27 noyabr 2017 14:20
603

“RecExpo III” sərgisi müxtəlif sektorların təqdimatı üçün vacibdir

Məlum olduğu kimi, noyabrın 28-30-u Bakıda  “RecExpo III” - Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgisi keçiriləcək. “RecExpo III” sərgisində Azərbaycandan və xarici ölkələrdən onlarla əmlak, tikinti və investisiya şirkətlərinin iştirakı baş tutacaq. Keçən il 4 min 500 ziyarətçini qəbul edən sərgini bu il 10 mindən çox şəxsin ziyarət etməsi gözlənilir. “Elan Expo” və “Atılım Fuarcılık” şirkətlərinin təşkilatçılığı ilə keçirilən sərgiyə Azərbaycan ilə yanaşı, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Rusiya, Ukrayna, Almaniya, İspaniya, Portuqaliya, Gürcüstan, Macarıstan, Fransa və digər ölkələrdən lüks və nüfuzlu layihələr sərgilənəcək. Sərginin iştirakı siyahısına daşınmaz əmlakı inkişaf etdirən şirkətlər, daşınmaz əmlak satışı ilə məşğul olan firmalar, banklar, iri investorlar, səfirliklər, yerli və xarici şirkət nümayəndələri daxildir.

Ölkəmizdə keçirilən bu sərgi ilə bağlı fikirlərini “İki sahil” qəzeti ilə bölüşən Milli Məclisin deputatı Aydın Hüseynov bildirdi ki, burada əsas məqsəd Azərbaycanda daşınmaz əmlak bazarının canlandırılması, bu sahəyə yatırılan yerli və xarici investisiyaların həcminin artırılması, eləcə də daşınmaz əmlak bazarı ilə bağlı mövcud investisiya mühitinin xarici investorlara nümayiş etdirilməsi, habelə onların özəlləşdirmə prosesinə cəlb edilməsidir.

“Daşınmaz əmlak bütün ölkələrdə olduğu kimi, Azərbaycan üçün də vacib bazarlardan biridir” - deyən A.Hüseynov qeyd etdi ki, bu sektorun daha da inkişaf etdirilməsinə böyük ehtiyac var: “III Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgisinin keçirilməsi, bu sərgiyə diqqət və qayğının yüksək səviyyədə olması onu göstərir ki, Azərbaycan üçün daşınmaz əmlak öz aktuallığını qoruyub saxlayır və daha da inkişaf edir. Azərbaycan üçün daşınmaz əmlak bazarı həm dövriyyə baxımından, həm də digər sektorların təsiri baxımından çox vacibdir. Belə sərgilərin keçirilməsi müxtəlif sektorların təqdimatı üçün də vacibdir. Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisya sərgisi təkcə bu sektorun inkişafı baxımından deyil, bütövlükdə iqtisadi sektorun inkişafı baxımından  əhəmiyyətlidir”.

Mənsumə Babayeva, “İki sahil”