04 dekabr 2017 15:07
532

Kürdəmirdə bu payız 45 min hektar taxıl əkiləcək

Kürdəmir rayonunun taxılçıları bu günlərdə payız qayğılarını yaşayırlar. Hava şəraitinin törətdiyi çətinliklərə baxmayaraq, rayonda artıq 40 min hektaradək sahədə səpin aparılıb.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hazırda əkin sürətlə davam etdirilir və hər gün sahələrə 30-dan çox səpin aqreqatı çıxarılır. Rayonun əksər ərazisində, xüsusilə Qarasaqqal, Köhünlü, Muradxan, Pirili, Ərəbqubalı, Qarasu və bir sıra digər ərazi vahidlərində səpin kampaniyası daha mütəşəkkil aparılır.

Aqroparkların yaradılması, əkin üçün əlavə torpaq sahələrinin ayrılması nəticəsində cari mövsümdə payızlıq əkin sahələri xeyli artacaq. Belə ki, ötən payızda 39 min 360 hektarda səpin aparan fermerlər və fiziki şəxslər bu mövsüm əkin sahələrini 45 min hektara çatdırmaq əzmindədirlər.

Qeyd edək ki, son illərdə olduğu kimi, cari mövsümdə də keyfiyyətli şum çıxarılması, habelə əkin üçün yüksək reproduksiyalı toxumlardan istifadə xüsusi diqqət mərkəzindədir.