28 noyabr 2017 22:35
1897

Məqsəd və məram təmiz olanda, çəkilən zəhmət də bəhrəsini verir

«Zəhmət-Ruzi» MMC-nin fəaliyyəti, istehsal prosesləri ilə yaxından tanış olmaq üçün, ən əsası yediyimiz və içdiyimiz məhsulların hazırlanması prosesini görmək üçün müəssisədə olduq

Prezident İlham Əliyev tərəfindən həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində ölkəmiz hərtərəfli inkişaf edir. İqtisadiyyatın qeyri-neft sektorunun davamlı inkişafına nail olunub. Dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biri məhz aqrar sənaye sektorunun hərtərəfli dəstəklənməsi, onun daha da genişlənməsi üçün əlverişli mühitin yaradılması, bu sahədə müxtəlif yardım və təşviq mexanizmlərinin tətbiq edilməsidir. Yeyinti sənayesində ölkəmizdə fəaliyyət göstərən müəssisələrdər biri «Zəhmət-Ruzi» MMC-dir.

«Zəhmət-Ruzi» MMC-nin fəaliyyəti, istehsal prosesləri ilə yaxından tanış olmaq üçün, ən əsası yediyimiz və içdiyimiz məhsulların hazırlanması prosesini görmək üçün müəssisədə olduq. «SAB» brendi ilə istehsal olunan məhsullarının ünvanı «Zəhmət-Ruzi» MMC-nin Xırdalandakı istehsalat sahəsində bizi müəssisənin təsisçisinin nümayəndəsi Əliheydər Fərəcullayev qarşıladı. Ə.Fərəcullayev bizə son illərin məhsul və istehsalat yenilikləri barədə informasiya verdi.

Sonra bütün istehsal prosesi ilə, o cümlədən məhsulun ilkin hazırlanma prosesi, kolbasa və sosislərin, süd məhsullarının istehsalı, bir sözlə, bütün işlə yaxından tanış olduq. İstehsalat prosesini izləyərkən müəssisənin məhsullarından da daddıq. Gördüklərimizdən bu qənaətə gəldik ki, «SAB» məhsullarının istehsalınında istəsən belə yad əlin və pis niyyətin istehsalata uzanması mümkünsüzdür. Çünki burada xarici ölkələrdən gətirilmiş texnika və texnologiya əvvəldən ona verilmiş proqramdakı son məhsulun çeşidinin və tərkibinin dequstatorudur. İstehsalın əksər hissəsi avtomatlaşdırılıb, alman, italyan, polşa texnologiyalarından istifadə olunur.

Müəssisənin yaradıcısı Hacı Sabir Babayevdir. Hacı Sabir bildirir ki,  insanı sağlam, daxilən güclü saxlayan zəhmətdir, işgüzarlıqdır: «Uca yaradan da buyurur ki, zəhmət çəkənin ruzisi bol olar. Bu ilahi hikmətdən də «Zəhmət-Ruzi» adlı müəssisə yarandı və «halal» sertifikatı ilə də məhsul istehsalına başlayıb. Ona görə də burada komanda şəklində fəaliyyət göstərən şirkət kollektivini halallıq, peşəkarlıq, əməksevərlik kimi amillər birləşdirir.  Bildiyiniz kimi, ölkə Prezidenti cənab İlham Əliyev bu il noyabrın 16-da şirkətimizə gələrək «Zəhmət-Ruzi» MMC-nin fəaliyyəti ilə tanış oldu. Cənab Prezident İlham Əliyev müəssisədəki şəraiti görəndə çox razı qaldı, yüksək keyfiyyətli məhsullarımızı çox bəyəndi.»

Şirkət 1998-ci ildən fəaliyyət göstərir. SAB isə bir marka olaraq 2005-ci ildən bazara çıxarılıb.  «Zəhmət-Ruzi» MMC 3,5 hektar ərazidə yerləşir. Şirkətin kompleksinə ən müasir avadanlıqlarla təhciz edilmiş laboratoriya, ət və süd istehsal sahələri, soyuducu anbarlar, daşıma sistemləri daxildir. Müəssisə ət və süd məhsulları emal edir. Əliheydər Fərəcullayev bildirdi ki, şirkət üç əsas istiqamətdə fəaliyyət göstərir: «Onlardan birincisi soyuducu anbar təsərrüfatıdır. Bizdə təxminən 7-8 min tonluq soyuducu anbarlar var. Azərbaycana daxil olan donmuş ərzaq qida məshullarının bir qismi bizim anbarlarda saxlanılır. İkinci böyük bir sahəmiz ət emalı sahəsidir. Günlük istehsal gücü 30 tona qədər olan istehsal sahəmiz var. Hazırda biz Rusiyaya ixracatla bağlı icazə almışıq. Üçüncü sahə süd emalı sahəsidir. Burada da kolbasa məhsullarında olduğu kimi 30 ton günlük süd emal edə bilərik. Amma biz təxminən gündəlik 7-8 ton süd emal edirik.»

Müəssisədə «SAB» adı ilə və «Made in Azerbaijan» brendi altında bazara çıxarılan 60 çeşiddə ət və 40 çeşiddə süd məhsulları istehsal edilir. Əliheydər Fərəcullayev diqqətə çatdırdı ki, «Zəhmət-Ruzi» MMC-nin ət və süd məhsulları AZS – keyfiyyət idarəetmə standartlarının sertifikatına və keyfiyyətə nəzarət sisteminin İSO 9001:2000 sertifikatına layiq görülən «SAB» brendi altında bazara çıxarılır. 7 min tonluq logistika mərkəzi ən müasir avadanlıqla təchiz edilib. Burada illik kəsim gücü 1,8 min ton olan fabrik də fəaliyyət göstərəcək. Ə.Fərəcullayev qeyd etdi ki, bundan başqa, saatda 2500 quş kəsimi gücünə malik olan fabrik üçün də avadanlıq gətirilib və ilin sonunadək quraşdırılması nəzərdə tutulub. İllik istehsal gücü 10 min tona çatan ət emalı sahəsində 60 çeşiddə məhsul istehsal edilir. Ət məhsullarının saxlanma şəraiti ən müasir standartlara uyğundur: «Hər kəsi əmin edirəm ki, «SAB» məhsulları tam halaldır. Nəinki donuz əti, mənşəyi bəlli olmayan ət buraya daxil ola bilməz. İllər əvvəl hələ Azərbaycanda halallıq standartı olmadığı zamanlarda bizim MMC halal məhsul istehsal etmək yolunda ilk addımları atıb. Heyvanlar şirkətdə öz qəssablarımız tərəfindən kəsilir, baytarlar tərəfindən yoxlanılır, möhür vurulur, sənədləşdirmə aparılır və sənədlərlə birlikdə ət şirkətə daxil olur. Kolbasanın tərkibinə vurulan qatqıların bir hissəsi xaricdən gəlir. Bura kolbasaya xüsusi rəng verən maddədən tutmuş, dadlandırıcılar və başqa maddələr daxildir. Üstəlik bütün bu sadalanan qatqı maddələri Almaniyada sırf SAB şirkəti üçün istehsal olunur.»

İllik istehsal gücü 7 min ton olan süd emalı sahəsində 40 çeşiddə süd məhsulları, o cümlədən pasterizə edilmiş süd, pendir, xama, kəsmik, qatıq, dovğa, ayran və digər məhsullar hazırlanır. Ə.Fərəcullayev vurğuladı ki, tezliklə bu aqrar-sənaye kompleksində dondurma da istehsal olunacaq. Bunun üçün artıq müəssisəyə dondurma daşınması üçün avtomobillər gətirilib. «Zəhmət-Ruzi» MMC-nin həyata keçirdiyi layihələr hesabına 150 yeni iş yeri yaradılıb və orta aylıq əməkhaqqı 500 manatdır. Burada istehsal edilən məhsulların Rusiyaya, Qazaxıstana, Asiya və körfəz ölkələrinə ixracı ilə bağlı müvafiq tədbirlər görülür.

Müəssisənin nümayəndəsi onu da bildirdi ki, həm Qafqaz Müsəlmanları idarəsi, həm də Standartlaşma Metrologiya və Patent üzrə Dövlət Komitəsi «Zəhmət-Ruzi» MMC-yə halallıq sertifikatı verib: «Məhsullarımızı respublikamızın hüdudlarından kənarda tanıtmaq və ixrac potensialına dair hədəflərimizi reallığa çevirmək olub. Bu məqsədlə fəaliyyətimiz artıq müəyyən qədər öz bəhrəsini verib və bu gün də işimizi o istiqamətdə davam etdiririk. Qeyd edim ki, «SAB» «Moscow Halal Expo-2014», «Moscow Halal Expo-2015» və «Moscow Halal Expo-2016»nın qalibi olub. 2015-ci ildə Qazaxıstanda bu uğurumuzu təkrarladıq və tədbirin əsas mükafatı olan «Grand Prix»yə layiq görüldük. 2016-cı ildə Azərbaycanda ət və süd məhsulları sektorunda fəaliyyət göstərən, müasir avadanlıqlarla təchiz edilmiş, yerli və beynəlxalq standartlara cavab verən «Zəhmət-Ruzi» Məhdud Məsuliyyətli Cəmiyyətinin «SAB» ticarət nişanı USAİD Təşkilatının dəstəyi ilə Azad İstehlakçılar Birliyinin təsis etdiyi «Azərbaycan İstehlakçılarının Qida Təhlükəsizliyi Nişanı»nın (AİQTN Keyfiyyət Nişanı) «Platinium» nişanına layiq görülüb. Onu da qeyd edim ki, Azərbaycanda ət və süd məhsulları sektorunda fəaliyyət göstərən bir şirkət olaraq xarici bazara çıxmaq üçün ilk icazəni də biz almışıq. Artıq şirkətimizdə istehsal edilən məhsulların Rusiyaya, Qazaxıstana və Asiya ölkələrinə ixracı ilə bağlı müvafiq tədbirlər görülür.»

Ə.Fərəcullayev vurğuladı ki, məqsədimiz keyfiyyətli məhsullar istehsal edib insanlara çatdırmaqdır: «Bu keyfiyyətə təminat verən amillərdən biri də məhsulların bakterioloji tərkibinə nəzarətdir. Şirkətin ən müasir avadanlıqla təchiz olunmuş Mərkəzi Laboratoriyası var. Tahir Əfəndiyev laboratoriyanın rəhbəri olaraq bu sahəyə daim nəzarət edir. Laboratoriyada ayrıca həkim mikrobioloq, eləcə də fiziki-kimyəvi müayinə otaqları mövcuddur.»

Məlumat verildi ki, müəssisədə «Açıq qapı» elan olunub. Vətəndaşlar bütün istehsalat prosesini öz gözləri ilə görə bilərlər. Onu da qeyd edək ki, məhsulun istehsalı əsasən günün birinci yarısında həyata keçirilir. Həmin istehsal vaxtında hər gün «Açıq qapı» keçirilir. Müxtəlif təşkilatlardan nümayəndələr, eləcə də sadə insanlar müəssisəmizə gələrək, məhsullarımızın istehsal prosesini izləyirlər. Hansı xammaldan hansı məhsulun hansı şəraitdə istehsal olunduğunun birbaşa şahidi olurlar.

Məqsəd və məram təmiz olanda, çəkilən zəhmət də bəhrəsini verir. Bunu isə canlı olaraq «Zəhmət-Ruzi» MMC-nin «SAB» nişanlı halal məhsullarının istehsalı prosesində izlədik. Qaldı bu məhsulları ticarət şəbəkələrindən alıb yemək.

Orxan Vahidoğlu,
Vüsal Cahanov (foto), «İki sahil»