Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər rayonuna səfərləri zamanı açılışında və təməlqoyma mərasimində iştirak etdikləri sosial obyektlərin say tərkibi ümumilikdə işğaldan azad edilmiş ərazilərimizdə görülən işlər barədə aydın təsəvvür yaradır
Hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Qeyd edilən ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmin edilməsi üçün nəzərdə tutulan bütün işlər vahid proqram əsasında aparılır.
Dövlət başçısı İlham Əliyev böyük qürur hissi ilə bildirir ki, biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik! Cənab İlham Əliyev çıxışlarında, müsahibələrində daim diqqəti hazırkı dövrün əsas hədəfi olan işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə yönəldir. Hazırkı dövrün reallığı budur ki, azad edilmiş torpaqlarda həyat bərpa olunur. Artıq 4 şəhər və 4 kənd bərpa edilib və keçmiş köçkünlər oraya qayıtmışlar. 8 mindən çox keçmiş köçkün artıq öz dədə-baba torpaqlarında yaşayır və bu ilin sonuna qədər bu rəqəm ən azı 20 minə çatacaq. Geniş quruculuq, abadlıq işləri aparılır və Qarabağ, Şərqi Zəngəzur dünyanın ən inkişaf etmiş bölgələrindən birinə çevriləcək.
Azad edilmiş ərazilərdə bu gün geniş yol-nəqliyyat infrastrukturu yaradılır və bu nəhəng layihələrin icrasında dost ölkələrin böyük dəstəyi var. Türkiyədən olan şirkətlər bu prosesdə fəal iştirak edirlər. Azad edilmiş torpaqlarda türk dünyasının birliyini əyani şəkildə görürük. Bu, bizi həm sevindirir, həm də bütün türk dünyası ölkələrinin bir-birinə nə qədər bağlı olmasından xəbər verir. Dövlət başçısı İlham Əliyev tarixi Zəfərimizdən dərhal sonra bərpa-quruculuq işlərinə başlandığı andan belə bir çağırışı etdi ki, bərpa-quruculuq işlərində dost ölkələrin iştirakını istərdik.
Ötən dörd ilə yaxın müddətdə işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin miqyası həqiqətən genişdir. Qeyd etdiyimiz kimi, bu günədək Füzuli, Laçın, Şuşa və Xocalı şəhərləri, həmçinin Ağalı, Talış, Zabux və Sus kəndləri sakinlərinə qovuşub. Dövlət başçısı İlham Əliyev cari ilin əvvəlində yerli televiziya kanallarına müsahibəsində 2024-cü ilin hədəflərini açıqlayarkən bildirmişdir: «Biz bu il daha böyük sayda keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytaraq və onların bu il qaytarılacaqları şəhərlər arasında beş şəhər - Şuşa şəhəri, Cəbrayıl şəhəri, Kəlbəcər şəhəri, Xankəndi şəhəri, Xocalı şəhəri olacaq. Ağdam, Zəngilan, Qubadlı şəhərlərinə isə keçmiş məcburi köçkünlərin 2025-ci ildə qayıtması nəzərdə tutulur. Bununla paralel olaraq bir çox kəndlərdə, - hansılarda ki, mən təməl qoymuşam, - orada inşaat davam edəcək, bir neçə kəndə keçmiş köçkünlər qayıdacaqlar. Məsələn, Laçın rayonunun Sus kəndi hazır olacaq. Ondan sonra Xocalı rayonunun Kərkicahan, Malıbəyli, Turşsu kəndlərinin də bərpasına artıq start veririk. Kəndlər tamamilə dağılmış vəziyyətdədir. Mən Qarabağa son səfərim zamanı oraya baş çəkmişəm. Tamamilə dağılmış vəziyyətdədir, Malıbəyli məscidi də dağılmış və vandallar ondan da peyin anbarı kimi istifadə etmişlər. Yəni, sadaladığım bu, ən azı şəhər və kəndlərə keçmiş köçkünlər qayıdacaq və 2026-cı ilin sonuna qədər o artıq bəyan edildi, hədəfimiz 140 min keçmiş köçkünü öz dədə-baba torpaqlarına qaytarmaqdır. Əminəm ki, biz buna da nail olacağıq.»
Artıq bu hədəflər sırasında olan Xocalıya və Şuşaya qayıdış reallığa çevrilib. Cari ilin sentyabr ayında Xankəndiyə və Cəbrayıla qayıdış başlayır. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə davamlı səfərlərinin hər biri bu torpaqlarda yeni sosial obyektlərin açılış və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər rayonunda səfərdə oldular. Onlar səfər çərçivəsində Kəlbəcər rayonunda Tərtər çayı üzərində yerləşən “Azərenerji” ASC-nin 22,5 MVt gücündə olan “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirak etdilər, Xudavəng monastır kompleksində oldular. Prezident İlham Əliyev Kəlbəcər şəhərində ikinci yaşayış kompleksinin təməlini qoydu. Cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər Şəhər Təhsil Kompleksində aparılan işlər və bu il açılması planlaşdırılan modul tipli məktəbin layihəsi, Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış oldular, İstisu Mineral su zavodunun açılışında iştirak etdilər. Dövlət başçısı İlham Əliyev Kəlbəcər rayonunda “Azərenerji” ASC-nin 4,3 MVt gücündə “Zar” Kiçik Su Elektrik Stansiyasının (KSES-in) açılışında iştirak etdi və SCADA sistemi vasitəsilə Göygöl rayonunda yeni tikilən 4,1 MVt gücündə “Toğanalı” KSES-in açılışını etdi. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonunda “İstisu” Müalicə-İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış oldular. Ölkə Prezidenti, həmçinin İstisu qəsəbəsinin təməlini qoydu.
Qeyd etdiklərimiz bir səfər çərçivəsində açılışı və təmləqoyma mərasimi keçirilən sosial obyektlərin bir hissəsidir. Bir səfər ümumilikdə işğaldan azad edilmiş ərazilərdə görülən işlər barədə aydın təsəvvür yaradır.
Bugünümüzün reallıqları ilə 2021-ci ilin 16 avqust tarixində dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Kəlbəcərə ilk səfərlərini müqayisə etdikdə böyük inkişafı, görülən işlərin miqyasının nə qədər böyük olduğunu görürük. Həmin səfərdə «İndiki mərhələdə bizim əsas vəzifəmiz müharibənin nəticələrini möhkəmləndirmək, azad edilmiş torpaqlarda möhkəmlənmək, Azərbaycan-Ermənistan sərhədində bundan sonra da mövqelərimizi gücləndirməkdir» söyləyən cənab İlham Əliyev bildirmişdi ki, yenidənqurma, bərpa işlərinə artıq start verilib. Dövlətimizin başçısı bu hədəfi açıqlamışdı: «Mən artıq bildirmişəm, Zəngilan rayonunda bir neçə aydan sonra artıq birinci qrup keçmiş köçkünlər yerləşəcək. Eyni zamanda, Ağdam, Cəbrayıl, Füzuli və Xocavənd rayonlarında da pilot kəndlər seçildi. Artıq işlər gedir ki, o kəndlərin bərpasına start verək və vətəndaşları oraya qaytaraq. Ağdam şəhərinin baş planı təsdiqləndi, digər şəhərlərin baş planının təsdiqlənməsi yaxın aylarda nəzərdə tutulur.»
Cənab İlham Əliyevin bu hədəfi açıqladığı 2021-ci ildən üç ildən artıq vaxt keçir. Zəngilanın Ağalı kəndi ilk «ağıllı kənd» kimi istifadəyə verildi və sakinlərini qarşıladı. Zəngilanın hava qapısı ilk olaraq dünyaya açıldı. 2022-ci ildə Zəngilan Beynəlxalq Hava Limanı istifadəyə verildi. Qısa müddətdə beynəlxalq statusa malik iki hava limanının istifadəyə verilməsi iqtisadi imkanlarımızın təqdimatı oldu.
Bu mühüm məqamı da qeyd edək ki, Kəlbəcər rayonu Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata uyğun olaraq müharibəsiz Azərbaycana qaytarıldı.
Azərbaycanın malik olduğu iqtisadi və maliyyə imkanları başlanan hər bir işi uğurlu sonluqla başa vurmağa geniş imkanlar yaradır. Yoxsul, kasıb, dilənçi ölkənin Kəlbəcər rayonuna qeyri-qanuni yolla yerləşdiridyi ermənilərin rayonu tərk edən zaman söküb apardıqlarına diqqət yetirdikdə bir daha onların nə qədər vəhşi, insanlıqdan uzaq olduqlarını gördük. İstər işğaldan azad olunmuş torpaqlarımızda mövcud vəziyyəti, istərsə də 10 noyabr razılaşmasına uyğun olaraq Kəlbəcər, Ağdam rayonlarını tərk edərkən söküb dağıtdıqlarını, apardıqlarını dünya gördü.
Tarixi Zəfərimizin əbədiləşdirilməsi istiqamətində atılan mühüm addımlar sırasında işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsini qeyd etməliyik. 30 illik işğal dövründə Ermənistan tərəfindən şəhərlərimiz, kəndlərimiz, qəsəbələrimiz viran edilmiş, mədəni irsimizə böyük zərbə vurulmuş, tarixi-mədəni və dini abidələrimiz, məscidlərimiz dağıdılaraq vandalizmə məruz qalmışdır. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur hazırda yenidən qurulur, ərazilər minalardan təmizlənir, sürətlə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün Prezidentin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına başlanıldı. Cənab İlham Əliyevin sözügedən Sərəncamına əsasən 25 noyabr Kəlbəcər Şəhəri Günüdür.
Bu gün Kəlbəcərdə geniş vüsət alan bərpa-quruculuq işləri tarixə qısa nəzər salmağı bir zərurətə çevirir. Belə ki, 1990-cı illərin əvvəllərində azərbaycanlılara qarşı kütləvi cinayətlər törədən Ermənistanın atdığı addımlar təəssüf ki, Kəlbəcər rayonundan da yan keçmədi. Azərbaycanın ayrılmaz hissəsi olan Kəlbəcər 1993-cü ildə Ermənistan tərəfindən işğal olundu. 1993-cü il aprelin 2-də rayonunun işğalı zamanı 511 nəfər dinc soydaşlarımız qəddarcasına öldürüldü, 321 nəfər isə əsir götürüldü. Kəlbəcərin Ermənistan tərəfindən işğalı ilə 50 mindən çox Azərbaycan vətəndaşı 30 il ərzində məcburi köçkün həyatı yaşamağa məcbur oldu. Kəlbəcər rayonundan olan məcburi köçkünlər uzun illər doğma Vətənin həsrətini çəkdilər. Bu məhrumiyyətlərlə yanaşı, məhz beynəlxalq ictimaiyyətin baş verənlərə səssiz qalması, reaksiya verməməsi ikili standartların əyani nəticəsi idi. 2020-ci ilin sentyabrın 27-də başlanmış genişmiqyaslı hərbi əməliyyat Azərbaycan Ordusunun 44 gün davam edən Zəfər yürüşü ilə tamamlandı. Rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin canı, qanı bahasına Vətən müharibəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsi və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndi daxil olmaqla, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edildi. Qarabağın tacı Şuşa şəhərinin azad edilməsi və Ermənistanın kapitulyasiya aktını imzalamağa məcbur olması ilə müharibə başa çatdı. Azərbaycanın döyüş meydanında qazandığı böyük Qələbə siyasi müstəvidə də öz təsdiqini tapdı – Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğaldan azad etmək məcburiyyətində qaldı və bununla da tarixi ədalət bərpa olundu.
Əvvəldə də qeyd etdiyimiz kimi, dövlətimizin başçısının göstərişi ilə bu gün Qarabağda və Şərqi Zəngəzurda aparılan abadlıq və quruculuq işləri çərçivəsində Kəlbəcərdə də genişmiqyaslı işlər həyata keçirilir. Prezident və Birinci vitse-prezident mütəmadi olaraq həmin ərazilərə səfərlər edərək görülən işlərlə yerindəcə tanış olur, yaşayış məntəqələrinin, xəstəxanaların və məktəblərin təməlqoyma mərasimlərində iştirak edirlər. Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın sentyabrın 2-də Kəlbəcərə səfərləri də bunun təsdiqidir.
Qarabağa və Şərqi Zəngəzura yeni nəfəs gəlir, insanlar doğma yurdlarındadır. Onların məşğulluq və digər məsələləri dövlətimiz üçün prioritetdir, habelə qarşıdakı müddətdə kəlbəcərlilər də növbəli şəkildə öz yurdlarına qayıdacaqlar.
İşğaldan azad edilmiş ərazilərdə yeni dövlət idarəetmə modelinin tətbiqi ölkə miqyasında mühüm məsələdir. Artıq Prezident İlham Əliyev tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa, tikinti və idarəetmə xidməti göstərmək üçün müvafiq publik hüquqi şəxslər yaradıldı.Onu da qeyd edək ki, bu ilin iyul ayında dövlət başçısının Sərəncamı ilə Kəlbəcər rayonunda Prezidentin xüsusi nümayəndəsi təyin edildi. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sənaye parkları, aqroparklar yaradılır. Hazırda Ağdam Sənaye Parkı, Cəbrayıl rayonunda "Araz Vadisi İqtisadi Zonası", Zəngilanda “Dost Aqropark”ı yaradılır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının turizm və yaşıl enerji potensialının reallaşdırılması ilə bağlı mühüm işlər görülüb. Şuşa, Ağdam və Kəlbəcərdə turizm obyektlərinin təməli qoyulub. Azad edilmiş ərazilərimiz böyük turizm potensialına malikdirlər. 30 ilə yaxın dövrdə mənfur düşmən bu potensialdan istifadə edərək özünün iqtisadi vəziyyətini yaxşılaşdırmağa çalışdı. Yaxın gələcəkdə Qarabağ Azərbaycanın əsas turizm zonasına çevriləcək. Beynəlxalq turizm sərgilərində Qarabağ bölgəsinin turizm potensialı, turizm marşrutları, tarixi abidələri göstəriləcək. Təmir-bərpa işləri yekunlaşdıqdan sonra Qarabağ turistlərin sevimli məkanlarından biri olacaq.
İşğaldan azad edilmiş ərazilərimizdə görülən işlərin miqyası o qədər genişdir ki, onları bir yazıda tam əhatə etmək qeyri mümkündür. Əsas olan budur ki, soydaşlarımız mərhələ-mərhələ doğma yurd-yuvalarına qayıdır, bu ərazilərdə yeni həyat başlayır.
Yeganə Əliyeva, «İki sahil»