26 iyul 2024 22:29
335

Qazaxıstanla ticarət sahəsində əməkdaşlıq imkanlarımız genişlənir

Azərbaycan və Qazaxıstan bir sıra baytarlıq sertifikatları üzrə razılığa gəlib. Bu da iki ölkə arasında ticarət münasibətlərinin inkişafında mühüm addım olacaq.

"İki sahil" Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyinə istinadla xəbər verir ki, bu təşəbbüs kənd təsərrüfatı sektorunun inkişafı və qlobal arenada ölkənin mövqeyinin möhkəmləndirilməsi üzrə strategiyanın tərkib hissəsidir. Qeyd edilir ki, nazirlik sistemli əsasla heyvandarlıq məhsullarının keyfiyyət və təhlükəsizlik standartlarının yaxşılaşdırılması, istehsalçıların yeni bazarlara çıxmasına kömək üçün tədbir görür.

İndi istehsalçılar Azərbaycana iri və xırdabuynuzlu mal-qaradan alınan süd və süd məhsullarını ixrac edə biləcəklər. Bundan əlavə quş əti, subməhsullar və yan məhsulların tədarükü haqqında saziş əldə edilib. Dəvə və dəvə fəsiləsinin nümayəndələri olan lama, alpaqa və vikunya, həmçinin cins və ətlik iri və xırdabuynuzlu mal-qara, konservlər, kolbasa məmulatları və digər hazır ət məhsullarının ixracı üçün baytarlıq sertifikatının imzalanması razılaşdırılıb.

“Bu saziş Qazaxıstanın ixracının genişləndirilməsi və iki ölkə arasında heyvandarlıq sahəsində iqtisadi tərəfdaşlığın möhkəmləndirilməsi üçün yeni imkanlar yaradır. Əminəm ki, bu, iqtisadi artıma və rifaha töhfə verəcək”, - deyə kənd təsərrüfatı naziri Aydarbek Saparov vurğulayıb.