Bu gün dünya ictimaiyyətini narahat edən təkcə müharibə və münaqişələr deyil. İiqlim dəyişikliyi və onun qarşısının alınması da dünyanın gündəmindədir və bu yöndə mühüm addımlar atılır. Əgər Azərbaycan bu günə qədər Avropanı neft və qaz ilə təchiz edirdisə, artıq ölkəmiz enerji siyasətində yeni bir mərhələyə qədəm qoyub. Bu, bərpaolunan enerji resursları ilə bağlıdır. Ölkəmizin təşəbbüskarı olduğu layihələr təkcə region üçün deyil, dünya miqyasında da böyük əhəmiyyət daşıyır. Bu gün elektrik enerjisinin Avropaya nəql edilməsi üzərində işlər aparılır. Prezident İlham Əliyev Qarabağı və Şərqi Zəngəzuru yaşıl enerji zonası elan edib. Hazırda Azərbaycanın bərpaolunan enerji sahəsində nəhəng potensialı vardır. Dövlət başçımızın qeyd etdiyi kimi, Azərbaycanın bərpaolunan enerji layihələri gündəliyi çox iddialıdır: “Beynəlxalq Maliyyə Korporasiyasının hesablamalarına əsasən, Xəzər dənizinin Azərbaycan sektorunda potensialı 157 giqavat təşkil edir. Biz artıq bu mühüm yolu qət etməyə başlamışıq. Biz ola bilsin ki, 10 ilə ölkədə bərpaolunan enerjidən maksimum dərəcədə istifadə etməyi və daxili bazarda təbii qaz istehlakını azaltmağı planlaşdırırıq.”
Enerji keçidinə xidmət edən bütün istiqamətlərdə Azərbaycan sürətlə irəliləyır. Prezident İlham Əliyevin cari ilin 26 aprel tarixində Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı “Euronews” telekanalına verdiyi müsahibədə bildirib ki, COP üçün yenilik olan bir təşəbbüs Azərbaycan tərəfindən irəli sürülmüşdür. Üçlük, üç ölkə mexanizminin yaradılması. Burada məqsəd bu üçtərəfli əməkdaşlıq formatını yaratmaq üçün Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ), Azərbaycanın və sonra Braziliyanın təcrübəsindən istifadə etməkdir. BƏƏ, Azərbaycan və Braziliya müxtəlif regional, iqtisadi, siyasi və sair məsələlərdə iştirak edirlər.
Azərbaycan dünyanın enerji təhlükəsizliyinin təminatına davamlı töhfələri ilə beynəlxalq ictimaiyyətin diqqətindədir. Artıq enerji resurslarının çatdırılmasında, şaxələnməsində Azərbaycan ciddi tərəfdaş kimi dünya miqyasında tanınmaqdadır. Getdikcə həmin dövlətlərin sayı artır, onların Azərbaycan haqqında fikirləri müsbət istiqamətdə inkişaf edir.
Azərbaycanın iştirakçısı və təşəbbüskarı olduğu enerji layihələri ölkələr, xalqlar arasında körpü roluna yeni əlavələr etməklə tərəfdaşların coğrafiyasının genişlənməsində öz sözünü deyir. Bu fikir Avropa İttifaqı, eyni zamanda, quruma üzv dövlətlərin rəsmiləri tərəfindən xüsusi qeyd edilir ki, Azərbaycan bütün Avropa üçün strateji tərəfdaşdır. Azərbaycanla Avropa İttifaqına üzv olan doqquz ölkə arasında strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu mövcuddur. Mövcud geosiyasi dəyişikliklər fonunda enerji təhlükəsizliyinin təminatına ehtiyacın daha da artdığı hazırkı dövrdə yeni enerji marşrutlarının müəyyənləşdirilməsinə, mövcud potensialın ortaya qoyulmasına zərurət duyulur.
Hazırda ölkəmiz iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə davamlı olaraq öz töhfəsini verib. Bu gün davam edən təşəbbüslər ölkəmizin prosesdə israrlı olduğunu göstərir. Məlumdur ki, Vətən müharibəsindəki Zəfərimizdən sonra regionda yaranan yeni reallıq çərçivəsində Azərbaycanın sosial-iqtisadi və siyasi nailiyyətləri, milli dəyərləri qarşıdakı illərdə də Şərqlə Qərbin qovşağı olan ölkəmizin qüdrətinin daha da artacağına əminlik yaradır. Azərbaycan Prezidenti qəti olaraq o qənaətdədir ki, inkişafın bütün sahələri əhatələməsi üçün sağlam insan konsepsiyasına sadiq qalınması, bu məqsədlə gələcək illərdə iqtisadi və demoqrafik artımdan ətraf mühitə gələ bilən risklərin azaldılması, uzun illər ərzində yaranan ekoloji problemlərin kompleks həlli və bu sahədə davamlı inkişaf zərurətdir. 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə Azərbaycanın 2030-cu ilə qədərki sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərini müəyyənləşdirərkən Prezident İlham Əliyev qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməsi, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpasının təşviq edilməsini bir vəzifə olaraq müəyyən edib. Azərbaycanda yüksək keyfiyyətli ekoloji mühitə və yaşıl enerji məkanına nail olmaq üçün isə ötən dövrdə, xüsusən ərazi bütövlüyümüzün bərpa olunduğu son 4 ilə yaxın bir müddət ərzində iqtisadi artımla ekoloji mühitin tarazlığının təmin olunması, ölkədə ümumi ərazilərdə yaşıllıqların payının artırılması istiqamətində konkret addımlar atılır.
Azərbaycan 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını təsdiqləyib. 2000-ci il iyulun 18-də istilik effekti yaradan qazların azaldılmasına dair öhdəliklərin ehtiva olunduğu Kioto Protokolunu ratifikasiya ediİ, 2016-cı il aprelin 22-də isə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Paris Razılaşmasının imzalanma mərasimində iştirak etməklə bu sənədə qoşulub. Dövlət başçımızın “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” olmağı milli prioritet kimi müəyyən etməsi əslində həm də Azərbaycanın növbəti dəfə beynəlxalq hüquqa sədaqəti, o cümlədən beynəlxalq müqavilələrlə üzərinə götürdüyü öhdəliklərə vicdanlı yanaşmasının bariz nümunəsidir. Bildiyimiz kimi, 30 illik işğal dövründə ərazilərimiz yaşıllıqların məhv edilməsi, yandırılması, təbii sərvətlərin talanması fonunda ekosidə məruz qalıb. Azərbaycan işğala son qoymaqla əslində həm də davam edən böyük bir ekoloji fəlakətin qarşısını almış oldu. Bu gün isə ölkənin perspektiv iqtisadi inkişafı ilə bərabər, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində mühüm addımlar atılır. Məhz bu inkaredilməz amillər qarşısında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərar verildi. Prezident İlham Əliyevin də ifadə etdiyi kimi, bu, beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir: «Azərbaycanda tədbir zamanı qlobal əhəmiyyətli məsələlər müzakirə olunacaq. Qlobal Cənub və Qərb və iqlim dəyişikliyi məsələlərinin öhdəsindən gəlmək üçün birlikdə bu prosesdə necə iştirak etməliyik, həmrəyliyi, ortaq məsuliyyəti necə gücləndirməliyik və iqlim dəyişikliyi məsələləri ilə bağlı müəyyən inamsızlığı necə azaltmalıyıq kimi məsələlər fərqli yanaşmalar kontekstində aktiv şəkildə müzakirə olunacaqlar».
Bu gün Avropa üçün Azərbaycan enerjisi bir ümiddir. Enerji imkanlarımız genişləndikcə ixrac potensialı da artır və yeni əməkdaşlıq platformaları yaranır. Bu isə həm iqtisadi, həm də siyasi dividendlər deməkdir. Alternativ enerji mənbələrinin yaradılması, yaşıl enerji sektorunda reallaşdırılan dünya miqyaslı layihələr ölkəmizin gücünü daha da artırır.
Şəmsiyyə Əliqızı, “İki sahil”