Balakən rayonunun fermer təsərrüfatlarında bitkiçilik məhsullarının yığımı başa çatıb. Cari ildə rayonda əksər növ bitkiçilik məhsulları istehsalında əvvəlki illə müqayisədə xeyli artım qeydə alınıb.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, 2017-ci ildə ən yüksək artım dinamikası tütünçülükdə müşahidə olunub. Belə ki, cari mövsümdə rayonda quru tütün istehsalı ötən illə müayisədə 55,4 faiz artaraq 317,4 ton təşkil edib. Taxıl istehsalında da nəzərəçarpacaq artım qeydə alınıb. Cari mövsümdə balakənli fermerlər 1560,5 hektar taxıl sahəsindən 4206,6 ton məhsul əldə ediblər. Taxıl istehsalı əvvəlki illə müqayisədə 19,6 faiz və ya 688,8 ton artıb. Bağbanlar cari mövsümdə meyvə bağlarından 32 min 218,3 ton, yəni ötən ildəkindən 3 min 281,6 ton çox məhsul götürüblər. Cari ildə rayonda tərəvəz məhsulları istehsalı 363 ton, bostan məhsulları istehsalı isə 216 ton artıb.
Rayonda payızlıq taxıl səpini də başa çatıb. Balakənli fermerlər 2018-ci ilin məhsulu üçün 1555 hektar sahəyə taxıl səpiblər.