28 noyabr 2017 17:29
554

Azərbaycanın “Patent haqqında” Qanunu sadələşdiriləcək

Ümumdünya Əqli Mülkiyyət Təşkilatı ilə birgə Azərbaycan Respublikasının “Patent haqqında” Qanunu patent hüququ sazişinə uyğunluğu baxımından öyrənilib. Bu istiqamətdə müvafiq qanunvericilik dəyişiklikləri ilə bağlı təşəbbüslər layihəsi hazırlanır və yaxın zamanda hökumətə təqdim olunacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sədrinin müavini Niyazi Rəhimov jurnalistlərə müsahibəsində bildirib.

Sözügedən dəyişikliklərlə bağlı məlumat verən sədr müavini deyib ki, burada prioritet məsələ ixtira üçün ərizə verildikdə vaxta qənaətin əldə olunmasıdır: “Əgər öncəki təcrübələrdə müvafiq patent qurumuna iddia ərizəsi verilərkən bir neçə sənədin təqdim olunması və proseduların yerinə yetirlməsi nəzərdə tutulurdusa, artıq bu prosedur mümkün qədər sadələşdiriləcək. Bu bir tərəfdən iddiaçının işini asanlaşdırır, digər tərəfdən isə milli patent qurumunun da həyata keçirdiyi proseduru minimuma endirir”.