23 noyabr 2017 23:48
1415

Azərbaycan iqtisadiyyatı daha sürətlə şaxələndiriləcək

2018-ci ildə dövlət büdcəsi hesabına iqtisadiyyata veriləcək əlavə stimullar ümumi iqtisadi aktivliyi artıracaq

Növbəti illərdə Azərbaycan iqtisadiyyatı daha sürətlə şaxələndiriləcək.  Bunu ötən gün Bakıda keçirilən II Bankçılıq Forumunda çıxış edən iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib. Onun sözlərinə görə, növbəti illərdə ölkədə bir sıra sənaye müəssisələrinin açılışı olacaq.

Ölkə iqtisadiyyatının şaxələndirilməsi gəlirlərin də şaxələndirilməsi ilə yanaşı, onu xarici şoklardan da maksimum dərəcə qorumağa imkan verir. Aydın məsələdir ki, kiçik iqtisadiyyatlara malik   ölkələr dünya iqtisadiyyatında baş verən proseslərin daha çox təsirlərin qala bilirlər. Bu baxımdan da  qeyri-neft sektorunun ÜDM-dəki payının artırılması, eyni zamanda şaxələndirilməsi prioritet təşkil edir.

İndiyədək qeyri-neft sektorunun şaxələndirilməsi istiqamətində atılan addımlar ölkə iqtisadiyyatının inkişafına xidmət edib və bu proses davam etməkdədir. Nəticədə neft gəlirlərinin azalmasına baxmayaraq Azərbaycanın “Doing Business” və Qlobal Rəqabətlilik hesabatlarında irəliləməsi və ən islahatçı ölkələr sırasına yüksəlməsi, eyni zamanda, bu ilin on ayında qeyri-neft ÜDM-in 2,1 faiz və ixracının 23 faiz artması, strateji valyuta ehtiyatlarının 42 milyard dollara çatması birbaşa islahatların nəticəsidir. Söhbət ondan gedir ki, neft-qaz gəlirlərindən asılı olmayaraq bu  islahatların davam edəcəyi nəzərdə tutulub ki,  bu da qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi ilə ÜDM-də bu sektorun payının, eyni zamanda  ixrac imkanlarını artıracaq.

Qeyd etmək lazımdır ki, uğurla həyata keçirilən neft strategiyası əsasında əldə olunmuş gəlirlər hesabına ölkədə sosial-iqtisadi infrastruktur modernləşib, qeyri-neft iqtisadiyyatı inkişaf edib, sosial rifah daha da yaxşılaşdırılıb, ÜDM-in həcmini aşan səviyyədə strateji valyuta ehtiyatları yaradılıb. Bununla belə, 2014-cü ildən başlayaraq neft qiymətlərinin kəskin azalması və ticarət tərəfdaşı ölkələrində iqtisadi böhran nəticəsində ölkədə iqtisadi artım sürətinin azalması, institusional və struktur çağırışlar, tədiyyə balansı və  maliyyə-bank sektorunda baş verən proseslər fonunda Azərbaycanda yeni iqtisadi inkişaf yanaşmasına keçid zərurəti yaranmışdı. Nəticədə ölkə iqtisadiyyatının davamlı inkişafını təmin edəcək yüksək rentabelli sektorların üzərində fokuslanmaqla, iqtisadiyyatın strukturu hasilata nisbətən emalın, dövlət sahibkarlığına nisbətən özəl sahibkarlığın, aşağı texnologiya tutumlu sektorlara nisbətən yüksək texnologiyalara əsaslan sektorların, aşağıixtisaslı əməyə nisbətən yüksəkixtisaslı əməyə əsaslanan sahələrin, azgəlirli bazarlara nisbətən yüksəkgəlirli bazarların və aşağı dəyər yaradan sektorlara nisbətən yüksək dəyər yaradan sektorların daha üstün artımı hesabına yenidən  balanslaşdırılması nəzərdə tutan  milli iqtisadiyyat və iqtisadiyyatın 11 sektoru üzrə ümumilikdə 12 strateji yol xəritəsi hazırlanıb və bu ildən tətbiqinə başlanılıb. Sənədin yarımillik monitorinq və qiymətləndirmə hesabatları artıq ilkin nəticələrin də əldə olunduğunu deməyə imkan verir.  

Ümumilikdə ölkə iqtisadiyyatının strukturunun yenilənməsi biznes mühitinin daha da yaxşılaşdırılması, ortamüddətli strategiya çərçivəsində yeni siyasətin tətbiq edilməsi, maliyyə-bank sisteminin sağlamlaşdırılması və monetar siyasətin üzən məzənnə rejimi üzərində təkmilləşdirilməsi, habelə xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi ilə mümkünlüyü təmin ediləcək.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının sözlərinə görə, ölkədə qeyri-neft ixracının və başda turizm olmaqla xidmətlərin səviyyəsinin artması, idxalın əvəzlənməsi hesabına ölkəyə valyuta mədaxili kanalları çeşidinin və miqyasının artması milli valyutanın dayanıqlılığı üçün əlavə imkanlar yaradacaq.

V. Qasımlı qeyd edib ki, 2018-ci ildə dövlət büdcəsi hesabına iqtisadiyyata veriləcək əlavə stimullar ümumi iqtisadi aktivliyi artıracaq. Bununla da maliyyə-bank sektoru üçün əlverişli şərait yaranacaq ki, onlar bundan, həmçinin Kredit Zəmanət Fondu və aqrar sığorta mexanizmindən yararlanmaqla real iqtisadiyyatın maliyyələşdirilməsini sürətləndirmək imkanı qazanacaqlar.

Ceyhun Piriyev, “İki sahil”