Ölkəmizin iqtisadi sahədə qazandığı göstəricilər həmişə olduğu kimi bu il də uğurla davam edir. Qeyri-neft sektorunda sahibkarlığın artması, kəndlilərin yeni fermer təsərrüfatlarının yaradılmasında iştirakı və yüksək məhsuldarlıq əldə edilməsi ölkədəki iqtisadi artımı xeyli yüksəldib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-oktyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş 12 milyard 536,5 milyon manat vəsaitin 5 milyard 441,4 milyon manatı (43,4 faizi) qeyri-neft sektoruna sərf edilib və bu sektorda investisiyaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 7,4 faiz artıb.
Hesabatda bildirilir ki, ilin əvvəlindən ötən 10 ay ərzində Azərbaycanda 56 milyard 481,5 milyon manatlıq ümumi daxili məhsul istehsal edilib. Həmin dövrdə iqtisadiyyatın qeyri-neft sektorunda ÜDM istehsalı 2,1 faiz artıb, neft sektorunda isə 6 faiz azalma müşahidə olunub. Həmçinin qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi 62,7 faizə çatıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-oktyabr aylarında ölkə üzrə 32 milyard manatlıq sənaye məhsulları istehsal edilib ki, bu məhsulların 70 faizi mədənçıxarma, 24,8 faizi emal, 4,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarının payına düşür. Ümumiyyətlə, cari ilin ötən 10 ayı ərzində sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 3,4 faiz artıb.
Qeyri-neft sektorunun bütün sahələrində yaradılmış əlavə dəyərin artım tempi əvvəlki ilin müvafiq dövrünə nisbətən yüksək olub. Qarşıda duran əsas vəzifə istehsal olunan neftin, qazın, pambığın, baramanın və digər xam məhsulların emalını yüksək səviyyədə təşkil etməkdən, rəqabət qabiliyyətli son məhsul istehsalından gedir. Bu xammallardan hazırlanacaq məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, xaricə valyuta axınının qarşısını alacaq və ölkəmizə daxil olan valyutanın həcmini qat-qat artıracaq. Bu səbəbdən də hökumət ölkədə emal sənayesinin inkişafını ön plana çəkir. Ölkə başçısı cənab İlham Əliyevin bilavasitə təşəbbüsü ilə xam neftin, qazın, aqrar sektorda və digər sahələrdə istehsal edilən məhsulların emal olunacağı sənaye müəssisələrinin tikintisini nəzərdə tutan bir sıra layihələr reallaşdırılır və bu istiqamətdə işlər getdikcə daha da genişləndirilir. Heç şübhəsiz, ölkədə pambıqçılığın, ipəkçiliyin inkişafı Azərbaycanda yüngül sənayenin də inkişafına yaxşı zəmin yaradacaq.
2017-ci ilin yanvar-oktyabr aylarında “Pirallahı” Günəş Elektrik Stansiyası, Yevlaxda Varvara balıqartırma və balıqyetişdirmə zavodu, Lənkəranda Çəltik zavodu, Cəlilabadda Dənli və paxlalı bitkilərin təmizlənməsi və qablaşdırılması müəssisəsi, Gədəbəydə Limonad zavodu, Göygöl rayonunda Respublika Süni Mayalanma Mərkəzi və bu kimi 10-larla qeyri-neft sektorunun səhələrini əhatə edən müəssisə istifadəyə verilib.
Təbii ki, Prezident İlham Əliyev tərəfindən son 14 ildə həyata keçirilən iqtisadi siyasətin əsas istiqamətlərindən biri ölkənin sənaye sektorudur. Son dövrlər ölkədə açılan yeni müəssisələrin fəaliyyətinə nəzər yetirsək aydın görərik ki, müəssisələrdə üstünlük sənaye istehsalına verilir. Texnopark strukturlarının yaranması müasir, qloballaşan dünyada, iqtisadiyyatın inkişafının hazırkı mərhələsində elm və biznesin qarşılıqlı fəaliyyətinin obyektiv qanunauyğunluğudur. Ölkəmizdə sənaye parkları ilə yanaşı, sənaye məhəllələrinin yaradılması istiqamətində də müəyyən işlər görülür. Bu layihələrin həyata keçirilməsi üçün ölkə Prezidenti 2014-cü il oktyabrın 8-də “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” Fərman imzalayıb. Məqsəd sənaye və xidmət sahələrində fəaliyyət göstərən kiçik və orta sahibkarların inkişafı üçün əlverişli şəraitin təmin edilməsi, əhalinin istehsal və xidmət sahələrində məşğulluğunun artırılmasıdır. Sənaye məhəllələrinin istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması, kooperasiya əlaqələrinin gücləndirilməsi, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi məsələlərinin həlli baxımından böyük əhəmiyyət kəsb edir.
Ölkəmiz artıq istehsal etdiyi məhsullarını yerli tələbatı ödəməklə yanaşı, dünya bazarlarına çıxarılması istiqamətində çox önəmli addımlar atır. Bu istiqamətdə dövlətimizin “Made in Azərbaycan” brendinin təbliğinə dair qəbul etdiyi qərarlar təqdirəlayiq və vacib addımlardır”.
Sadalanan faktları əsas götürərək vurğulamaq olar ki, ölkə Prezidenti İlham Əliyevin “Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı iş adamlarına rəqabətə qabiliyyətli ixracyönümlü məhsul istehsalına daha da stimul yaradıb. Bu da yerli istehsalın güclənməsinə, ixracatın artmasına bir təkan verəcək. İş adamlarına göstərilən dövlət qayğısı onu deməyə əsas verir ki, qarşıdakı illərdə yerli istehsalla məşğul olan sahibkarlar daha da böyük uğurlara imza atacaq.
Orxan Vahidoğlu, “İki sahil”