07 sentyabr 2024 14:00
319

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi "Formula 1" yarışları ilə əlaqədar tədbirlər keçirir

13-15 sentyabr tarixlərində Bakıda keçiriləcək "Formula 1" yarışları ilə əlaqədar Nəqliyyat və Xüsusi Texnika İdarəsinin 2 saylı qarajında təşkil olunan növbəti tədbirdə xüsusi texnika və nəqliyyat vasitələrinə baxış keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İdarə Heyətinin sədri Köçərli Həsənov, sədr müavini Tahir Xəlilov, Nəqliyyat və Xüsusi Texnika İdarəsinin rəisi Samir Cəbrayılov və əməkdaşlar iştirak ediblər.

İdarə rəisi Samir Cəbrayılov heyətin hazırlıq səviyyəsi ilə  bağlı ətraflı məlumat verərək qeyd edib ki, xüsusi texnika və nəqliyyat vasitələri normativ qaydalara uyğunlaşdırılıb. İdarənin nəzdində olan bütün növ avtomobillər baxışdan keçirilib, istismara yararlı vəziyyətə gətirilib.

Qarajda 44 xüsusi texnika və nəqliyyat vasitəsi gücləndirilmiş iş rejimində işləməyə tam hazır vəziyyətdədir. Nasaz vəziyyətdə olan nəqliyyat vasitələri tam bərpa edilib.

Xatırladaq ki, "Formula 1" yarışları ilə əlaqədar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətində xüsusi komissiya yaradılıb. İdarə heyəti və işçi qrupundan ibarət komissiyanın təsdiq etdiyi plana uyğun olaraq tədbirlər davam etdirilir.