Ermənistan hələ də Kremlin səbrini daşırmaqla məşğuldur
Ermənistanda baş verən son qarşıdurmalardan da aydın görünür ki, bu ölkədəki revanşistlər ciddi şəkildə fəallaşıblar. Xüsusilə Azərbaycanla Ermənistan arasında sərhədlərin demarkasiya prosesinə start verildikdən sonra bu qarşıdurma daha da genişlənib. Belə ki, son bir ayda iki ölkə arasında münasibətlərin normallaşmasının əleyhinə çıxış edən qüvvələr keşiş Baqrat Qalstanyanın yaratdığı «Vətən naminə Tavuş» hərəkatının ətrafında birləşərək mitinq və küçə yürüşləri keçirirdilər. Görünən odur ki, Ermənistanın keçmiş prezidentləri, «Qarabağ klanı»nın əsas liderləri Robert Koçaryanla, Serjik Sarkisyan bu qarşıdurmanın əsas qüvvələridir.
Onları qorxudan demarkasiya prosesinin ardınca sülh müqaviləsinin imzalanmasının gəlməsidir. Sülh müqaviləsi isə iki ölkə arasında bir sıra sahələrdə əlaqələrin qurulmasına imkan yaradacaq. Təbii ki, hadisələrin sonrakı inkişafı Azərbaycana qarşı müxtəlif hərbi cinayətlər törətmiş Koçaryan və Sarkisyan barədə cinayət işinin başladılması, hətta onların Bakıya ekstradisiya edilməsinədək uzana bilər. Keçmiş xuntanın rəhbərləri ilə birgə Bakı təcridxanalarında «dincəlmək» qorxusu onları məcbur edir ki, Ermənistanın mövcud hakimiyyətini devirsinlər. Sonrakı prosesdə isə o niyyətdədirlər ki, müvəqqəti keçid hökuməti yaradaraq yenidən saxta seçkilər keçirməklə hakimiyyəti zəbt etsinlər.
Sabiq prezident, Xocalı soyqırımının təşkilatlarından biri və iştirakçısı Serjik Sarkisyan mətbuata müsahibələrində bildirib ki, sülh prosesində Alma-Ata Bəyannaməsi onun ölkəsinə sərf etmir. Həmçinin Sarkisyanın qənaətinə görə, Prezident İlham Əliyevin Nikol Paşinyanla beynəlxalq aktorların vasitəçiliyi olmadan birbaşa danışıqlar aparması da Hayastanın xeyrinə deyil. Onun iddiasına görə, Nikol Paşinyanın hakimiyyətini devirməklə xaricdəki ermənipərəst vasitəçiləri də müzakirələrə cəlb etmək olar.
Təbii ki, sülh danışıqlarına yenidən vasitəçiləri cəlb etmək bu prosesi ləngitməyə xidmət edir. Hətta bu işə ATƏT-in keçmiş Minsk qrupunu da cəlb etmək istəyirlər. Bu həmin Minsk qrupudur ki, 30 il ərzində ermənipərəst mövqe sərgiləməklə Azərbaycan torpaqlarının işğaldan azad olunmasına mane olurdu. Qeyd edək ki, hələ 2023-cü ildən Prezident İlham Əliyev Ermənistanla danışıqların birbaşa -vasitəçilərsiz olması ilə bağlı mövqeyini sərgiləmişdi. Dövlətimizin başçısı bildirmişdi ki, artıq vasitəçilərə ehtiyac yoxdur və Azərbaycanla Ermənistan sülh sazişini beynəlxalq hüquq normalarına və ərazi bütövlüyü prinsiplərinə uyğun imzalamalıdırlar. Əks halda, bölgədə yenidən müharibə başlayar ki, bu da Ermənistanın tamamilə məhv olmasına gətirib çıxara bilər. Ona görə də rəsmi İrəvan bu gün revanşistlərdən daha ağıllı tərpənərək Azərbaycanın haqlı şərtləri ilə razılaşmağa meyillidir.
Lakin hazırda Ermənistanın Qərbin regional forpostuna çevrilməsi prosesi davam etdiyindən Nikol Paşinyan hakimiyyətinin sülh sazişinin imzalanmasında tərəddüdləri var. Xüsusilə Avropa İttifaqı (Aİ) və ABŞ Ermənistanı sülh müqaviləsindən yayındırmaqla məşğuldurlar. Halbuki, indiki məqamda Ermənistanın blokadadan çıxarılaraq, iqtisadi inkişaf mərhələsinə keçid etməsi üçün Azərbaycanla yekun sülh sazişini imzalaması, Türkiyə ilə münasibətlərini normallaşdırması taleyüklü xarakter daşıyır.
Digər tərəfdən, Zəngəzur dəhlizinin açılması da Ermənistana yeni inkişaf perspektivi vəd edir. Ancaq ABŞ və Qərb rəsmi İrəvana bu məsələnin həlli ilə bağlı öz üzərinə götürdüyü siyasi-hüquqi öhdəliklərin icra olunmasını birmənalı şəkildə qadağan edib. Ona görə də Ermənistan bir tərəfdən, külli miqdarda gəlir mənbəyindən məhrum edilmiş vəziyyətə düşüb. Eyni zamanda, Hayastan həm də, Qərb maliyyə qurumlarından alınan kreditlərin hesabına mövcudluğunu qorumağa çalışan dövlətə çevrilib. Məhz bu səbəbdən də hazırda Ermənistanın dövlət borcu artıq 10 milyard dolları keçib.
Təbii ki, bütün bunlar Paşinyan hakimiyyətinin ölkəsini iflasa sürükləməsində qətiyyən son hədd sayılmır. Belə ki, ABŞ-dan gələn təlimatalarda tələb edilir ki, Ermənistan qısa müddətdə Rusiyaya bağlı hərbi-siyasi platformalardan çıxsın. Bu isə Hayastan üçün yeni hərbi-siyasi kataklizmlər vəd edir. Məsələ ondadır ki, Qərb siyasi dairələri Ermənistanın Rusiya patronajlığı altında olan Avrasiya İqtisadi İttifaqını (Aİİ) və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) rəsmən tərk etməsini istəyirlər. Halbuki, Paşinyan hakimiyyəti də anlayır ki, belə radikal qərarlar Ermənistanı təhlükəyə ata bilər. Çünki Ermənistan üçün hələlik Aİİ-nin və KTMT-nın alternativi yoxdur. Yəni, Ermənistanın hazırda bütün iqtisadi-ticari fəaliyyəti məhz Aİİ-yə bağlıdır. Bu ölkənin xarici ticarət gəlirlərində bu qurum sayəsində malik olduğu güzəştlər böyük əhəmiyyət daşıyır. Bir sözlə, Ermənistan iqtisadiyyatı Rusiyadan idxal faktorundan asılı vəziyyətdədir. Aİİnin tərk edilməsi və Rusiya ilə ticarətdən imtina olunması Ermənistanın idxal və ixrac əməliyyatlarını minumuma sala bilər ki, bu da Ermənistan iqtisadiyyatının tamamilə çökə biləcəyinə işarədir.
Eyni vəziyyət bu ölkənin KTMT üzvlüyünə də birbaşa aiddir. Belə ki, Ermənistanın daxil olduğu yeganə təhlükəsizlik məkanı KTMT-dir KTMT-də isə söz sahibi Rusiyadır. Əgər rəsmi İrəvan Qərbdən gələn təlimatlarla Rusiya ilə hərbi müttəfiqliyi pozarsa və KTMT-ni tərk edərsə, tamamilə müdafiəsiz qalacaq. Çünki Yaxın 15-20 ildə Ermənistanın NATO ya üzvlüyü sadəcə xəyaldır . Məsələ ondadır ki, Rusiya bu barədə Ermənistana davamlı olaraq xəbərdarlıq edir. Hətta Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, Ermənistanın KTMT çərçivəsində fəaliyyətini yenidən bərpa edəcəyinə ümidlidirlər. Moskvanın bu mesajına cavabında isə rəsmi İrəvan bildirib ki, onlar hələlik daha ciddi işlərlə məşğuldurlar. Bu isə bir daha təsdiq edir ki, Ermənistan Rusiya ilə əvvəlki münasibətlər sisteminə dönmək niyyətində deyil. Hətta bəzi informasiyalara görə, Paşinyan hakimiyyəti Rusiya ilə münasibətləri tamamilə korlaya biləcək addımlar atmağa, yəni KTMT-ni tərk etməyə hazırlaşır. Əgər bu, reallığa çevrilərsə Kremlin Ermənistanı yenidən Rusiyanın orbitinə qaytarması üçün hərbi variantlara əl atacağı da istisna edilmir. Bir sözlə, Paşinyan məşhur «rus ruleti» oynamağa həvəslənib. Lakin o da məlumdur ki, bu oyun güllənin başa çaxılması ilə nəticələnir.
Elçin Zaman, «İki sahil»