İşə qəbul müsabiqəsində uğurlu nəticə göstərən dənizçilərlə görüş keçirilib
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (AXDG) Dəniz Nəqliyyat Donanmasında "matros", "motorçu" və "elektrik" peşələri üzrə işə qəbul prosesinin test mərhələsində uğurlu nəticə göstərmiş namizədlərlə görüş keçirilib.
QSC-dən bildiriblər ki, görüşdə "AXDG" QSC sədrinin birinci müavini Mübariz Cabbarov, İnsan Resurslarının İdarəedilməsi Departamentinin (İRİD) rəisi Sevda Məmmədova, hüquq departamentinin rəisi Zaur Nağıyev, KSƏTƏMM departamentinin rəisi Ələkbər Əzizli, DTİD-nin rəisi Balakişi Səfərov, XDND-nin rəisi Taqət Qurbanov, DND-nin baş mühəndisi Şahid Orucov, DND DÜTX-nin rəisi Elxan Hacıyev, DND DTİX-nin rəisi Mikayıl Osmanov və digər əməkdaşlar iştirak ediblər.
İnsan Resurslarının İdarəedilməsi Departamentinin rəhbəri Sevda Məmmədova işə qəbul prosesi ilə əlaqədar məlumat verib. Bildirib ki, "AXDG" QSC-nin rəsmi internet səhifəsində elan olunmuş "matros", "motorçu" və "elektrik" peşələri üzrə müraciət edən namizədlər arasında noyabrın 23-24-də ilk dəfə test imtahanı keçirilib. İmtahanda, ümumilikdə 76 nəfər iştirak edib. Onlardan 41-nin göstərdiyi nəticə keçid balından yüksək olub.
S.Məmmədova gəmiçilikdə üzən heyətin karyera inkişafı barədə də danışıb, namizədlərə gələcəkdə idarəetmə səviyyəsində mütəxəssis kimi formalaşmaları üçün tövsiyələr verib.
"AXDG" QSC sədrinin birinci müavini Mübariz Cabbarov gəminin idarə edilməsi üçün texniki biliklərin yüksək səviyyədə olması ilə yanaşı, müasir gəmiçilik standartlarının tam həyata keçirilməsi üçün kompyüter və xarici dil biliklərinin vacibliyini önə çəkib. O qeyd edib ki, təhsil və öyrənmək yalnız universitetlə məhdudlaşmamalı, iş başında olarkən belə hər bir dənizçi istər nəzəri, istərsə də praktiki biliklərini daima təkmilləşdirməyə çalışmalıdır.
Namizədlərə, həmçinin gəmiçilikdə ətraf mühitin mühafizəsi ilə bağlı görülən işlərdən də danışılıb. Bildirilib ki, "AXDG" QSC əməkdaşlar, müştərilər və podratçıları üçün, ətraf mühitin mühafizəsi də daxil olmaqla, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasını əsas məqsəd kimi qarşıya qoyub.
Xatırladaq ki, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin İnsan Resurslarının İdarəedilməsi Departamenti (İRİD) tərəfindən üzən heyətin işə qəbulunda yeniliyin tətbiqinə başlanılıb. Bundan sonra namizədlərin nəzəri bilikləri işə qəbul prosesinin ilkin mərhələsində test imtahanı vasitəsilə yoxlanılacaq. Məqsəd prosesi təkmilləşdirmək və güclü kadr bazası yaratmaqdır.