07 dekabr 2017 22:11
833

Pambıq yığımında hədəfə doğru

Məlum olduğu kimi, son bir neçə ildə dövlət dəstəyi ilə rayonlarda Azərbaycanda ənənəvi əkinçilik sahələrindən olan pambıqçılığın inkişafına ciddi dəsdək göstərilməyə başlanılıb. Bunu martın 28-də Prezident İlham Əliyevin sədrliyi ilə Saatlı rayonunda pambıqçılığın inkişafına dair keçirilən respublika müşavirəsində dövlətimizin başçısının nitqindən, bu sahədə görülən işlərdən və Dövlət Statistika Komitəsinin (DSK) son məlumatından da görmək olur. Hazırda sahələrdən yığım  yekunlaşmasa da qəbul məntəqələrinə təhvil verilən pambıq ciddi artımdan xəbər verir.

DSK-nın rəsmi məlumatına görə, dekabrın 6-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 197 min 715 ton məhsul təhvil verilib. Ötən il bu göstərici respublika üzrə 88 min 596 tona bərabər idi. Göründüyü kimi, bir il ərzində artım tempi iki dəfədən də çoxdur. Məhsul yığımında isə Saatlı pambıqçıları öndədirlər. Onlar dekabrın 6-dək 25 min 396 ton pambıq təhvil veriblər. Ümumilikdə isə 10 min tondan çox pambıq tədarük edən rayonların sırasına Biləsuvar, Bərdə, Ağcabədi, Sabirabad, Beyləqan və İmişli rayonlarının pambıqçıları daxildir.

Təbii ki, bütün bunlar yorulmaz əməyin, düzgün müəyyənləşdirilən strategiyanın nəticəsidir. Bu ilin mart ayında keçirilən müşavirədə Prezident İlham Əliyev pambıq sahələrinin daha da artırılacağını, konkret olaraq 22 rayonda olmaqla 136 min hektar sahədə pambıq əkiləcəyini bildirmişdi. Bu isə ötən ilin əkin sahələri ilə müqayisədə təxminən 3 dəfə çoxdur. Müşavirədə məhsuldarlıq məsələsinə də toxunan ölkə Prezidenti orta məhsuldarlığın 20 sentner ətrafında gözlənildiyini vurğulayıb: “Əlbəttə ki, çox da ola bilər, az da. Misal üçün keçən il 17 sentner olub. Bu il əlbəttə ki, bütün işlər vaxtında görülməlidir. Bütün hazırlıq işləri vaxtında və əsaslı görülüb. Əgər biz 2015-ci ildə cəmi 35 min ton pambıq yığıldığını nəzərə alsaq, bu, qısa müddət ərzində çox böyük göstəricidir. Biz Azərbaycanda pambıqçılığı artıq demək olar ki, bərpa etmişik və bundan sonra gələcək illərdə ancaq inkişaf yolu ilə gedəcəyik”.

Aydındır ki, digər kənd təsərrüfatı sahələri kimi, pambıqçılığın da inkişaf etdirilməsi sayəsində rayonlarda işsizlik səviyyəsi xeyli aşağı düşür, insanların sosial rifahı yaxşılaşır, ölkəyə xaricdən valyuta axını artır. Faktiki olaraq əkin sahələrinin genişlənməsini nəzərə alaraq bu il pambıqçılıqda 200 mindən çox insan işlə təmin olunur. Keçən il isə bu rəqəm 64 min idi. Əlbətdə, əkin sahələri artdıqca, emal müəssisələri yarandıqca iş yerlərinin sayı daha da artacaq. Əsas odur ki, dövlət bu sahənin inkişafında sahibkarlara tam dəstək verir, yaranan problemlər tez bir zamanda həll edilir, məhsulun xarici bazarlarda satışına köməklik edir və sair. Şübhə yoxdur ki, belə olan halda qarşıdakı illərdə pambıqçılığın inkişafı daha da sürətlənəcək.  

Taleh Bağırov, “İki sahil”