Əlverişli coğrafi mövqeyə və təbii-iqlim şəraitinə, zəngin təbii sərvətlərə, kifayət qədər əmək resurslarına, inkişaf etmiş beynəlxalq əhəmiyyətli su, hava, dəmiryoluna, özünəməxsus istehsal potensialına malik Azərbaycan dünya iqtisadiyyatına sürətlə inteqrasiya olunur. Qloballaşmanın tələblətinə, hazırkı beynəlxalq iqtisadi sistemin xüsusiyyətlərinə diqqət etdikdə aydın olur ki, heç bir ölkə dünya iqtisadi birliyindən kənarda uğurla inkişaf edə bilmir.
Düzgün müəyyənləşdirilmiş strategiya, daxili imkanlardan düşünülmüş şəkildə istifadə edilməsi nəticəsində Azərbaycanın qədim İpək Yolu boyunca ticarət mərkəzi kimi tarixi mövqeyini bərpa etməsi, Şərqlə Qərbi, habelə Şimalla Cənubu birləşdirən əsas nəqliyyat dəhlizlərinin yolu üzərində yerləşməsi respublikamızın Avrasiyanın regional mərkəzinə çevrilməsinə, qloballaşma prosesləri baxımından onun həm regional, həm də beynəlxalq layihələrdə rolunu və əhəmiyyətini daha da artırır. Qeyri-neft sektorunda həyata keçirilən irimiqyaslı islahatların, uğurla reallaşdırılan nəhəng nəqliyyat-kommunikasiya layihələrinin, o cümlədən Azad İqtisadi Zonaların yaradılmasının vahid məqsəd və strategiyada birləşdirilməsi ölkəmizin, eləcə də regionun gələcək inkişafına böyük töhfələr verir.
Xəzərin karbohidrogen yataqlarının işlənməsinə dair Azərbaycanla dünyanın aparıcı neft şirkətləri arasında bağlanan “Əsrin müqaviləsi”nin əfsanədən reallığa çevrilməsi Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum əsas ixrac boru kəmərlərinin, Bakı-Tbilisi-Qars dəmir yolunun uğurla reallaşdırılması, “Azəri-Çıraqlı-Günəşli” neft-qaz yataqları blokunun işlənməsi üzrə yeni sazişin imzalanması, “Cənub Qaz Dəhlizi”nin uğurla reallaşdırılması ölkəmizin milli mənafelərinin təmin olunmasında, regional siyasi-iqtisadi mərkəz kimi güclənməsində, region ölkələri ilə strateji və tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsində, dünya iqtisadiyyatına inteqrasiyasının sürətlənməsində əvəzsiz rol oynayıb. Bu baxımdan ölkəmizdə yaradılan azad iqtisadi zonaların əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Beynəlxalq təcrübəyə əsaslanaraq demək olar ki, belə zonalar ilkin mərhələdə anbar və tranzit zonalarından ixrac-istehsalat, daha sonra isə kompleks zonalara çevriliblər. Ekspertlər dünya təcrübəsinə əsaslanaraq göstərirlər ki, ixrac zonaları olmadığı halda, ölkədən əmtəələrin və xidmətlərin ixracı ildə 7%, belə zonalar olduqda isə 20% artır.
Azərbaycanda azad iqtisadi zonaların yaradılması uğurla davam edir. Prezident İlham Əliyevin “Azad iqtisadi zonalar yaradılması işinin sürətləndirilməsi haqqında” 2017-ci il 31 may tarixli Sərəncamında deyilir ki, son illər ərzində aparılan davamlı islahatlar siyasəti respublikamızın iqtisadi qüdrətinin daha da güclənməsinə imkan yaradıb, dinamik sosial-iqtisadi inkişafa təkan verib. Ölkə başçısının iqtisadiyyatın davamlı inkişafı və rəqabətqabiliyyətinin artırılması, Azərbaycanın təchizat, logistika və nəqliyyat mərkəzi kimi mövqeyinin gücləndirilməsi və ölkədə çoxşaxəli nəqliyyat infrastrukturunun yaradılması məqsədilə Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında Sərəncamı, eləcə də bu sahədə görülən işlər, gerçəkləşdirilən irimiqyaslı layihələr respublikamızda məşğulluğu təmin etmək, xarici investisiyaları cəlb etmək, müasir xarici avadanlıq və texnologiya cəlb etmək baxımından mühüm əhəmiyyət daşıyır. Azad iqtisadi zonaların yaradılması, həmçinin istehlak mallarının və xidmətlərinin istehsalını genişləndirmək, idxalı əvəzləyən və ixrac istehsalını inkişaf etdirmək, respublikamızın ayrı-ayrı regionlarının və ərazilərinin iqtisadi və sosial potensialının inkişafı, iqtisadiyyatın real sektoruna investisiyaların cəlb olunması üçün əlverişli şəraitin təmin edilməsi, mövcud iş yerlərinin qorunması və yeni iş yerlərinin yaradılması, müasir texnologiyanın cəlb edilməsi, müasir nəqliyyat, sənaye və sosial infrastrukturun yaradılması və inkişafı, idxalı əvəzləməyə yönəlmiş istehsalın ixrac potensialının və inkişafının artırılması, qeyri-neft sektorunun şaxələndirilməsi işinin sürətləndirilməsi, xarici ölkələrlə ticarət-iqtisadi əməkdaşlığın artırılması istiqamətində ciddi nailiyyətlər əldə olunmasına şərait yaradıb. Yeni iqtisadi zonalar, həmçinin dövlət gəlirlərinin və büdcəyə daxil olan vəsaitin artmasına da səbəb olacaq.
Bu günlərdə Ələt qəsəbəsində 1000 hektar ərazidə, ümumi dəyəri ilkin olaraq 2 milyard manat olmaqla “Azərbaycan-Çin Azad İqtisadi Sənaye Şəhərciyi”nin yaradılması sahəsində əməkdaşlıq haqqında saziş imzalanması bu sahədə atılan ciddi addım kimi qiymətləndirilir.
Sazişə əsasən Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühitindən, eləcə də mövcud xammal və təbii resurslardan səmərəli istifadə etməklə qeyri-neft sektorunun davamlı inkişaf etdirilməsi, müasir texnologiyaların və qabaqcıl idarəetmə təcrübəsini tətbiq etməklə ağır, yüngül sənaye, tikinti, yüksək texnologiyalar və kənd təsərrüfatı sahələrinin qurulması, Logistika Mərkəzlərinin və xidmət sahələrinin yaradılması, “Made in Azerbaijan” brendi ilə rəqabətqabiliyyətli ixracyönümlü məhsulların potensialının artırılması, eyni zamanda potensial Çin şirkətlərinin Azərbaycan bazarlarına inteqrasiya olunması və gələcəkdə “Sənaye Şəhərciyində” istehsal olunacaq məhsulların xarici ölkələrin bazarlarına ixrac olunması əsas hədəflər olaraq müəyyən olunub. Nəzərdə tutulan layihənin icra müddəti 4 (dörd) illik dövrü əhatə edir. Birinci il ərzində ərazidə texniki-layihələndirilmə işlərinin aparılması və infrastrukturun salınması, ikinci ildə tikinti işlərinin aparılması və bir neçə sektor üzrə istehsal sahələrinin istifadəyə verilməsi, növbəti illərdə isə layihə üzrə nəzərdə tutulmuş bütün istehsal və xidmət sahələrinin tikintisinin tam başa çatdırılaraq istifadəyə verilməsi nəzərdə tutulub. Bu saziş üzrə layihənin icra müddəti tam başa çatdıqdan sonra minlərlə yeni iş yerlərinin açılması, ölkəmizin iqtisadi və ixrac potensialının gücləndirilməsinə və “Made in Azerbaijan” brendinin dünya bazarlarına inteqrasiya olunmasna geniş zəmin yaradacaq.
Zahid Rza, “İki sahil”