2018-ci ilin dövlət büdcəsi əsas gəlir və xərcləri özündə ehtiva etməklə yanaşı, dövlətin hüquqi qüvvəyə malik olan əsas maliyyə planını təcəssüm etdirir. Sosial məsuliyyət prinsipini rəhbər tutan dövlətimiz büdcənin mədaxil və məxaric hissəsini vətəndaşların mənafeyi baxımından qurmağa və yüksək sosial rifaha nail olmağa çalışır.
İqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent Loğman Abdullayev qəzetimizə açıqlamasında bildirdi ki, müasir dünyada gərgin iqtisadi mühit əhəmiyyətli maliyyə siyasətinin formalaşmasını tələb edir. Cənab Prezident 2017-ci ilin iqtisadi inkişaf hədəflərini müəyyənləşdirərək yeni yol xəritəsini təsdiq etdi: “Bununla da 2018-ci il üçün büdcə layihəsinin müzakirəsi mütəxəssislər tərəfindən müəyyənləşəcək inkişaf perspektivlərinə uyğun olaraq geniş müzakirə olunub. Dekabrın 1-də Milli Məclis plenar iclasında 2018-ci il üçün büdcə layihəsini təsdiqləyib. Layihədə 2018-ci il üçün büdcənin gəlirləri 20 mlrd. 127 mln. manat, xərclər isə 21 mlrd. 47 mln. manat səviyyəsində təsdiqlənib. Xərclər əvvəlki layihədən 141,3 mln. manat artırılıb.”
İqtisadçı alim vurğuladı ki, ölkənin əsas gəlir mənbəyi olan neftin qiyməti 2018-ci ilin dövlət büdcəsində bir barrel üçün 45 dollar müəyyən olunub: “Qeyri-neft sektorunun inkişafı xərcləri, müdafiə xərcləri, elm, təhsil, səhiyyə və əhalinin sosial müdafiəsi və təminatı sahələri ilə bağlı xərclər büdcə xərcləri olaraq formalaşdırılıb. Ölkənin maliyyə dayanıqlılığının təmin olunmasında büdcə gəlirlərinin formalaşması xüsusiyyətləri daha əhəmiyyətli hesab olunur. Xüsusən vergi, gömrük orqanları ilə yanaşı, Əmlak Məsələləri Dövlət Komitəsindən, büdcə təşkilatlarından ödənişli xidmətlər əsasında vəsaitin əldə edilməsi yeni iqtisadi əsaslara uyğun formalaşmanı təzahür etdirir. Bununla da 2018-ci il üçün qəbul olunmuş dövlət büdcəsi cənab Prezident İlham Əliyevin ölkənin inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələrin icrasına istiqamətlənib.”
Orxan Vahidoğlu, “İki sahil”