27 avqust 2024 11:00
733

İcma AŞPA-da təmsil olunan qüvvələrdən ayrı-seçkiliyə son qoymağı tələb edib

Qərbi Azərbaycan İcması Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) təmsil olunan qüvvələrdən Azərbaycana qarşı ayrı-seçkiliyə son qoymağı tələb edib.

“İki sahil” xəbər verir ki, bu barədə İcmanın yaydığı bəyanatda bildirilib.

Bildirilib ki, müəyyən dairələrin sifarişini yerinə yetirən qüvvələr sırf irqi ayrı-seçkilik əsasında Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) Azərbaycana qarşı genişmiqyaslı kampaniya başlatmış və Azərbaycan nümayəndə heyəti Assambleyada öz fəaliyyətini dayandırmaq qərarı verib:

"AŞPA-nın 24 yanvar 2024-cü il tarixində qəbul etdiyi anti-Azərbaycan qətnaməsi bu bədnam kampaniyanın pik nöqtəsidir. Müxtəlif siyasi donlara girən, əslində isə ifrat millətçi olan bir ovuc ünsürün qəbul etdiyi qətnamənin mətnindən də bu kampaniyanın əsl motivi aydın görünür – Azərbaycanofoblar ölkəmizin öz ərazi bütövlüyünü bərpa etməsini həzm edə bilmirlər. Azərbaycan tərəfi özünün milli maraqlarına söykənərək Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı çıxan, irqi ayrı-seçkiliyə yol verərək Avropa İnsan Hüquqları Konvensiyasını pozan məlum AŞPA üzvlərini arzuolunmaz şəxslər elan etmişdir. İrqçiləri ifşa edən bu qərar Azərbaycanın suveren haqqıdır və insan hüquqlarının təşviqinə xidmət edir".

Qeyd edilib ki, AŞPA-nın sədri, Yunanıstan parlamentinin üzvü Teodoros Rousopoulosun və AŞPA-nın Almaniyadan olan üzvü, bədnam Azərbaycanofob Frank Şvabenin Azərbaycanın sözügedən qərarına münasibətdə ifadə etdikləri qəbuledilməzdir.

"Son 30 il ərzində Azərbaycan torpaqlarının işğalına son qoyulmasına çağırmayan, 21-ci əsrdə, bir ölkənin paytaxtında “Türksüz Ermənistan” şüarı ilə keçirilən çoxminli aksiyaları pisləməyən, qayıdış hüququnun yalnız ermənilərə aid olduğunu təbliğ edən, qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıdışı ilə bağlı çağırış etməyən AŞPA-ya və bəzi Qərb təsisatlarına yığışmış bu “insan hüquqları aşiqləri”nin qərəzli fikirləri Azərbaycan xalqı üçün heç bir dəyər kəsb etmir", - deyə məlumatda bildirilib.