“Günəşli” yatağındakı 10 nömrəli özüldə aparılan əsaslı təmirdən sonra daha iki quyu istismara verilib.
“Azneft” İstehsalat Birliyindən AZƏRTAC-a bildirilib ki, birlik tərəfindən “Günəşli” yatağında hasilatın artırılması və quyu fondunun genişləndirilməsi işləri uğurla həyata keçirilir. Belə ki, 2015-ci il dekabrın 4-də təbii fəlakət nəticəsində “Günəşli” yatağındakı 10 nömrəli dərin dəniz özülündə baş vermiş qəzadan sonra özüldə aparılan əsaslı təmirlə quyular istismara qaytarılır. “Günəşli” yatağındakı 10 nömrəli dərin dəniz özülündən 185 və 186 nömrəli quyular əsaslı təmirdən sonra istismara verilib.
185 nömrəli quyu məhsuldar qat çöküntülərinin VI horizontundan fontan üsulu ilə məhsul verib, 2381-2332 metr intervaldan gündəlik 5 ton kondensat və 150 min kubmetr qaz hasilatı ilə istismara daxil edilib. 186 nömrəli quyu isə məhsuldar qat çöküntülərinin Fasilə lay dəstəsindən qazlift üsulu ilə məhsul verib, 2788-2780 metr intervaldan gündəlik 35 ton neft və 7000 kubmetr qaz hasilatı ilə istismara daxil olunub. Quyunun gündəlik hasilatı 99 ton neft və 15000 kubmetr qaz təşkil edir.
Hazırda 10 nömrəli dərin dəniz özülündə 8 quyu istismar olunmaqdadır. Özül üzrə orta gündəlik hasilat 412 ton neft və 226 min kubmetr qaz təşkil edir.
Hər iki quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” neft və qazçıxarma idarəsi (NQÇİ) tərəfindən həyata keçirilir.