Dekabrın 7-də Bakıda Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında Birgə İşçi Qrupunun 1-ci iclası keçirilib və kənd təsərrüfatı sahəsində qarşılıqlı maraq doğuran aktual məsələlər müzakirə edilib.
Tədbir iştirakçıları əvvəlcə son illər respublikamızın kənd təsərrüfatı sahəsində əldə etdiyi nailiyyətləri əks etdirən stendə baxıblar.
İclas çərçivəsində Pakistan İslam Respublikasının federal ərzaq təhlükəsizliyi və tədqiqat naziri Sikandar Hayat Xan Bosanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu diqqətə çatdıran Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov deyib ki, bu münasibətlər özünü bütün sahələrdə göstərir. Belə ki, respublikamızın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olan Pakistan beynəlxalq tədbirlərdə də daim Azərbaycanın mövqeyini dəstəkləyir.
Azərbaycanda kənd təsərrüfatı sahəsində əldə edilən uğurlardan söz açan nazir məlumat verib ki, qeyri-neft sektorunun prioritet sahələrindən olan kənd təsərrüfatı məhsullarının istehsalı və emalı iqtisadiyyatın əsas sektorlarından biri kimi müəyyənləşdirilib. Görülmüş məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda bu sektorun inkişafı üçün əlverişli şərait yaradılıb. Kənd təsərrüfatının ənənəvi sahələrindən olan pambıqçılığın, tütünçülüyün, baramaçılığın sürətli inkişafı, kənd təsərrüfatı məhsullarına tələbatın ödənilməsi, emal müəssisələrinin xammal təminatının yaxşılaşdırılması və emal sənayesinin genişlənməsi istiqamətində dövlət dəstəyinin gücləndirilməsi ilə əlaqədar bir sıra hüquqi aktlar, o cümlədən dövlət proqramları qəbul edilib. Eləcə də, ölkənin ixrac potensialının yüksəldilməsi, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində fəaliyyət göstərən kiçik və orta sahibkarların innovativ qabiliyyətlərinin artırılması, yüksək məhsuldarlığın əldə olunması, emalçı və istehlakçı arasında inteqrasiyanın formalaşmasında önəmli rolu olan aqroparkların yaradılması istiqamətində mühüm addımlar atılıb.
Nazir qeyd edib ki, hazırda ölkələrimiz arasında kənd təsərrüfatı sahəsində əlaqələr arzuolunan səviyyədə deyil və bu istiqamətdə ciddi tədbirlər görüləcək.
Bildirilib ki, ötən il Pakistandan Azərbaycana idxal edilən kənd təsərrüfatı məhsullarının ümumi dəyəri 3 milyon dollar olub. Azərbaycandan Pakistana ixrac isə 10 min dollar təşkil edib. Bu da kənd təsərrüfatında əlaqələrin siyasi əlaqələrə adekvat olmadığını göstərir.
Heydər Əsədovun sözlərinə görə, hazırda Pakistan ildə 7 milyard dollarlıq kənd təsərrüfatı məhsulları idxal edir. Hansı ki, Azərbaycan bu məhsullardan süfrə üzümünü, alma və digərlərini daha ucuz ixrac edə bilər. Bu baxımdan işçi qrupu idxal-ixracın strukturunu araşdırmalı və qiymətləri müqayisə etməlidir.
Nazir vurğulayıb ki, Azərbaycan ilə Pakistan arasında aqrar sahədə əlaqələrin yaxşılaşdırılması üçün ilk növbədə, hüquqi baza möhkəmləndirilməlidir. Bu istiqamətdə iki nazirlik arasında əməkdaşlıq haqqında memorandum imzalanıb və Azərbaycan hökumətinə təqdim edilib. “Bütün işlər görülməlidir ki, hüquqi baza möhkəmləndirilsin, sənədlər tezliklə imzalansın və hüquqi status alsın. Bundan sonra isə fitosanitar, baytarlıq sahəsində hüquqi bazanın yaradılması istiqamətində işçi qrupu ciddi iş aparılmalıdır. Pakistanda kənd təsərrüfatı sahəsində elmi tədqiqat işləri yüksək səviyyədə aparılır və Aqrar Elm Mərkəzinə tövsiyə olunur ki, bu istiqamətdə əlaqələrin qurulması üçün konkret təkliflər hazırlasın”, - deyə Azərbaycanın kənd təsərrüfatı naziri diqqətə çatdırıb.
Kənd təsərrüfatı naziri təhsil sahəsində müəyyən razılıq əldə olunduğunu deyib. Bildirib ki, hər iki ölkənin aqrar universitetləri arasında əlaqələrin qurulması və müəllim mübadiləsinin təşkili ilə bağlı işçi qrupun tövsiyələri hazırlanmalıdır. Toxumçuluq sahəsində də əməkdaşlığın böyük perspektivləri var. Xüsusilə düyü sahəsində Pakistanın təcrübəsini öyrənmək, məhsuldar toxumlardan ölkəmizdə istifadə etmək imkanları çox böyükdür. Bundan başqa, heyvandarlıq, bitkiçilik, texnika və subsidiyalar sahəsində də əməkdaşlıq üçün geniş imkanlar mövcuddur.
İşçi qrupuna məsləhət görülüb ki, hər iki ölkənin məhsullarının AZPROMO-nun iştirakı ilə digər ölkələrdə sərgi-satışı üçün təkliflər verilsin. Bu məhsulların qarşılıqlı surətdə xarici ölkələrdə satış-sərgisinin təşkil edilməsi respublikalarımızın həm ticarət, idxal-ixrac əməliyyatlarında, həm də məhsullarımızın digər regionlarda tanınmasında əhəmiyyətli rol oynayacaq.
Pakistan İslam Respublikasının federal ərzaq təhlükəsizliyi və tədqiqat naziri Sikandar Hayat Xan Bosan ölkələrimiz arasında kənd təsərrüfatı sahəsində əlaqələrin geniş vüsət alacağına ümidvar olduğunu bildirib. Vurğulayıb ki, Birgə İşçi Qrupunun fəaliyyəti nəticəsində əlaqələrimiz daha da intensivləşəcək, gələcək əməkdaşlığa zəmin möhkəm zəmin yaranacaq.
Sikandar Hayat Xan Bosan Azərbaycan və Pakistan arasında aqrar sektorda əməkdaşlığa Pakistan hökumətindən də dəstək verildiyini diqqətə çatdırıb, Birgə İşçi Qrupun üzvlərinə işlərində uğurlar arzulayıb.
Birgə İşçi Qrupunun 1-ci iclasında kənd təsərrüfatı sahəsində qarşılıqlı maraq doğuran aktual məsələlər müzakirə edilib, aqrar sahədə əməkdaşlığa dair yekun protokol imzalanıb.