136 min hektara çatdırılıb. Nəticədə bu ilin dekabrın 6- dək tarlalardan 197 min ton pambıq toplanılaraq qəbul məntəqələrinə təhvil verilib. Bu göstərici  keçən il 89 min ton olub. Azərbaycan dövləti üçün gələcək 5 ildə pambıq istehsalını 1 milyon tona çatdırmaq prioritet məsələdir. Çünki pambıq mahlıcı bu gün dünya bazarlarında neftdən bahadır. Müqayisə üçün deyək ki, dünya bazarlarında əgər brend markalı neftin bir barreli  64 dollardırsa, pambıq mahlıcının bir tonu 1200 dollardır. 

Bir faktı qeyd etmək lazımdır ki, ölkəmizdə 1 milyon ton pambıq istehsalı təcrübəsi vardır. Belə ki, 1982- 1983-cü illərdə Azərbaycan SSR-də 1 milyon ton pambıq istehsal olunmuşdu. Məhz bu yüksək göstəriciyə görə, Azərbaycan Respublikası Sovet İttifaqının ən yüksək mükafatlarına layiq görülmüşdü.

Eyni zamanda həmin illərdə 2 miyon ton Azərbaycan üzümü də istehsal edilmişdir. Hər iki kənd təsərrüfatı məhsulunun belə yüksək miqdarda istehsalı respublika pambıqçılarına və üzümçülərinə böyük maliyyə gəlirləri  gətirmişdi.   

Digər mühüm hadisə kənd təsərrüfatında 40-dək aqroparkın yaradılması prosesinin başlanmasıdır. Həmin aqroparkların fəaliyyətini genişləndirməsi ölkəmizin ixrac potensialını xeyli dərəcədə artırmağa imkan verəcək.

Azərbaycanın kənd təsərrüfatlarında ixrac məhsullarının istehsal sahələrini genişləndirmək pambıqçılıq və üzümçülüklə kifayətlənmir. 2017- ci ildə ölkəmizdə baramaçılıq, tütünçülük, fındıqçılıq, o cümlədən, sitrus meyvələrinin əkin sahələri xeyli genişlənib. Bunun nəticəsində bu sahələr üzrə məhsul istehsalı 2 dəfə artıb.  Qeyd edək ki, bu kənd təsərrüfatı məhsullarının da qonşu ölkələrə ixrac həcmi yüksəlib. Xüsusi ilə Rusiyaya, Belarusiyaya və Ukraynaya ixrac olunan məhsullarda ciddi artım müşahidə olunur.  

Elçin Zaman, “İki sahil”