05 sentyabr 2024 00:44
765

Artıq vaxtıdır!

Mühacirətdə Qərbi Azərbaycan hökuməti yaradılmalıdır

Azərbaycan Ordusu 2023-cü il sentyabrın 19-da həyata keçirdiyi bir günlük lokal antiterror tədbirləri ilə qondarma «dqr»i birdəfəlik tarixin zibilliyinə atdı. Bundan başqa onun qondarma «liderləri» isə həbs edilərək Azərbaycan dövlətinin ədalət mühakiməsinə təhvil verildilər. Həmin vaxt qondarma rejimin butaxılmasına imza atan Samvel Şahramanyan indi Azərbaycanla söz oyununa başlayıb. O, deyir ki, adi bir sənəd dqr-in ləğv edilməsi demək deyil. Hətta bu searatçıbaşı daha dərinə gedərək ləğv edilmiş xuntanın Yerevanda iqamətgahını yaratmağa çalışdı. Lakin bunun Ermənistan üçün başağrısına çevriləcəyinin yaxşı anlayan baş nazir Nikol Paşinyan Şahramanyana sərt təpki göstərdi. Əlbəttə, onların bütün bu iddiaları cəfəngiyyatdır və heç bir hüquqi məna kəsb etmir. Ermənistanın bu cəfəng iddiaların gerçəkləşdirilməsi istiqamətində ciddi addımlar atmağa cəsarəti çatmaz.

Təbii ki, 44 günlük İkinci Qarabağ müharibəsindəhərbi Zəfərimizdən sonra  Azərbaycan dövlətinin növbəti tarixi missiyası Qərbi azərbaycanlıların pozulan hüquqlarını bərpa edərək onları əzəli yurdlarına qovuşdurmaqdır. Prezident İlham Əliyev 2022-ci ilin dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə açıq şəkildə bildirmişdir ki, vaxtilə yurdundan deportasiya edilən yüz minlərlə Qərbi azərbaycanlı soydaşlarımız da tarixi torpaqlarına qovuşacaqlar: «Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar.»

Ermənistanın monoetnik ölkə olması soyqırımların və barbarlığın dövlət siyasəi səviyyəsində yürüdülməsinin təcahürüdür

Bu arada tarixə də  ekskursiya edək. Onda bir daha xatırlayacağıq ki, işğalçı Ermənistan son 110 ildə xalqımıza qarşı necə dəhşətli soyqırımlar və amansız  deportasiyalar həyata keçirib.  Belə ki, tarixi və qədim torpaqlarımız olan Qərbi Azərbaycanda indi bir nəfər də olsun soydaşımız yaşamır. Çünki hayların 200 il əvvəl Cənubi Qafqaza məcburən köçürülməsindən və onların burada məqsədli şəkildə məskunlaşdırılmasından sonra soydaşlarımız tədricən öz doğma yurd- yuvalarından deportasya ediliblər. Bu barbar proses həm Çar Rusiyası, həm də Sovet hökuməti tərəfindən mərhələli  şəkildə hətta bir çox hallarda soyqırımı səviyyəsində həyata keçirilib. Tarixi mənbələrə nəzər salanda aydın şəkildə görünür ki,  son bir əsrdə ermənilər Azərbaycan xalqına qarşı etnik təmizləmə, soyqırımı siyasəti yürüdüblər. Xalqımızın taleyində faciəvi rol oynamış tarixi faktlardan biri də ötən əsrin əvvəllərində  bolşevik Rusiyasının yaratdığı qondarma Ermənistana  tarixi şəhərimiz İrəvanın verilməsi oldu. O dövrdə Azərbaycan Xalq Cümhuriyyətinin  zəifliyi də İrəvanın ermənilərə verilməsinə şərait yaratdı. Bununla kifayətlənməyən ermənilər az sonra  Zəngəzuru və Azərbaycanın bir sıra digər torpaqlarını da Sovet hakimiyyətinin köməyi ilə Ermənistana birləşdirdilər.

Sonrakı dövrlərdə də Hayastanın reallaşdırdığı  etnik təmizləmələrin  və deportasiyaların əsas səbəbi ölkənin milli tərkibinin dəyişdirilməsi olub. Onlar bu barbarlıqları ilə istədiklərinə nail olublar və bu gün Ermənstan dünyada yeganə  monoetnik  ölkədir. Bu proseslər zamanı ermənilər Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan edib, 30 minə yaxın evi dağıdıb və yandırıb, qoca, uşaq və qadınlar da daxil olmaqla, 140 min insanı vəhşicəsinə qətlə yetirib, 750 mindən artıq azərbaycanlı Qərbi Azərbaycandan didərgin salınıb. Sonuncu deportasiyada - 1988-ci ildə isə 250 mindən artıq azərbaycanlı erməni vəhşiliyinə məruz qalaraq doğma yurd-yuvalarını tərk etməli olub. Bundan sonra ermənilər Qərbi Azərbaycandan azərbaycanlıların izini itirmək məqsədilə oradakı qəbiristanlıqları, tarixi-mədəni-dini abidələr, azərbaycanlılara məxsus məktəb, xəstəxana və digər binalar darmadağın edilib. Bundan sonra azərbaycanlıların yüzlərlə qədim yaşayış məskəninin adı dəyişdirilib, ermənisayağı saxta tarix yazılıb.

Strateji hədəfimiz soydaşlarımızın doğma torpaqlarına qayıtmaları  üçün tarixi şəraitin  və beynəlxalq hüquqi bazanın yaradılmasıdır

Qeyd etdiyimiz kimi, qüdrətli Azərbaycan dövləti soydaşlarımızın həmin torpaqlara qayıdışını daim gündəmdə saxlayır. Məhz bu çərçivədə Qərbi Azərbaycandan qovulmuş bütün azərbaycanlıların öz yurdlarına qayıtmaq hüququnu bərpa etmək üçün qəbul edilən «Qərbi Azərbaycana Qayıdış Konsepsiyası» böyük əhəmiyyətə malikdir. Qərbi Azərbaycan İcmasının (QAİ) hazırladığı  «Qayıdış Konsepsiyası» indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz yurdlarına sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasını təmin etməli olan və bu sahədə fəaliyyətinin əsas istiqamətlərini müəyyən edən sənəddir.

Bundan başqa, QAİ-nin vaxtaşırı olaraq yaydığı bəyanatlar daxili və beynəlxalq ictimai rəyin formalaşmasında mühüm rol oynayır. Bu mənada QAİ-nin sentyabrın 3-də yaydığı bəyanat da xüsusi diqqət çəkir. Bəyanatda bildirilir ki, Ermənistan təhlükəli siyasətdən əl çəkməsə Qərbi Azərbaycan hökuməti təsis ediləcək: «Sentyabrın 2-də Ermənistanda revanşist qüvvələrin, qondarma rejimin tör-töküntülərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü təhdid edən təxribatçı açıqlamalarını, o cümlədən Qərbdəki havadarlarına arxalanaraq yenə “beynəlxalq təminat altında Qarabağa qayıdış”dan dəm vuranların biz Qərbi azərbaycanlıların qayıdış hüququnu danmasını kəskin şəkildə pisləyirik»

Bəyanatda, o da vurğulanıb ki, Ermənistan hakimiyyəti hələ də ikili və riyakar siyasəti  iki ölkə arasında sülh müqaviləsinin imzalanmasına mane olur: «Görünən odur ki, Ermənistan hökuməti nəinki bu addımı atmır, əksinə üzdə sülhdən danışaraq kənarda anti-Azərbaycan addımlara rəvac verir. Qərbi Azərbaycan İcmasının Ermənistanın suverenliyini və ərazi bütövlüyünü təhdid etmədiyi halda, özünü “mühacirətdə olan hökumət” kimi qələmə verən qondarma rejimin tör-töküntülərinin, Ermənistanın sabiq xarici işlər nazirinin rəhbərlik etdiyi «repatriasiya» komissiyası”nın Ermənistanda belə rahat fəaliyyət göstərməsi qəbuledilməzdir. Bəyan edirik ki, Ermənistan bu təhlükəli siyasətdən əl çəkməsə, onda biz Azərbaycanda mühacirətdə olan Qərbi Azərbaycan hökumətinin təsis edilməsi istiqamətində işlərə başlayacaq və bu xüsusda, ilk olaraq yeni seçilmiş parlamentdə “Qərbi Azərbaycana qayıdış” komissiyasının yaradılması məqsədilə Milli Məclisə müraciət ünvanlayacağıq».

Qərbi Azərbaycana qayıdış tarixi ədalətin bərpası olacaq

Ümumiyyətlə, nəinki Ermənistan, bir sıra hallarda hətta Avropa ölkələri və ABŞ da azərbaycanlıların və ermənilərin qayıdış hüququna bərabər yanaşmırlar. Belə ki, ermənilərin Qarabağa qayıdış məsələsi qabardıldığı halda, azərbaycanlıların perspektivdə Qərbi Azərbaycana - tarixi torpaqlara qayıtması barədə bir kəlmə də deyilmir. Halbuki azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı tamamilə beynəlxalq hüquqa uyğun olmaqla həm də tarixi ədalətin bərpası deməkdir. Üstəlik, Qərbi Azərbaycan, o cümlədən Zəngəzur, İrəvan, Göyçə tarixi Azərbaycan torpaqlarıdır. Ermənilər isə Qarabağa sonradan yerləşdiriliblər.

Əslində, istər ABŞ, istərsə də Avropa İttifaqı  (Aİ) Qarabağdan könüllü şəkildə köçən ermənilərin yenidən oraya qayıtmalarına cəhd edirlər. Təbii ki, onların  bunu məqsədli şəkildə etdikləri də  şübhə doğurmur. Çünki onlar Cənubi Qafqazla bağlı destruktiv planlarını  məhz Ermənistanın vasitəsilə həyata keçirmək istəyirlər. Hər halda Ermənistanın son vaxtlar Qərbin direktivlərini qeyd-şərtsiz yerinə yetirməsi göstərir ki,  məqsəd bölgədə yenidən müharibəni alovlandırmaqdır. Düzdür, ölkəmiz Azərbaycan vətəndaşlığını qəbul edən Qarabağda yaşamış hər bir erməni üçün burada bərabərhüquqlu şərait yaradacağını dəfələrlə bildirib. Hətta Xankəndidə az da olsa  yaşayan ermənilər var ki, dövlətimiz onların təhlükəsizliyini tamamilə təmin edib.

Bölgəmizdəki  hazırkı  siyasi reallıq belədir ki, Ermənistan qalib Azərbaycanla münasibətlərin normallaşması üçün siyasi iradə ortaya qoymalıdır. Bunun əsas komponentlərindən biri də azərbaycanlıların indiki Ermənistan ərazisinə qayıdış hüququnun rəsmi səviyyədə tanınmasıdır. İrəvan bu çərçivədə destruktiv mövqedən çıxış etdikcə münasibətlərin normallaşması mümkün görünmür. Lakin  Hayastan anlamalıdır ki, Azərbaycanla oyun oynamaq olmaz, əks halda yenidən dəmir yumruğun zərbəsinə tuş gələ bilər.

Bu da bir tarixi faktdır ki, Azərbaycan çox vaxt öz problemlərin öz qüdrətinə güvənərək həll edib. Bu, Qərbi Azərbaycana qayıdış üçün də istisna deyil. Ermənistanın və beynəlxalq ictimaiyyətin azərbaycanlıların qayıdış hüququnu tanımaması perspektivdə Qərbi Azərbaycan hökumətinin təsis edilməsi ilə nəticələnə bilər. Bu, rəsmi Bakının əlini gücləndirən faktor olacaq. Eyni zamanda, bir daha göstərəcək ki, Azərbaycan hökuməti  Qərbi azərbaycanlıları öz doğma torpaqlarına  dinc vasitələrlə qaytarmaqda israrlıdır və buna gücü də çatır.

Bir sözlə, artıq mühacirətdə Qərbi Azərbaycan hökumətinin yaradılmasının vaxtı yetişibOna görə də bundan sonra  azərbaycanlıların öz doğma torpaqlarına qayıdışı məsələsinə daha sistemli yanaşma olmalıdır. Məhz bu səbəbdən də Milli Məclisdə Qərbi Azərbaycana qayıdışla  bağlı xüsusi komissiyanın yaradılması məsələsi də tezliklə gündəmə gətirilməlidir.

Elçin Zaman, «İki sahil»